Tbilisi Rusiyanın BTQ-yə qoşulmasına niyə razı olmur?
Gürcüstan hökuməti Rusiyanın Bakı-Tbillisi-Qars dəmir yoluna qoşulmasını istəmir.Aktor.Az xəbər verir ki, bunu Azərbaycanlı politoloq Elxan Şahinoğlu qeyd edib. O, Gürcüstanın Türkiyə-Azərbaycan-Rusiya arasındakı yeni sazişdən narahat olduğunu bildirib:
“Ankarada bir neçə gün əvvəl imzalanan Türkiyə-Azərbaycan-Rusiya sazişi Bakı-Tiflis-Qars dəmir yolu üzrə yükdaşımaların inkişafını nəzərdə tutur. Bu arada, Rusiya Dəmir Yolları İdarəsinin rəhbəri Oleq Belozyor Bakıya gələrək prezident İlham Əliyevlə görüşüb. İki ölkə arasında dəmir yolu ilə yük daşımalarının həcmi artır. Bu ilin ilk 3 ayında yük daşımalarının həcmi 25 faiz artıb. Rusiya Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə yük daşımaları həyata keçirmək istəyir. Bunun əksi də mümkündür. Yəni Türkiyə öz mallarının bir hissəsini Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyaya daşıya bilər. Ancaq Gürcüstan hökuməti Rusiyanın Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmasını istəmir”.
Politoloqun fikrincə, dəmir yolunun bir hissəsi Gürcüstandan keçdiyindən rəsmi Tiflis bu məsələdə söz sahiblərindən biri olduğunu göstərməyə çalışır.