Xəbər xətti

“Sağlam gənclik” mövzusunda Dəyirmi masa keçirilib – FOTO

“Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin sağlam həyat tərzinə qaytarılması üçün təbliğat və maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Lənkəran şəhər Gənclər Evində Dəyirmi masa keçirib.

İB-dən Aktor.Az-a verilən məlumata görə, “Sağlam gənclik” mövzusunda keçirilən Dəyirmi masada “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyinin sədri Rauf Rəcəbov bildirib ki, layihə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin vaxtında aşkar edilməsi, könüllülük prinsipi əsasında müalicəsi və sağlam həyat tərzinə qaytarılması işinin təşkilində təbliğat və maarifləndirmə işinin gücləndirilməsindən bəhs edir: “Layihənin məqsədi gənclər və valideynlər arasında narkomaniyanın fəsadlarını izah etmək, müvafiq yaş qrupları arasında əyani təbliğat vasitələrindən istifadə etməklə narkotikaya aludəçiliyi aradan qaldırmağa yardımçı olmaqdır”.

R.Rəcəbov qeyd edib ki, narkomaniya uzun illərdir dünyanın ən böyük problemlərindən biri kimi bəşəriyyəti düşündürür və rahatsız edir: “Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyl təəssüflər olsun ki, günü-gündən artmaqdadır. Ona görə də gəncləri və yeniyetmələri daha çox özünə cəlb edən bu problemin qarşısının alınması yolunda profilaktik tədbirlərin görülməsi mütləqdir”.

R.Rəcəbov layihəni maliyyələşdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib. Layihənin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə bildirib ki, gənclərin narkomaniyaya qurşanması onların təhsildən kənarlaşmasına, ətraflarındakı insanlara daha çox cinayətkar simasının aşılanmasına və ən əsası sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur: “Bütün bunların fonunda demək olar ki, narkomaniyaya qarşı mübarizə yalnız dövlətin işi deyil, eləcə də cəmiyyətimizin və dövlətimizin təməlini formalaşdıran hər bir ailənin – valideynin işidir”.

Dəyirmi masada çıxış edən Lənkəran şəhər Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev vurğulayıb ki, narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, bu, mümkündür: “Narkotiklərdən istifadə edənlərin erkən müraciəti çox hallarda uğurlu müalicə ilə nəticələnir. Narkotika adlı bəladan xilas olmaq bu yoldan ilk addımda çəkinməkdən qat-qat çətindir, bəzən mümkünsüzdür”.

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Mehman Əliyev dünyanın əsas problemlərindən birinə çevrilən narkomaniyaya həsr olunan tədbirin məhz Lənkəranda keçirilməsinə görə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib. O qeyd etdi ki, məhz belə maarifləndirmə tədbirləri vasitəsi və birgə səylərimizlə gənclərin narkotik vasitələrdən uzaqlaşmasına nail olmaq olar.

 

Bir cavab yazın