“Range Rover Sport” yenilənib – VİDEO
Land Rover şirkəti yenilənmiş Range Rover Sport ailəsini təqdim edib.Yenilənmədən sonra ofroder P400e adlanan hibrid modifikasiyasına da sahib olub. Məişət elektrik şəbəkəsinə qoşulan bu ofroder britaniya markasının ilk qoşulan hibrididir. Range Rover Sport P400e modelinin güc qurğusunun tərkibinə 300 at qüvvəli 2,0-litrlik turbomühərrik, 116 at qüvvəli elektromotor, səkkiz pilləli ZF avtomatik ötürmələr qutusu və döşəmənin altında yerləşdirilən 13,1 kilovat-saatlıq litium-ion batareyalar dəsti daxildir. Hibrid qurğu 404 at qüvvəsi və 640 Nm fırlanma anı hasil edir. Yerindən 100 km/saat həddinə hibrid ofroder 6,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti 220 km/saat təşkil edir. Elektrik ötürməsi ilə Range Rover Sport P400e modeli 51 kilometr qət etmək iqtidarındadır. Xüsusi stansiyada batareyaların doldurulmasına 2,75 saat gərəkdir. Məişət elektrik şəbəkəsindən istifadə etdikdə isə, bu işə 7 saat yarım vaxt tələb olunur.
Hibrid avtomobili digərlərindən dəyişdirilmiş radiator barmaqlığına və ön bamperi ilə fərqlənir. Modelin bütün modifikasiyalarına lazer fənərlər quraşdırıla bilər.
Land Rover şirkəti, eyni zamanda, «qaynar» Range Rover Sport SVR modifikasiyasının yenilənmiş variantını da təqdim edib. Avtomobil əvvəlki kimi 5,0-litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilir. Bununla belə, yenilənmiş variantın mühərriki 575 at qüvvəsinə malik olaub. Yerindən 100 km/saat həddinə «qaynar» ofroder 4,5 saniyəyə sürətlənir. Bu əvvəlkindən 0,2 saniyə yeyindir. Yenilənmiş avtomobillər yeni interyerə sahib olublar. Ofroderin salonu yeni Range Rover Velar modelinin üslubunda tərtib edilib. Yenilənmiş Range Rover Sport mərkəzi konsolda olan əlavə displeyi də əldə edib. Bu displey vasitəsi ilə avtomobilin funksiyalarının əksər hissəsini idarə etmək olar.
Yenilənmədən sonra modelin mühərrik çeşidində də dəyişiklik baş verib. Ofroder 300 at qüvvəsi hasil edən 2.0-litrlik mühərriklə də təklif ediləcəkdir. Beş litrlik V8 mühərriki isə 510 at qüvvəsi deyil, 525 at qüvvəsinə malik olub.