“Üç aya 38 manat pul qazandım” – Keçmişdəki mən
“Kənd yerlərində uşaqlar əmək qüvvəsi hesab olunurdu. Kiçik yaşlarımızdan əməyə cəlb olunur, qoyun-quzu otarır, mal növbəsinə gedirdik. Qoyunları otarmaq üçün ayrıca çoban var idi, amma naxırçı daimi olmadığına görə hər ev təqribən ayda bir dəfə mal növbəsinə getməli olurdu və bu zaman biz təbii ki, naxırçı olmalı olurduq. Bu işlər bizim sosiallaşmağımızı da təmin edirdi. Çünki məhəllə uşaqları ilə birgə mal-qara otarmaqla yanaşı, oyunlar oynayır, ünsiyyət saxlayırdıq”.
Bu sözləri bizimlə söhbətində millət vəkili Hikmət Babaoğlu söylədi.
Müsahibim 1966-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda Göllü kəndində anadan olub. Uşaqlıq illərindən danışanda böyüdüyü kənd, onun tarixi haqqında danışmağa başladı: “Hər kəsin uşaqlıq illəri onun həyatının ən əziz, ən şirin dövrüdür. O qayğısız illər bizi həyatımızın sonrakı dövründə də təqib edən şirin xatirələr toplusudur. Kəndimiz dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşirdi. Elə bil ki, dünyadan təcrid olunmuşdu, ancaq həm də kəndimizin öz dünyası var idi. Bu, bizim uşaqlığımızın, gəncliyimizin mənəvi dünyası idi. Ətraf ərazilərdə çox qədim tarixi olan mağaralar, xarabalıqlar, qalacıq tipli tikinti abidələri var idi. Şübhəsiz ki, bütün bunlar əcdadlarımızdan bizə miras qalan böyük mədəniyyət nümunələri idi. Mən bu böyük tarixi mirasın içində böyüdüm və yəqin ki, sonrakı illərdə tarixə marağım yaradan səbəb də bu oldu. İllər sonra mən antik Troya şəhər xarabalıqlarında olarkən başa düşdüm ki, bizim kənddə olan qədim yaşayış məskənləri ilə onlar arasında olduqca ciddi bənzərliklər var. Kəndimizdə qədim Alban xristian məzarlığı da var idi. Biz onu erməni qəbirstanlığı hesab edirdik, ancaq baş vermiş bir hadisə bunun belə olmadığını ortaya çıxardı. Amasiya ilə qonşu Qazançı yaşayış məntəqəsi arasında yol salınarkən traktorlar bu qəbiristanlığın bir hissəsini dağıtmışdı. Atam kənd sovetinin sədri kimi bu barədə rayon rəhbərliyini məlumatlandırdıqdan sonra hadisə yerinə İrəvandan bir qrup arxeoloq gəldi. Onlar elə ilk kəllə sümüyünü əllərinə alar-almaz yerə atıb çıxıb getdilər. Bu qəbiristanlığın kimə aid olmasına isə çox sadə cavab vermişdilər. Bu kəllə erməni kəlləsi deyil, erməni kəlləsi yastı olur! Əlbəttə, o vaxt bizim tarixi şüurumuz indiki qədər yetkin deyildi, tarixi sovet dərsliklərindən öyrənirdik və o zaman bu qəbiristanlığın xristian əcdadlarımız olan qıpçaq türklərinə, yəni Ağ Vanlara, Albanlara aid olduğunu başa düşə bilməzdik. Yalnız indi bunun belə olduğu qənaətinə gələ bilirik. Təəssüf ki indi də o yerlərə gedib tədqiqat aparmaq imkanlarına sahib deyilik. Coğrafi baxımdan kəndimiz Qafqazdan Şərqi Anadoluya keçid ərazisi üzərində idi və əslində Böyük İpək yolunun bir halqası da hesab edilə bilərdi. Təbii keçid coğrafiyası olduğu üçün yaz və payız aylarında köçəri quşlar da bu yolla miqrasiya edərdi. Uşaqlığımın ən həzin xatirələrindən biri də köç edən quşların qərib nəğmələridir! Onlar yaz və payız fəsillərində vətəni tərk etmənin nisgili ilə öz unudulmaz və kövrək nəğmələrini oxuya-oxuya kəndimizin üzərindən uçub gedərdilər. Durnaların qərib səsləri içimizi göynədər, kiçicik ürəyimizə daşıya bilməyəcəyi boyda kədər yükləyərdi, onları üfüqdə itənə qədər izləyirdik. Və onda əsla ağlıma gəlməzdi ki , bir gün mən də düz bu qərib durnalar kimi vətən həsrətiylə için-için yanacam”.
