Lukaşenko Azay Quliyevi qəbul edib
Aprelin 29-da ATƏT Parlament Assambleyasının vitse-prezidenti və qurumun İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev Minsk şəhərində keçirilən İpək Yoluna Dəstək Qrupunun ikinci beynəlxalq konfransı çərçivəsində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko tərəfindən qəbul olunub.
AZƏRTAC xəbər verir ki, Prezident Aleksandr Lukaşenko İpək Yoluna Dəstək Qrupunun Minskdə “Bir kəmər, bir yol: davamlı inkişaf və tərəqqi üçün əməkdaşlığın dərinləşdirilməsi” mövzusunda keçirdiyi beynəlxalq konfransı yüksək qiymətləndirdiyini bildirib.
ATƏT regionunda həll olunmamış münaqişələrə toxunan dövlət başçısı bildirib ki, ATƏT regionunda bir çox problemlər həll olunmamış qalır, bunlara qətiyyən göz yummaq olmaz. Dağlıq Qarabağ, Dnestryanı kimi münaqişələr öz həllini tapmalıdır.
Azay Quliyev qəbul üçün Aleksandr Lukaşenkoya təşəkkürünü bildirərək, Belarusun ATƏT Parlament Assambleyası üçün çox vacib, fəal və qurumun işinə töhfələri ilə seçilən bir üzv ölkə olduğunu deyib. O, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun ikinci beynəlxalq konfransının Bakıdan sonra Minskdə keçirilməsinin və ən önəmlisi, 2017-ci ildə İpək Yoluna Dəstək Qrupunun məhz Minskdə yaradılmasının Belarus Respublikasının bu ortaq işə marağının nə dərəcədə yüksək olduğunu sübut etdiyini bildirib.
ATƏT PA-nın vitse-prezidenti, həmçinin Azərbaycan ilə Belarus arasında bir çox sahələrdə uğurla inkişaf edən əlaqələrin, xüsusilə də Prezident İlham Əliyev ilə Prezident Aleksandr Lukaşenko arasındakı münasibətlərin dostluq və qardaşlıq nümunəsi olduğunu vurğulayıb. O, bu dostluğun parlamentlərarası və xalqlararası münasibətlərə də çox müsbət təsir etdiyini və ATƏT PA çərçivəsində hər iki ölkə arasında sıx əməkdaşlığa ciddi töhfə verdiyini qeyd edib.
Aprelin 29-da ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Belarus parlamentinin sədri Vladimir Andreyçenko ilə də görüşüb və İpək Yoluna Dəstək Qrupu çərçivəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.