Mingəçevirdə gənclərə Məşğulluq Proqramı barədə məlumat verilib
Azərbaycan Gənclər Fondunun əməkdaşı Mingəçevir Gənclər Evində gənclərlə görüşüb.
Fonddan Aktor.Az-a bildiriblər ki, qurumun Gənclərlə iş şöbəsinin aparıcı mütəxəssisi Ülvi Adıgözəlov görüşdə Gənclərin Məşğulluq Proqramı, eləcə də Azərbaycan Gənclər Fondunun gənclər üçün təklif etdiyi imkanlar haqqında qısa məlumat verib. Orta-ixtisas təhsil müəssisələri və ya ali təhsil müəssisələrini bitirmiş və hazırda heç bir yerdə çalışmayan gənclərə bildirilib ki, gənclərin məşğulluq proqramı çərçivəsində qeydiyyat elektron formada aparılır və müvafiq müraciətə 30-45 gün ərzində baxılaraq, nəticələr açıqlanır. Müraciətinə müsbət cavab alanlar proqram çərçivəsində işə cəlb olunmaqla, onların əməkhaqlarının 50 faizə qədəri 12 ay müddətinədək Gənclər Fondu tərəfindən subsidiyalaşdırılacaq. Maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial həssas kateqoriyadan olan və region gənclərinə üstünlük veriləcək.
Gənclər, həmçinin Fond və Məşğulluq Xidməti tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı qazanacaqlar. Proqramda iştirak etmək istəyən gənclər Fondun internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçərək, onlayn qaydada müvafiq vakansiyaya müraciət edə bilərlər.
Qeyd edək ki, Gənclərin Məşğulluq Proqramı Azərbaycan Respublikasının Gənclər Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birlikdə həyata keçirilir.