“Kənddə uşaqlar əmək qüvvəsi hesab olunurdu”
Uşaqlıq illərinin qaynar keçdiyini deyir: “Atam məktəb direktoru, anam isə kitabxanaçı idi. Ailədə 4 qardaş 3 bacı olmuşuq. Atam kəndimizdə Bakı Dövlət Universitetindən məzunu olan ilk ziyalı idi. Filoloq olduğuna görə, gözümü açandan evimizdə çoxlu kitablar görmüşəm və elə kitabları oxuya-oxuya böyümüşəm. HBakıda çıxan qəzetlərə, kitablara da abunə idik. Atam mənə çox sevdiyi şair Nazim Hikmətin adını verib. İş elə gətirdi ki, poeziyanı, ədəbiyyatı dərk etdikdən sonra mən özüm də Nazim Hikmətin şeirlərini, fəlsəfəsini, yaradıcılığını sevdim. Kənddə böyüyən hər uşaq kimi mən də bəzən dəcəllik etmişəm. Bəzən sözə qulaq asmadığım, dərsdən qaçdığım vaxtlar da olub. Kənddə qar yağanda dərsə getməyəcəm deyə sevinirdim. Uşaq vaxtı idmana xüsusi marağım olub. Kəndimiz yuxarı və aşağı məhəllələrdən ibarət idi. İki məhəllə arasında maraqlı idman yarışları təşkil edirdik. Futbol, voleybol, “Çiling ağac”, “Aşıq-aşıq” və s. kimi oyunlar həyatımızın bir hissəsini təşkil edirdi. Onu da deyim ki, kənd yerlərində uşaqların məşğuliyyəti təkcə dərs oxumaq deyildi. Kənddə uşaqlar əmək qüvvəsi hesab olunurdu. Kiçik yaşlarımızdan əməyə cəlb olunur, qoyun-quzu otarır, mal növbəsinə gedirdik”.
Həmyaşıdlarından bir qədər tez məktəbə gedən həmsöhbətim ilk dərs gününü indiki kimi xatırlayır: “Atam məktəb direktoru idi deyə, məni digər uşaqlardan fərqli olaraq 6 yaşımda məktəbə göndərdi. İlk dərs günü anam təndir çörəyi, nehrə yağı və böyürtkən mürəbbəsindən yaxmac düzəltmişdi. Həyəcandan bütün yol boyu bir tikə belə yeyə bilməmişdim. Sinif otağına girəndə xadimə o yaxmacı əlimdən aldı. Görünür, həyəcanımı hiss etmişdi, məni sinif otağına ötürdü. Bu günə qədər də hər il yeni dərs ili başlayanda məktəb xatirələrim yadıma düşür, yeni rənglənmiş partaların, mətbəə qoxuyan təzə kitabların spesifik ətrini burnumda hiss edirəm”.
Heç kimin ağlına gəlməzdi ki…
Müsahibimiz məktəbdə fərq qoymadan bütün fənləri yaxşı oxuduğunu deyir: “Atam evin bir otağını dərs oxumağımız üçün ayırmışdı. Həmişə bir gözüm məndən bir yaş böyük bacımın kitabında olurdu. Paralel olaraq eyni vaxtda həm öz dərsimi oxuyur, həm də onun oxuduğu şeirləri əzbərləyirdim. O dövrdə öyrəndiyim şeirləri, pioner andını, kommunizmin əxlaq kodekslərini bu günə qədər əzbər bilirəm. Bütün fənləri oxusam da, humanitar sahəyə xüsusi sevgim olub. Atam məni dövrün tələbinə uyğun olaraq mühəndisliyə yönəltmək istəyirdi, amma dəqiq elmlərə həvəssiz çalışırdım. Tarix və ədəbiyyatı isə xüsusi sevgiyiə oxuyurdum”.
