GündəmManşetXəbər xətti

Nadir Adilovdan gənclərə 100 yenilənmiş məsləhət

Hüquq üzrə fəlsəfə doktoru, dosent, “Gəncsən? Başla!”, “Məqsədlisən?!” kitablarının müəllifi, “Könüllülük: uğur formulu” kitabının isə həmmüəllifi, işgüzar inkişaf yazarı Nadir Adilov sosial şəbəkədə olduqca maraqlı, nəsihətamiz bir yazı paylaşıb.

Ənənəsinə sadiq qalan N.Adilov öz ad günü münasibəti ilə gəncləri 100 yenilənmiş məsləhətlə təbrik edib.

Vaxtaşırı maraqlı insanların maraqlı yazılarını, qeydlərini tirajlamaq ənənəsinə sadiq olaraq Nadir Adilovun bu yazısını oxucularına təqdim edirik.

N.Adilovun yazısı aşağıdakı kimidir:

Əziz gənclər, əziz oxucular, əziz dostlar. Ad günü təbriklərinizə görə təşəkkür edirəm. Bu təbriklərə biganə və hədiyyəsiz qala bilməzdim. Yenilənmiş 100 yeni məsləhətimi ad günüm hədiyyəsi kimi qəbul edin xahiş edirəm.

1. Ölkə başçısı cənab Prezident İlham Əliyev və 1-ci Vitse -Prezident Mehriban Əliyevanın bütün təşəbbüs və çağırışlarını dəstəkləyin. Onların həyata keçirdiyi siyasətin yanında olun.

2. Gündəlik, həftəlik aylıq və illik planlarınızı tərtib edin. Planlarınızda mütləq səyahətlər və əyləncə də olsun.

3. Müəllimlərinizə hörmətlə yanaşın. Keçmiş müəllimlərinizi ziyarət edin. Onları dinləyin. Uğurlarınızı onlarla bölüşün.

4. Valideynlərinizə vaxt ayırın. Onlarla bərabər istirahət edin. Ən az sizin qədər onların da buna ehtiyacı var.

5. Özünüzü yetişdirməyə çalışın. Səhv etməkdən qorxmayın. Kiçik səhvlər edə-edə hər gün yeni bir şey öyrənin. Amma ruhdan düşməyin

6. Yalan danışmayın, yola verənlərdən olmayın, dürüst olun. Unutmayın, düz xətt bütün əyri xətləri kəsir.

7. Bağışlamağı bacarın. Sizə pislik etmiş hər kəsi bağışlayın.

8. Üzr istəməyi bacarın. Şəxsinə qarşı səhv etdiyiniz hər kəsdən üzr istəyin.

9. Karyerist olmaq yox, bilik toplamağa çalışın. O biliklər sizə qazanc gətirəcək.

10. Təcrübənizi və səhvlərinizin nəticəsini bölüşməkdən çəkinməyin.

11.Sosial şəbəkələrdən işgüzar inkişafınız üçün faydalanın.

12.Hər həftə bir kitab oxuyun. Məhəmməd Əsəd bəyin isə bütün kitablarını oxuyun.

13.Könüllü olun, xeyirxahlıq etməyə tələsin. Bir gün mütləq qarşınıza çıxacaq.

14.Yapon dilini öyrənin, Yaponiyada təhsil alın.

15.Çin dilini öyrənin, Çində təhsil alın.

16.Cənubi Koreya dilini öyrənin və orda təhsil alın.

17.Rus dilini öyrənin. İmkan olsa Rusiyada da təhsil alın.

18.İngilis dilini öyrənin.

19.Etiraf etməkdən çəkinməyin. Bu, sizin böyüklüyünüzdür.

20.Sizə yaxşılıq etmiş insanların yaxşılığını unutmayın, nankorluq etməyin. Onlara təşəkkür etməyi bacarın.

21.Etdiyiniz yaxşılığı da başa vurmayın. Etdiyiniz yaxşılıq üçün təşəkkür gözləyənlərdən heç olmayın.

22.Utanmayın, fiziki işlərdə işləyin, publik məkanalarda, sizi tanıyanlarla üz-üzə gələcəyinizi düşünsəniz də, zəhmətə qatlaşaraq işləməkdən qorxmayın, çörək qazanmaq ayıb deyil.

23.Kasıb olmağınızdan utanmayın, varlı olmağınızla da heç öyünməyin. “Heç nə sizin deyildir, sizə əmanət edilmişdir” şüarı ilə yaşayın.

