Dünya şöhrətli Azərbaycanlı rəssam İbrahim Səfi haqqında tədbir keçirilib-FOTO
Atatürk Mərkəzində dünya şöhrətli Azərbaycanlı rəssam İbrahim Səfi haqqında tədbir keçirilib. Oxu Akademiyası İbrahim Səfi haqqında sənədli filmin çəkilişinə statr verib.
Aktor.Az xəbər verir ki, Azərbaycan Atatürk Mərkəzi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Oxu Akademiyasının təşkilatçılığı ilə Atatürk Mərkəzində Azərbaycan və Türkiyə incəsənətinin ortaq dəyəri dünya şöhrətli rəssam İbrahim Səfinin yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans və rəsm sərgisi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov dünya şöhrətli Azərbaycan əsilli rəssam İbrahim Səfiyə həsr edilmiş tədbirin zəruriliyini vurğulayaraq Azərbaycan ictimaətinin bu rəssamı daha yaxından tanımasına ehtiyac olduğunu bildirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli rəssamın sənətin müxtəlif janrlarında yüksək nümunələr yaradaraq türk xalqlarının ortaq dəyərinə çevirməsindən danışıb. Vurğulayıb ki, İbrahim Səfi yaradıcılığına həsr edilmiş konfransın keçirilməsi Azərbaycan-Türkiyə mədəni əlaqələrinin əlamətdar hadisəsidir. İbrahim Səfi yaradıcılığının Azərbaycan ictimaiyyətinə təqdim edilməsi təqdirəlayiq addımdır. Çünki bu tədbir İbrahim Səfi haqqında cəmiyyətimizə ilk məlumatı çatdırmaq baxımından xüsusi önəm kəsb edir.
Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, millət vəkili İbrahim Səfi irsinin araşdırıcısı, Ülviyyə Həmzəyeva “Görkəmli rəssam İbrahim Səfinin həyat və yaradıcılığı” mövzusunda məruzə etmişdir. Görkəmli rəssamın həyat və yaradıcılığı haqqında geniş məlumat verən Ü.Həmzəyeva eyni zamanda “İbrahim Səfinin yaradıcılığının özünəməxsus xüsusiyyətləri mövzusunda dissertasiya işləməsi barədə də məlumat vermişdir. Ü.Həmzəyeva İbrahim Səfinin Qazi Mustafa Kamal Atatürkün naturadan çəkdiyi unikal şəkilini Atatürk Mərkəzinə hədiyyə etmişdir.
Bundan sonra əməkdar incəsənət xadimi Ziyadxan Əliyev İbrahim Səfi yardacılığı – Azərbaycan mühacirət rəssamlığı tarixi konteksdə adlı məruzə ilə çıxış etmişdir. Z.Əliyev mühacirətdə yaşayan görkəmli rəssamın yaradıcılığının daha da dərindən öyrənilməsi zərurətini vurğulamışdır.
Tədbir İctimai Televiziyanın Yayım Şurasının üzvü, jurnalist Sevil Yusifova da tədbirin zəruriliyindən və türk dünyasının ortaq dəyərinə çevrilmiş bu cür şəxslərin Azərbaycan ictimaətinə tanıdılmasının vacib olduğunu bildirmişdir.
Sonra çıxış edən Oxu Akademiyasının rəhbəri, hüquqşünas Səməd Vəkilov Azərbaycan və Türkiyə xalqlarının ortaq dəyəri olan, dünya şöhrətli rəssam İbrahim Səfinin parlaq şəxsiyyəti həm də ona görə örnək olmalıdır ki, o, yaradıcı insan olmaqla bərabər hər iki xalqın azadlığı uğrunda həm də döyüşçü kimi əlində silah vuruşmuşdur. S.Vəkilov Oxu Akademiyasının İbrahim Səfi haqqında sənədli film çəkəcəkləri barədə də məlumat vermişdir.
Həmçinin tədbirdə Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimovda çıxış etmişdir. Tədbirin sonunda İbrahim Səfinin ailəsi adından qardaşı nəvəsi Elşad Səfiyev tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, yaratdığı əsərlərlə dünya rəssamlıq sənətinin bir parçasına çevrilmiş Türkiyə və Azərbaycan xalqının ortaq dəyəri, dünya şöhrətli rəssam İbrahim Səfi kimdir? Səfiyev Rəhman Qafar bəy oğlu (sonradan İbrahim Səfi kimi tanınmışdır) 1898-ci ildə Şərur-Dərələyəz qəzasının Cəlilkənd kəndində anadan olmuşdur. Səfiyev Rəhman Qafar bəy oğlu Cəlilkənd orta məktəbini, İrəvan Müəllimlər Seminariyasını bititrdikdən sonra 1917-ci ildə Rusiya Ali Rəssamlıq Məktəbinə qəbul olmuş Rusiyada baş verən inqilab onun təhsilini yarımçıq qoyaraq, vətənə geri qayıtmasına səbəb olmuşdur. 1918-ci ildə Azərbaycanın bütün coğrafiyasında o cümlədən Naxçıvanda başlayan erməni-müsəlman qırğınları ilə əlaqədar Rəhman Səfiyev Qafqaz İslam Ordusu sıralarında Azərbaycan torpaqlarının ermənilərdən azad olunmasında iştirak etmişdir. Sonradan Qafqaz İslam Ordusu ilə birlikdə Türkiyəyə qayıdan Rəhman Səfiyev 1919-1920-ci il tarixlərində zabit kimi Türkiyədə Qurtuluş savaşında iştirak edib. 1923-cü ildə İstanbul İncəsənət Akademiyasından məzun olmuşdur.
Qazi Mustafa Kamal Atatürkün naturadan rəsmini çəkmişdir. Türkiyədə 1934-cü ildə soyad qanundan sonra İbrahim Səfi ünvanı ilə tanınmışdır. İlk yaradıcılığı dönəmində Türkiyənin məşhur rəssamı Namik İsmayılın emalatxanasında «Misafir Talebe» olaraq çalışmışdır. Müharibənin ağrı-acısını görmüş rəssam sonralar 1938-ci ildə çəkdiyi “Müharibənin nəticəsi” tablosunda yaşadıqlarını, gördüklərini insanların simasında əks etdirmişdir. 1953-cü ildə 55 yaşındaykən Zaharina adlı yunan qadınla evlənib. Məhşur rəssamın Türkiyədə 100 fərdi rəsm sərgisi keçirilmişdir. Sonuncu, yüzüncü fərdi sərgisi 4 yanvar 1983-cü il tarixində İstanbulda Oda Kule İş Mərkəzinin sənət salonunda keçirildikdən sonra axşam saatlarında İbrahim Səfi vəfat etmişdir.