1982-ci ildə məktəbi bitirdikdən sonra universitetə qəbul olmaq üçün Bakıya gələn Hikmət müəllim valideynlərinin istəyinə uyğun olaraq sənədlərini Texniki Universitetə verir. Konkursa düşür və ali məktəbə qəbul ola bilmir. Ancaq kəndə də qayıtmır, Bakıda qalıb işləyir. 1984-cü ildə isə hərbi xidmətə yollanır: “Hərbi xidmətimi Həştərxan vilayətinin Axtubinski şəhərində inşaat batalyonunda keçdim. Bu ad və ərazi mənə çox doğma gəlirdi. Ona görə araşdırma aparmağa başladım. Sən demə, Axtuba tarixi Qızıl Orda dövlətinin ərazisi olub. İbn Xaldun Qızıl Ordaya islamı qəbul etdirmək üçün gedən missionerlərin səyahət yolunu izah edərkən məhz bu şəhəri təsvir edir. Qeyd edir ki, Xəzərin şimalına qədər üzdükdən sonra müsəlman missionerlər üç çayın qovuşduğu və Xəzərə töküldüyü ərazidən çıxaraq bir şəhərə varid oldular. Həqiqətən xidmət etdiyimiz yerdə üç çay bir-birinə qovuşur və Xəzərə tökülürdü. Xidmət illərimiz çox maraqlı idi. İnşaat batalyonunda xidmət etdiyimə görə, boş vaxtım çox olurdu. Bir dəfə kitabxanadan Azərbaycan dilində kitab istədim, dedilər ki, erməni, gürcü, rus dillərində kitablar olsa da, Azərbaycan dilində yoxdur. Bu, mənə çox pis təsir etdi və səbəbini soruşdum. Dedilər ki, bu kitabları sizdən əvvəl xidmət edən erməni, gürcü və ruslar özləri gətirdiblər, azərbaycanlılar isə bunu etməyiblər. Dərhal evə məktub yazıb mənə kitab göndərmələrini xahiş etdim. Atam bir ayda mənə düz üç bağlama kitab göndərirdi və həmin kitabları kitabxanaya bağışladım. Xidmət etdiyim vaxtda xeyli sayda xalqın, o cümlədən, türkdilli xalqların nümayəndələri ilə yaxından tanış oldum. Mən çavuş idim, amma şəhərə çıxmaq üçün icazə almaq çox çətin idi. Fikirləşib bir yol tapdım. Əsgərləri xüsusi forma geydirib sıraya düzürdüm. Belə olanda heç kim bizdən şübhələnmirdi. Heç kimin ağlına gəlməzdi ki, bu qədər əsgər icazəsi olmadan şəhərə çıxa bilər. Biz də fürsətdən istifadə edib şəhəri gəzir, kinoya gedirdik”.
“Üç aya 38 manat pul qazandım”
Həmsöhbətim deyir ki, bir qədər gec olsa da, 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna qəbul olur: “1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdim. Tələbəliyim müstəqilliyimizin ilk illərinə təsadüf edirdi, çox ciddi tarixi mərhələdən keçirdik. Cəmiyyətimizə müxtəlif yeni siyasi cərəyanlar daxil olur, yeni siyasi təfəkkür formalaşır və eyni zamanda həm də müharibə şəraitində yaşayırdıq. Auditoriyada müxtəlif siyasi mövzular üzrə müzakirələr edirdik. O illərdə artıq öz siyasi mövqeyimi müəyyən etmişdim. Yeni Azərbaycançılıq ideyalarını özümə yaxın hiss edirdim. Beləcə Yeni Azərbaycan Partiyası yarandıqdan dərhal sonra ora üzv oldum. O dövrdə siyasi elmlərlə yanaşı, həm də tarixi öyrənməyə başladım. YAP Mərkəzi Aparatı formalaşanda da, professor Əli Həsənov məni rəhbərlik etdiyi YAP ideologiya şöbəsinə işə götürdü və orada böyük siyasi məktəb keçdim”.
