“Tural Mirzəliyev məktəb direktoru ampluasından çıxmış biridir”- Əvəz Rüstəmov
Mətbuat Şurasına 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevin bu quruma ünvanladığı və “Modern.az” saytı vasitəsilə ictimailəşdirdiyi məktubu daxil olub. O, Şuranın “Afn.az” saytının əməkdaşı Həbibə Abdulla ilə bağlı məlumatına etiraz edib. Etiraz edə bilər, bu onun hüququdur. Ancaq direktora diqqətli olmağı tövsiyə edirik.
Aktor.Az xəbər verir ki, belə bir açıqlama ilə Şuranın sözçüsü Əvəz Rüstəmov çıxış edib. O daha sonra qeyd edib: “Əvvəla, Şuranın məlum məlumatında konkret olaraq onun, yaxud da adı çəkilən digər şəxsin jurnalist Həbibə Abdullanı təhqir etməyi, ona hədə-qorxu gəlməyi iddia olunmayıb. Əsas mahiyyət jurnalistin MŞ-yə açıq məktubuna əsaslanıb və bildirilib ki, Şura jurnalistlərin səlahiyyətlərindən irəli gələn fəaliyyəti yerinə yetirmələri zamanı hər hansı xoşagəlməz rəftarla, qanunsuzluqla üzləşmələri faktlarını qətiyyətlə pisləyir. Eyni zamanda bildirilib ki, bu sayaq informasiyaların ictimai rəydə özünə yer tapması söz və ifadə azadlığı baxımından yolverilməzdir. Buna görə də əlaqədar qurumlar jurnalist Həbibə Abdulla ilə bağlı məsələni araşdırmağa, zəruri tədbir görməyə çağırılıb.
T.Mirzəliyev məktubunda indiyədək kütləvi informasiya vasitələrində, o cümlədən H.Abdullanın çalışdığı «Afn.az» saytında özü barədə təhqiramiz, yalan və böhtan dolu materialların yayımlandığını vurğulayıb. Şura buna münasibət ortaya qoymamaqda ittiham olunub. Bildiririk ki, əgər direktor üzləşdiyi durumla əlaqədar Şuraya məktub yazsaydı, qurum özünün Nizamnaməsi ilə müəyyənləşmiş səlahiyyətlərindən irəli gələn tədbirləri həyata keçirə bilərdi. T.Mirzəliyevin indiki məktubunda guya MŞ-yə yuxarıda sadalananlarla bağlı nə vaxtsa rəsmi müraciət ünvanladığını bildirməsi yalandır. Nə 2019-cu, nə də 2018-ci ildə belə bir hal qeydə alınıb. O, göstərdiyi kimi, məhkəməyə üz tutub.
Digər tərəfdən, bu adam məktəb direktoru ampluasından çıxmış biridir. Daha çox konfliktlərlə yadda qalır. Onun Mətbuat Şurasına müraciəti, eləcə də bu müraciəti ictimailəşdirməsi əslində öyrəşdiyi konfliktli adam statusunun təsdiqindən başqa bir şey deyil. Görünür, üzdə olmaq üçün darıxır. Yaxşı olardı ki, əlaqədar dövlət qurumu onu məktəb direktoru yox, ictimaiyyət içərisində olan bir vəzifəyə təyin edərdi.
Ümumiyyətlə, T.Mirzəliyevin məktubundan anlaşılan budur ki, adam MŞ-nin iş xüsusiyyətləri barədə tam məlumatsızdır. Onun H.Abdulla ilə bağlı məsələdə Şuranın guya həmkar təəssübkeşliyi baxımdan davrandığını bildirməsi də bunun sübutudur. Mətbuat Şurasının cavab məktubunda MŞ-nin missiyası direktora ətraflı izah edilib. İnanıram ki, bir az korrekt olsa, cavabı qənaətbəxş sayacaq.
Mətbuat Şurası KİV əməkdaşları peşə fəaliyyətlərini yerinə yetirdikdə, yaxud peşə fəaliyyətləri zəminində hər hansı xoşagəlməz, qanunazidd rəftarla üzləşdikləri, buna dair şübhələrin yarandığı, həmçinin ictimai rəyi yanlış yönləndirmə ehtimalının olduğu hallarda müvafiq hüquqi instansiyalara müraciət ünvanlayır ki, əsl həqiqətlər üzə çıxsın. Şura H.Abdulla ilə məsələyə dair hüquq-mühafizə orqanlarına çağırış edib və inanır ki, qanuna müvafiq ölçü götürüləcəkdir.
Əlbəttə, biz istəmirik ki, jurnalist hansısa məsələdə günahkar olsun. Ancaq bu halda fərqi yoxdur kimdir günahkar. Tural Mirzəliyev, yaxud H.Abdulla. Yenə də deyirəm, Mətbuat Şurası üçün əsas olan jurnalistin təhqir olunduğuna dair məlumatın ictimaiyyətdə yayılmasıdır. Əgər bu məlumat yayılırsa, biz bunu doğuran səbəbin araşdırılmasında israrlıyıq. İstərdik ki, cənab Mirzəliyev məktub yazmazdan öncə bunu biləydi”.