FotoGündəm

Əcnəbilərin əmək fəaliyyətinin hüquqi əsaslarının bir sıra aspektləri ətrafında müzakirələr aparılıb

Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər regional miqrasiya idarəsində Xidmət yanında İctimai Şuranın təşəbbüsü və “Y-Lex Consulting” şirkətinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib.
 Tədbirin keçirilməsində əsas məqsəd əmək fəaliyyətinə əcnəbilərin cəlb edən sahibkarlıq subyektlərinin bu sahədə məlumatlılığının artırılması, onların bu kimi fəaliyyətlərinin düzgün məcraya istiqamətləndirilməsi, əmək miqrasiya ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər və biznes mühitinin uğurlu inkişafının təmin edilməsinə dair irəli sürülən təkliflər ətrafında müzakirələrin aparılması olub. İctimai və işgüzar müzakirə şəraitində təşkil olunan tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, miqrasiya və hüquq məsələləri üzrə mütəxəssislər əmək miqrasiyası ilə bağlı təcrübələrini bölüşüblər və onları qayğılandıran məsələləri ümumi müzakirəyə çıxarıblar.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov təmsil etdiyi ictimai təsisatın əmək miqrasiya sahəsində həyata keçirdiyi fəaliyyətləri və perspektiv planları barədə məlumat verib, miqrasiya qanunvericiliyi sahəsində baş verən dəyişikliklərin aktual aspektlərinə toxunub. Milli Məclisin plenar iclasında Miqrasiya Məcəlləsinə qəbul olunan dəyişiklik barədə danışan Azər Allahverənov Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsinin verilməsini müsbət dəyərləndirib.
Lakin bu məsələnin bəzi nüansları və yol veriləcək mümkün sui-istifadə halları barədə danışıb.
“Y-Lex Consulting” şirkətinin rəhbəri və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədr müavini Kəmalə Məmmədova Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin əmək miqrasiyası ilə bağlı müddəaları barədə geniş məlumat verib.
Dəyirmi masada iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru Vaqif Mansurov banklara əcnəbilər tərəfindən yatırılan pul vəsaiti ilə əlaqədar yarana biləcək sui-istifadə hallarının alınması yolları barədə məlumat verib və bildirib ki, banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.
Bildirilib ki, dəyişikliklə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı halların sayı artırılıb. Belə ki, Məcəllənin 40-cı (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallar) maddəsinə edilən əlavəyə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının) övladının, qardaşının, bacısının Azərbaycanda müvəqqəti müddəti uzadıldıqda həmin şəxsin də müvəqqəti olma müddəti uzadılır.
Tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin əməkdaşları səsləndirilən bütün sualları ətraflı cavablandırıb, nəzəri-praktiki məsələlərə toxunublar. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma və müvəqqəti yaşama məsələləri, habelə onlara iş icazələrinin alınması və əmək məsələlərinin tənzimlənməsi, miqrantların həssas qruplarına aid edilən sığınacaq axtaran şəxslərin, qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət edən əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmalarının hüquqi əsasları barədə məlumat verilib və bu kimi maarifləndirmə xarakterli tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Bir cavab yazın