24.Pozitiv olun, ağlayıb – sızlayanlardan, narazılardan, nankorlardan, bütün günü deyinənlərdən, mız-mızlardan olmayın.

25.İlahi ədalətin olduğuna inanın. İlahi ədalətə güvənin.

26.Heç kəsə pislik və paxıllıq etməyin. Heç qibtə də etməyin.

27.Çayxanalara gedirsinizə, hər dəfə bunu səmərəli bir müzakirə predmetinə çevirin. Məsələn, bir dəfə xaricdə pulsuz təhsil, növbəti dəfə yapon dilini necə pulsuz öyrənək mövzusunu müzakirə edin. Qeybət yox, müzakirə üçün mövzularınız olsun.

28.İntiriqant şəxslərlə dost olmayın, əgər belə dostlarınız varsa həmən onlardan uzaqlaşın. Bir gün belə dostlar sizi öz intriqasının qurbanına çevirə və yaxud da öz intriqasında alət edə bilər. Bu isə sizin üçün ömürlük mənəvi zərbə olar.

29.Qeybət edənlərdən yox, qiymət verənlərdən olun. Qeybət əsasında verilən informasiya ilə isə heç qərar verənlərdən olmayın.

30.Dostlarınızı seçməyin, çünki həyat özü onları sizin üçün seçəcək. Özünüzdən böyük, ağıllı, təcrübəli, sizi öyrədə biləcək adamlarla dostluq edin.

31. Şəraitə uyğun dostlar seçməyin. Dostlara uyğun şərait seçin.
Hər bir şəraitdə dost hesab etdiyin hər kəslə eyni məsafədə dayanmağı bacarın.
Çünki zamanın, məkanın diktəsi, meydana çıxan reallıq və şərait əsl dostları özü sizin üçün seçəcək.
O zaman, ürəkli olaraq “dostum var” deyə biləcəksiz.

32.Məqalələr, bloqlar yazın, peşəkar jurnalistlər və media orqanları ilə dost olun, onlardan öyrənin.

33.Keçmişdə qalmayın, köhnə inciklikləri unudun. İrəli baxın, köhnə incikliklər yaddaşı dolmuş telefona bənzəyir. “Update” ola bilmir, yükdən çökür. “Update” olanlardan olun.

34.Mübahisə etməyin. Səbirli olun. Sadəcə bütün mübahisələrdən nəticə çıxarın.

35. Ödəmə terminallarda, ödəmə aparatlarında xeyriyyə bölməsi var. Məbləğ önəmli deyil, əsas odur, kiçik də olsa xeyirxahlıq edin, xeyriyyəçi olun.

36.Müasir İKT biliklərinizi tətbiq edəcəyiniz qədər artırın. Davamlı öyrənin və bu bilikləri şəxsi inkişafınıza yönəldin.

37.Fiziki əngəlli şəxslərə nəzakətli və dost kimi davranın, onların özünü ifadə etmələri üçün imkanlarınız daxilində şərait yaradın.

38.Romantik olmayın, romantik xəyallarla yaşamayın. Hisslərinizin qurbanı olmayın.

39.Teatra gedin teatra pul xərcələməkdən çəkinməyin. Dostlarınızı teatra dəvət edin.

40.Təlim maşınları vasitəsi ilə avtomobil sürməyi öyrənin. Sürücülük vəsiqəsinə sahiblənin, fərqi yoxdur, qızsınız və ya oğlan.

41.Əlinizdəki mobil telefonun bütün funksiyalarını işlədin. Gözəl telefonunuz olsun, “whatssap”, sosal şəbəkələr və zənglərə cavab verməklə kifayətlənməyin. Görüşlər, planalaşdırma və sair üçün çoxlu imkanların var, bu funksiyaları da işlədin, işgüzar mühitə adaptasiya olun.

42.Sosial şəbəkələrdə keçmişinizdən, keçmiş uğurlarınızdan bəhs edən yazılar, şəkillər paylaşmayın. Bu gün etdiyiniz və sabah edəcəyiniz işin şəkilini ağlınızda canlandırın. Gələcəyin mənzərəsini düşünün.

43.Banklarla və bank sistemləri ilə işləməyi öyrənin, ən azı bir bank kartınız olsun. Ödənişlər etmək, ödənişlər qəbul etmək və sair. Maliyyə təsəvvürlərinizin ilk elementləri olacaq.

44.Ekspertlərə yalnız qərarlarınızı müqayisələndirmək üçün qulaq asın, amma nəticəyə özünüz gəlin.

