Tbilisidə Heydər Əliyevə həsr olunan sərgi açılıb – FOTOLAR
Mayın 9-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev və Gürcüstan” adlı sərgi açılıb.Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi ilə Axundzadə adına muzeyin birgə təşkil etdiyi sərgini azərbaycanlı və gürcü ictimaiyyətinin üzvləri, İnteqrasiya Mərkəzinin şagirdləri ziyarət ediblər.
Tədbir iştirakçıları əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edib, büstün önünə əklil və gül dəstələri qoyublar.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq Ümummilli Liderin həyat və fəaliyyəti barədə məlumat verib. O, Heydər Əliyevin Gürcüstanın yaxın dostu olduğunu qeyd edib.
İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva Heydər Əliyevin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətini vurğulayıb.
Mərkəzin tarix müəllimi Nərgiz Nəbiyeva Heydər Əliyev və Eduard Şevardnadzenin birgə səyləri nəticəsində Azərbaycan və Gürcüstan arasındakı dostluğun daha da möhkəmləndiyini diqqətə çatdırıb.
Sonra Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib.