İctimai nəqliyyatda təhlükəsizlik təmin ediləcək – Yeni qanun
Xəbər verildiyi kimi, Milli Məclis ictimai nəqliyyatdan istifadə zamanı həm sürücülərə, həm də sərnişinlərə siqaret çəkməyin qadağan edilməsi barədə qanun qəbul edib.
Müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə tətbiq olunacaq. Bundan əlavə, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlər də cərimələnəcəklər.
Qeyd edək ki, yeni qanuna qədər ölkəmizdə avtobus, metro, təyyarə, qatar kimi ictimai nəqliyyatdan istifadə zamanı siqaret çəkmək qadağan idi. Yeni dəyişikliklə taksi də nəqliyyat vasitəsi kimi onların sırasına daxil oldu. Azərbaycanda ilk dəfədir ki, taksidə siqaret çəkmək qadağası qoyulur.
Yeni qanun haqqında nəqliyyat eksperti Azər Allahverənov “İki sahil”ə açıqlamada bildirdi ki, sürücülər kəmər taxmadıqları, sükan arxasında telefonla danışdıqları üçün cərimə olunurlar, artıq siqaret çəkərkən də cərimə olunacaqlar. Fikrimcə, bu qanun lazım idi: “Mən belə halların tez-tez şahidi oluram. Hətta əlini avtomobilin yan pəncərəsindən çıxarıb siqareti saxlayırlar. Bu zaman da bir əllə avtomobili idarə edirlər. Bu da çox təhlükəlidir. Ona görə də bu qanun çox vacibdir. “
“Tütün məhsullarının istifadəsi özü də sükan arxasında həyati təhlükəyə səbəb olan ən birinci amildir. Siqaretin orqanizm üçün nə qədər zərərli bir vərdiş olduğu hər kəsə məlumdur. Bunu ictimaiyyətin olduğu yerdə etmək isə heç doğru deyil. Bu, təkcə öz həyatını deyil, həm də başqalarının həyatına mənfi təsir etmək deməkdir. Sərnişinlər bu məsələ qəti mövqe tutmalıdırlar. Çünki sərnişinlər sürücü siqaret çəkərkən buna etiraz edirlər. Amma yol polisi əməkdaşı sürücünü saxladıqda, cərimə tətbiq etdikdə isə etiraz edirlər ki, “biz gecikirik, niyə biz gecikməliyik ki?” kimi fikirlər səsləndirirlər. Beləliklə də, sərnişinlərin fikirləri üst-üstə düşmür. Belə problemlərin olmaması üçün avtobuslarda və taksilərdə kameralar quraşdırılmalıdır. Məhz o kameralar vasitəsilə cərimələr tətbiq edilməlidir. Əks halda problemlər hələ də qalmaqda davam edəcək. Eyni zamanda, avtomobildən kimsə, istər sürücü, istərsə də sərnişinlər avtomobilin yan pəncərələrindən çölə zibil atarsa, onlar da cərimələnirlər. Vətəndaşlar qayda pozduqları üçün 30-50 manat arası cərimə olunur”, – deyə ekspert bildirdi.