45.Korporativ geyim stili tələb edilmirsə, kostyum, qalstukla yatıb-durmayın. Gənc kimi geyinin, azad geyinin. Yalnız ağ-qara geyinməyin. Azad olun. Şortik də geyinin.

46.Azərbaycanın bütün yerlərini gəzin, bütün bölgələrdə olun, əgər tələbə yoldaşlarınız qrupda 20 rayonu əhatə edirsə, başınızın üstündə 20 damınız var. Həmin dostlarınızın rayonlardakı evlərinə gedin, bölgələri daha yaxşı tanıyın. Qaynayın, qarışın.

47.Doğma yerləri sevin, amma regionçu və yerlibaz olmayın, regionçu və yerlibaz olanlardan da uzaq olun, onları öz dar düşüncələri ilə baş-başa, sakit və rahat buraxın.

48.Dövlətə, dövlətçiliyə fayda verəcək bütün işlərdə könüllü olun. Dövlətin bu sahədə bütün çağırışlarına hazır olun.

49.Qohum nikahlarından qaçın, belə nikahlardan uzaq olun.

50.Qənaətcil olun, hər gün 10 qəpik də olsa qənaət edin, bədxərc olmayın. Ata-ana pulunu dağıdanlardan heç olmayın.

51.Sözünüzə bütöv olun, sözlərinizi, vədlərinizi kaprizlərinizə və bəhanələrinizə qurban verməyin.

52.Özünüzü yüksəltmək üçün dostlarınızı əzməyin, onları alçaltmayın.

53.Ciddi, ad-soyadınızı dəqiq ifadə edən e-maillər, sosial şəbəkə hesabları açın. “bomba oğlan”, “qəşəng qız”, “fidaşka-milaşka”, “mavi gözlu”, “sözün deyən oğlan” və sair bu tipli yüzlərlə vulqar özünü ifadələrdən qaçın.

54.Özünüz olun, özünüz kimi olun. “Copy Paste” olmayın. Unutmayın, sizdən bir dənədir, xarakterinizi özünüzə uyğun məcrada formalaşdırın.

55.Qadın və qızlara qarşı əsl qafqazlı kişisi kimi davranın. Mərd olun, dürüst və cəsarətli olun, qadına qarşı şiddəti qınayın, qadına qarşı zorakılığa yox deyin.

56.Uşaqlara qayğı göstərin, onlar bunu sizin yaşınıza çatanadək heç zaman unutmayacaq.

57.Heç kəslə konfliktə getməyin, küsülü qalmayın, kin saxlamayın.

58.Sizə lazım olacaq dərsləri və xüsusən də ixtiasasınızı yaxşı öyrənin. Qalan məsələlər epizodikdir.

59.Gələcəkdə qurmaq isətdiyiniz karyeradan asılı olmadan kouçinqlərdə və işgüzar inkişaf kurslarında dinləyici olun, buna pul xərcləməkdə xəsislik etməyin.

60.CV-nizi 4-cü kursadək parlaq qurun ki, 4-cü kursda ciddi nəticələrə nail olmuş bir məzun kimi nəticələriniz olsun.

61.Heç kəsdən heç nə ummayın. Heç kəsin sizə və ya bizə borcu yoxdur.

62.Çox yeməyin, gündə 3 dəfə yeməsəniz, dünya dağılmaz.

63.Unutmayın heç kəsin sizə yaxşılıq etmək və ya dəstək vermək kimi bir borcu yoxdur. Məhz buna görə də heç kəsi qınamayın. Heç kəsdən heç nə gözləməyin, heç kəsdən umub – küsməyin.

64.Davranışlarınızda nəcib olun, alicənablıq edin, kübar davranın.

65.Xarici ölkələrdə keçirilən kurslar və ixtisas kurslarında qənaət etdiyiniz vəsaitlə mütləq iştirak edin. Bacarsanız investor cəlb edin.

66.Karyerist olmayın, karyerist olmaq sizi simasız edəcək, gözəl karyeranız ola bilər, amma bu karyeranı əhatə edəcək təmiz simanız olmasa karyeranızın heç bir ictimai önəmi olmayacaq.

67.Çörəyinizi, son tikənizi bölüşməkdən çəkinməyin.

68. Təcrübəni özündən gənc və təcrübəsiz gənclərə ötürün, dəstək olun, bölüşün.

69.Heç zaman etdiyiniz yaxşılıq üçün minnət qoymayın. Qaşıqla verib, çömçə ilə təpəyə vuranlardan olmayın.

