Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi üçün görülən işləri açıqladı
“Sosial Tədqiqatlar Mərkəzi artıq formalaşma mərhələsindədir. Hazırda təşkilati, texniki, hüquqi məsələlərin həlli üzərində iş aparılır”.Bunu “Report”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib.
O bildirib ki, əsas məsələ qarşıdakı dövrdə nizamnamədə müəyyənləşmiş vəzifələrin yerinə yetirilməsidir: “Əminəm ki, biz bu gözləntiləri doğrultmaq üçün üzərimizə düşən bütün məsuliyyəti yerinə yetirəcəyik. Tam formalaşmadan sonra müvafiq sahələrlə bağlı görülən işlər haqqında cəmiyyətə məlumat verəcəyik. Önəmli məsələ ondan ibarətdir ki, hakimiyyət institutlarına cəmiyyətin münasibəti, aparılan islahatlara xalqın yanaşması, müxtəlif sahələrlə bağlı işlərin qiymətləndirilməsi daim bilinsin. Bu Qərb ölkələrində mütəmadi həyata keçirilən tədbirlərdir”.
Z.Orucun sözlərinə görə, Mərkəzin daimi yerləşəcəyi ünvanın müəyyənləşdirilməsi istiqamətində işlər görülür: “Hazırda bir ünvanda yerləşmişik, lakin sabit yerimiz olacaq. Bu yöndə dövlət başçısının artıq tapşırığı var. İşçilərlə bağlı ilkin işlərə başlanılıb. Onlar müəyyən prosedurlardan keçir. Çünki publik hüquqi şəxs olmağımıza baxmayaraq, bu məsələlər dövlətin müvafiq qurumları ilə razılaşdırılaraq həyata keçirilir. Bizim üçün əsas odur ki, savadlı və qabiliyyətli insanları öz sıralarımıza qata bilək. Müəyyən qədər işçi götürülüb”.