Müsahibim ilk qazancını da xatırlayır, deyir ki, əslində, o pul heç nəyə çatmırdı: “Zakfederasiya adlı gəmi təmir zavodunda fəhlə – daha doğrusu, tornaçı köməkçisi olaraq işləyirdim. Üç aya 38 manat pul qazandım. Düzü, o pul heç nəyə çatmırdı. Əsgərlikdən qayıdanda isə Birliyində bir müddət Çinar İstehsalat fəhlə işlədim. Daha sonra 1987-ci ildə “Çinar” qəzetilə əməkdaşlıq etməyə başladım. Mənim ilk baş redaktorum Şaban Şabanov oldu. O, Azərbaycan jurnalistikasına dərindən bələd idi. Mənə jurnalistikanın sirlərini öyrətdi. Beləliklə, qəzetdə işləyərək yazıda özümü ifadə etməyi öyrəndim. Yazı vərdişi məni yaradıcılığa sövq edirdi. Mən isə elm sahəsini seçdim. Müxtəlif monoqrafiyalar, elmi məqalələr yazdım. Beləcə, elmlər namizədi və elmlər doktoru oldum”.
İlk sevgi adətən, insanın orta məktəb illərinə təsadüf edir
Millət vəkilinin fikrincə, sevgi və yumor Allahın insana bəxş etdiyi iki ən böyük hissdir: “Yumor hissi olan insanlar daha rahat yaşayır. Sevgi isə insan duyğularının ən alisidir. Əgər kimsə həyatında heç olmasa bir dəfə sevməyibsə, onun həyatı tam deyil. İlk sevgi adətən, insanın orta məktəb illərinə təsadüf edir. Bu, çox maraqlı dövrdür və mənim də başıma gəlib. 26 yaşımda isə ailə həyatı qurdum. 1993-ü ilin iyun ayında Gəncəyə nişana gedirdik. Ölkədə siyasi vəziyyət çox qarışıq idi. Xüsusi avtobus tutmuşduq, Kürə çatanda Sürət Hüseynovun dəstələri avtobusun qarşısını kəsdi. Sənədlərimizi yoxlamağa başladılar. Sürücünün qardaşını və bir neçə nəfəri hərbi hissəyə apardılar. İki gün orada qalmalı olduq. Oktyabr ayında ailə həyatı qurduq. Hətta toyumuz seçki gününə təsadüf etdi”.
Üç övladı – iki qızı, bir oğlu var, deyir ki, uşaqların tərbiyəsi ilə çox məşğul ola bilməyib: “Bəxtim gətirib ki, həyat yoldaşım da ali təhsilli idi. Onların təhsil və tərbiyəsi ilə daha çox o məşğul olub. Qızlarım tibb, oğlum isə beynəlxalq əlaqələr üzrə təhsil alır”.
Həmsöhbətim sonda rubrikanın ənənəsinə uyğun olaraq gənclərə tövsiyəsini də verdi: “Ümumiyyətlə, məsləhət verməyi sevən insan deyiləm. İnsan öz hərəkətləri ilə başqasına nümunə olmalıdır. İndiki dövrün gəncliyi çox xoşbəxtdir. Bizim dövrümüzdə çoxsaylı məhdudiyyətlər, qadağalar var idi. Çünki biz imperiya vətəndaşı idik və üzərimizdə daim təzyiq hiss edirdik. Müasir dövrün gənclərinin bütün azadlıqları təmin olunub. Onlar müstəqil Azərbaycanın gəncləridir və bu, böyük nemətdir. O dövrdə bir kitabı oxumaq üçün aylarla növbə gözləyirdik. İndi hər şey çox sadədir. Ədəbiyyat, elmi mənbələr kifayət qədər zəngindir və bundan bəhrələnmək lazımdır. Təəssüf ki, bəzi gənclərin öyrənməyə həvəsi azdır və müasir informasiya resursları bəzən onların sosiallaşmasını əngəlləyir. İnsan sosial varlıqdır. Amma artıq qohumluq, qonşuluq, icma ənənələri sıradan çıxmaqdadır. Gənclərin əksəriyyəti ünsiyyətdən qaçır. Daha çox virtual ünsiyyətə üstünlük verilir. İnsanlar bir-birini sosial şəbəkə üzərində tanıyır. Gənclər çalışmalıdır ki, bunun fərqində olsunlar. İndiki dövrdə informasiya müharibəsi gedir. Müasir gənclik yumşaq güc kimi xarakterizə edilən bu gücü idarə etməyi bacarmalıdır. Əks təqdirdə informasiya onları idarə edəcək və bu, milli maraqlarımızın lehinə olmayacaq. Bu mənada gəncliyin üzərinə çox böyük məsuliyyət düşür”.
Şəbnəm Mehdizadə/Kaspi