70.Populizmdən uzaq olun, populist olmayın.

71.Buxara, milli papağınız, çərkəzi geyiminiz olsun.

72.Üzr istəməyi bacarın, səhv etmisinizsə üzr istəyin.

73.Valideynlərinizə heç vaxt laqeyd qalmayın, ata və ananızla fəxr edin, onlara dəstək olun.

74.Xeyir işlərə və hüzünlü günlərə yarıyanlardan olun.

75.Xoşbəxt görsənirsənmiş kimi şəkillər paylaşmayın, xoşbəxtliyin şəkili olmur. Xoşbəxt olun.

76.Muzeylərə gedin, “şelfi”lərinizi muzeylərdən edin.

77.Şəhidlər xiyabanını və fəxri xiyabanı tez-tez ziyarət edin, ehtiramınızı göstərin. Bu xiyabanlar xalqımızın yaddaş muzeyləridir.

78.Naxçıvan Muxtar Respublikasını mütləq ziyarət edin, dünyaca məşhur məkanlarını gəzin, görməli yerləri görün, ölkəmizin bir parçası olun.

79.İdeyalarınızı yazın, onları reallaşdırılmasına kömək edə biləcək insanlardan kömək istəməkdən utanmayın.

80.Cəsartəli olun, iştirakınız tələb olunan işlərdə nənə, babam öldü deyib aradan çıxmayın, bəhanə gətirənlərdən heç olmayın.

81.Qohumlar, valideynlər, dostların bacarığı ilə öyünməyin. Bacarığınıza öz imzanızı atın, öz adınızı yazın.

82.Nə isə bacarmadığınızdan utanmayın, bu bacarığınızı inkişaf etdirmək niyyətinin olmamasından utanın.

83.Yeyib – içən oğlanlardan olmayın, deyib edən oğlanlardan olun.

84.Rəssamların sərgilərinə gedin, görüşün, tanış olun, rəssam dostunuz olsun.

85.Milli rəqsləri öyrənin, kurslara gedin.

86.İT (informasiya texnologiyaları) mütəxəssisləri ilə dostluq, yoldaşlıq edin, onlardan çox şey öyrənəcəksiz.

87.Heç kəsi qınaq obyekti etməyin. Arxaca danışmayın, heç kəsi qınaq obyekti etməyin. Sözünüz var üzə deyənlərdən olun. Arxaca danışanlara heç inanmayın.

88. Ruhdan düşməyin, bacarıqlarınızı məhdudlaşdırmayın. Davam edin.

89.Bacarıqlar idman hərəkətləri kimidir, daima gərək onu formada saxlayasan, məhz buna görə də hərəkətsiz olduğun dövrlərdə belə bacarıqlarını inkişaf etdir, master klaslar, layihələr edin, bir idmançının qala biləcəyi qıvraq bir formada qalın.

90.Təşəbbüslər etməkdən qorxmayın, təşəbbüslər cəzalandırılır misalına inanmayın, bu misal keçmişə və despotik cəmiyyətlərə xasdır, biz isə demokratik, gözəl və azad dövlətdə yaşayırıq. Təşəbbüskar olun.

91.Özünüzdən təcrübəli dostlarınızı çaya və ya yeməyə dəvət edin, onlarla təşəbbüslərinizi və ideyalarınızı bölüşün, dəstək istəyin.

92.Özünüzü ağıllı hesab etməyin, ağıllı olun.

93.Dövlət və dövlətçilik əleyhinə heç bir səhvə yol verməyin. Bunu heç ağlınızın ucundan belə keçirməyi düşünməyin.

94.Təhlükəsizlik qaydalarına əməl etmək və müvafiq orqanla razılaşdırlmaqla dağları gəzin.

95.Üzməyi öyrənin.

96.Paraşütdən tullanın.

97.Hər gün ən azı 15 km piyada gəzin.

98.Haştağlardan öz doğma ana dilimizdə istifadə edin, ə,ö,ü, hərfləri klavyaturada olmayan qədim dövrlərdə haştağlar ana dilimizdə yazılmırdı. İndi bütün telefon, kompüter və planşetlərdə ana dilimizin bütün hərfləri var. Təbii xarici dillərdə həmin dillərin haştağlarından istifadə edin.

99.Daha fərqli və daha müdrik olmağa çalışın, amma əməllərdə.

100.Əcnəbi dostlarınıza, onların anladığı dillərdə ədiblərimizin kitablarını hədiyyə edin, poçtla göndərin.

Bir cavab yazın