Elməddin Behbud Qazaxıstanda Türk Şurasının tədbirlərinə qatılacaq
“23-25 aprel tarixlərində Qazaxıstanın Türküstan şəhərində Türk Şurasının 2-ci Gənc Liderlər Forumunun və Türk Dünyası gənclərinin Mədəniyyət və İncəsənət Festivalının açılışı keçiriləcək. Türk Şurasının yaradılmasının 10 illiyi ərəfəsində bu Forumun keçirilməsi adıçəkilən platforma çərçivəsində gənclərin əməkdaşlığının gücləndirilməsi baxımından mühüm addımdır. Həmçinin, bu istiqamətdə müzakirələrin genişləndirilməsi və mövcud potensialın qurumun prioritet məsələlərinin həlli istiqamətində səfərbər edilməsi üçün də xüsusi önəm kəsb edir”.
Bu sözləri Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud bildirib. Qeyd edək ki, hər iki mühüm tədbirdə Azərbaycan heyəti tərkibində E.Behbud da iştirak edəcək.
Elməddin Behbud deyib ki, ortaq və qədim tarixə, zəngin mədəniyyətə malik olan türk xalqlarının güclü milli dəyərlər üzərində inşa ediləcək gələcək konturlarının birgə müəyyənləşdirilməsi zərurəti bütün sahələrdə iş birliyinin və həmrəyliyin gücləndirilməsini tələb edir:
“Bildiyimiz kimi, Azərbaycan Türk Şurası 2009-cu ildə təsis olunduğu və fəaliyyətində aparıcı rol oynayan dövlətdir. Cənab Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir ki, Azərbaycan Türk Şurasına daxil olan ölkələrlə ikitərəfli və çoxtərəfli formatda münasibətlərin inkişafı və mövcud resursların milli məqsədlərin həyata keçirilməsi istiqamətində effektiv istifadəsi üçün prinsipal və davamlı fəaliyyət göstərir” (Modern.az).