Bolqarıstanın “Focus-news” agentliyi Elçin Əhmədovun Şuşanın tarixi və işğalı ilə bağlı məqaləsini yayıb
Bolqarıstanın nüfuzlu “Focus-news” informasiya agentliyinin saytında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədovun Şuşanın tarixi və işğalı ilə bağlı məqaləsini yayıb.AZƏRTAC xəbər verir ki, məqalədə Şuşa qalasının uzun illər Azərbaycanın Qarabağ xanlığının paytaxtı olduğu bildirilir. Qeyd edilir ki, XVIII əsrin ikinci yarısından başlayaraq Şuşa qalasının salınması, şəhərin əhalisinin sürətlə çoxalması və Azərbaycanın mühüm, iqtisadi və strateji əhəmiyyətli şəhərlərindən birinə çevrilməsi tarixi mənbələrə əsasən təhlil olunur.
Məqalədə diqqətə çatdırılır ki, 1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı. 1903-cü ildə Tiflisdə nəşr olunmuş “Vestnik Kavkaza” jurnalının 43-cü səhifəsində göstərildi ki, “Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar”.
Qeyd edilir ki, Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınmışdır. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi. Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən və dünyanın heç bir yerində bitməyən “Xarı bülbül” gülü bitir. Məqalədə tarixi mənbələrə istinadla bildirilir ki, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışlar.
Məqalədə o da diqqətə çatdırılır ki, “Üç muşketyor” və “Qraf Monte Kristo” kimi klassik əsərlərin müəllifi olan məşhur yazıçı Aleksandr Düma 1858-ci ilin ortalarından 1859-cu ilin əvvəllərinə kimi Rusiyada və Qafqazda olub. Dümanın Qafqaza səyahətinin təəssüratları ilə bağlı 3 cilddən ibarət əsəri Parisdə çap olunub. Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr Düma orada Qarabağ xanının qızı, məşhur şairə Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onlar arasında səmimi dostluq münasibətləri yaranır. Fransız yazıçısı Düma Azərbaycan şairəsi Natəvanla şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı mat edir. Natəvanın cəmi 26, Dümanın isə 56 yaşı vardı. 2016-cı il fevralın 18-də Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılışı olub. Abidənin özülündə Xurşidbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat vardır.
Məqalədə tarixi faktlara əsasən bildirilir ki, XIX əsrin əvvəllərində – 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiyanın Qafqaz qoşunlarının baş komandanı general Sisianov arasında Kürəkçay müqaviləsi (“Andlı öhdəlik”) imzalandı. Bununla da Qarabağ xanlığı Rusiyanın tərkibinə daxil oldu və dərhal Qarabağda çarizmin mövqeyini möhkəmlətmək üçün ermənilərin buraya köçürülməsinə başlanıldı. Bu fakt onu göstərir ki, ermənilərin Qarabağa dair ərazi iddiaları əsassızdır. Çünki əgər ermənilər Qarabağ xanlığında yaşayıb vəzifə sahibi olsaydılar, general Sisianovla müqavilə Qarabağ xanı İbrahim xanla imzalanmazdı.
Məqalədə XX əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, xüsusilə 1992-ci il mayın 8-də qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərinin işğal edilməsi faktlara əsasən təhlil edilir. Bu təcavüz nəticəsində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət abidəsi və tarixi abidə, o cümlədən son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağarası, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray və s. erməni işğalçıları tərəfindən talan edilib, dağıdılıb və məhv edilib.
Məqalədə Şuşanın 27 ildir ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu diqqətə çatdırılır.
Məqalə ilə bu LİNKDƏN (http://focus-news.net/opinion/2019/05/08/49902/prof-elchin-ahmedov-aleksandar-dyuma-i-hurshidbanu-natavan-edna-nezabravima-sreshta-v-shusha.html?fbclid=IwAR0L93VvswdeRzsh2BolVOCq5M1amuzw0F8q1Q750a9bepj_s6c1_F3Og8g)tanış ola bilərsiniz.
Elçin Əhmədov