Heydər Əliyev Fondu regionlarda iftar süfrələri təşkil edib – FOTO
Heydər Əliyev Fondu Ramazan ayı münasibətilə mayın 28-də Ağcabədidə və Goranboyda iftar süfrələri təşkil edib.
İftar süfrələrində oruc tutanlar, din xadimləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkün və imkansız ailələrdən olan şəxslər iştirak ediblər.
İftar mərasimlərində din xadimləri tərəfindən müqəddəs Qurani-Kərimdən ayələr oxunub, dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb. Milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulanıb.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə görülən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən danışılıb. Birlik və sabitliyin hökm sürdüyü ölkəmizdə bütün din və təriqətlərin nümayəndələrinin dostluq-qardaşlıq şəraitində yaşadıqları, dini məbədlərin təmir və bərpa olunduğu, islami və milli-mənəvi dəyərlərin qorunduğu diqqətə çatdırılıb. Bildirilib ki, mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsi də cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Ramazan ayı ərzində bir sıra rayonlarda iftar süfrələri təşkil olunur.