Əhməd Əhmədzadə Bərdədə vətəndaşları qəbul edib- FOTO
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə aprelin 24-də Bərdə şəhərində vətəndaşlarla görüşüb.
Aktor.Az xəbər verir ki, qəbuldan əvvəl cəmiyyətin sədri Əhməd Əhmədzadə və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Bərdə Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda Bərdə rayonu ilə yanaşı Ağdam, Tərtər və Yevlaxdan olan vətəndaşların da müraciətləri dinlənilib. Müraciətlər əsasən suvarma suyundan əziyyət çəkən fermerlərin su təchizatının yaxşılaşdırılması, yeni subartezian quyularının qazılması, nasos stansiyalarının qurulması və təmiri, suvarma kanallarının lildən təmizlənməsi kimi məsələlərlə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə tərəfindən diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi elə yerində öz həllini tapıb, digər müraciətlər üzrə ASC-nin məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.