“Rusiyada diasporumuzu narahat edən məsələlər müzakirə olunacaq” – Azər Allahverənov
“Rusiyada fəaliyyət göstərən təşkilatlarımızda bir pərakəndəlik var idi. Demək olar ki, bütün şəhərlərdə azərbaycanlıların diaspor təşkilatları var. Amma təəssüf ki, təşkilatlarımızın çıxış imkanları çox məhdud idi”.
Bu barədə “Sherg.az”a açıqlamasında Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov bildirib.
Onun sözlərinə görə, zaman-zaman Rusiya ərazisində müxtəlif adlar altında qurumlar yaradılırdı ki, bütün təşkilatlar bir çətir altında yığışmış olsunlar. Lakin sonradan bəzi səbəblərə görə diaspor fəaliyyətində müəyyən qeyri-mütəşəkkillik hiss olundu:
“Nəticədə təşkilatlar ayrı-ayrılıqda fəaliyyət göstərməyə üstünlük verirlər. Bəzi görünməyən qüvvələr təşkilatların birləşməsinə imkan vermirlər. Ona görə də təşkilatlar müstəqil şəkildə fəaliyyət göstərməyə üstünlük verirlər
Aprelin 27-də Rusiyada keçiriləcək forumu müsbət dəyərləndirirəm. Çünki ən azı yeni bir platforma yaradılacaq və bu platformada bir-birinə yaxın olan təşkilatlar təmsil olunacaqlar. Beləliklə, Rusiyada Azərbaycan diasporunu narahat edən məsələlər müzakirə olunacaq və müəyyən çıxış yolları axtarılacaq. Növbəti mərhələdə isə daha mütəşəkkil şəkildə və səfərbər olunmuş qaydada çıxış etmək üçün yeni zəminlər yaranacaq”.
Qeyd edək ki, Aprelin 27-də Rusiyada Azərbaycanlıların Birinci Moskva Forumu keçiriləcək. Məlumata görə, Rusiyada Azərbaycan diasporu nəhayət ki, birləşəcək.