Qocaman təhsil jurnalı “Azərbaycan məktəbi”-nin 95 ili tamam olur
Bu ilin aprel ayında Azərbaycanın elm və təhsil brendinə çevrilən “Azərbaycan məktəbi” (“Азербайджанская школа”) jurnalının 95 ili tamam olur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-nəzəri və pedaqoji jurnalı olan “Azərbaycan məktəbi” Azərbaycan pedaqoji fikrinin formalaşmasında ən əsas aparıcı mətbuat orqanlarından biri hesab olurdu. Ölkəmizdə ən uzunömürlü pedaqoji mətbuat orqanı sayılan jurnal 1924-cü ildən indiyə qədər pedaqoji fikirlərin, qabaqcıl təcrübənin, innovasiyalar və texnologiyaların təbliğatçısı kimi çoxlu işlər görmüşdür. Öz ətrafına təcrübəli pedaqoqlar toplayan bu jurnalın adı həmişə öncüllər sırasında çəkilmiş, təhsil mədəniyyətimizin yaradılması və inkişaf etdirilməsində, ən çevik və etibarlı mətbuat orqanı kimi tanınmışdır. “Azərbaycan məktəbi” Azərbaycan milli təhsilinin tarixi salnaməsidir. Onun səhifələrində ölkəmizin görkəmli pedaqoqları, Mehdi Mehdizadə, Əhməd Seyidov, Mərdan Muradxanov, Hüseyn Əhmədov, Əjdər Ağayev, Nurəddin Kazımov, Yusif Talıbov, Əliheydər Haşımov və digər yüzlərlə elm, sənət adamlarının, maarifçilər, metodistlər, məktəb rəhbərləri çıxış etmiş, təhsilimizin uğurları və inkişaf yolları haqqında pedaqoji ictimaiyyətə dəyərli fikir və təkliflərini çatdırmışlar.
Güclü inkişaf və dünyaya inteqrasiya
Hazırda “Azərbaycan məktəbi” jurnalı Azərbaycan Respublikası Təhsil Naziri Ceyhun Bayramovun göstərişi və qayğısı sayəsində yenidən reformasiya edilmiş və demək olar ki, dünya elminin ən yeni standartlarına cavab verəcək şəkildə yenidən dizayn edilərək nəşrinə davam etdirilmişdir. “Azərbaycan məktəbi” dünyaya Azerbaijan Journal of Educational Science adı altında beynəlxalq jurnal olaraq çıxır və onun səhifələrində Türkiyə, Rusiya, Ukrayna, Amerika, Yeni Zelandiya, Çin kimi ölkələrdən olan müəlliflərin yazılarına rast gəlmək mümkündür. Jurnalın www.journal.edu.az saytı yaradılımış və sayt vasitəsilə dünyanın hər yerindən məqalə qəbul edilməsinə başlanılmışdır (editor@journal.edu.az) . Jurnalın məhz “Pedaqoji elmlərin tədqiqatları” – “Azerbaijan Journal of Educational Studies” adı ilə dünyaya çıxması elm və təhsilimizin dünya arenasına uğurlu inteqrasiyasına sübutdur.
Bundan başqa jurnal artıq dünyanın nüfuzlu elmi bazalarına daxil olur və “Web of Science” elmsimetrik bazasına daxil olmaq yolunda uğurla irəliləyir. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən də tanın jurnala respublikamızın hər yerindən pedaqoqlar və tədqiqat işi apara doktorantlar, magistrlar, və profesorlar özlərinin standartlara cavab verən elmi məqalələrini göndərə bilərlər.
Beynəlxalq əlaqələr
“Azərbaycan məktəbi” pedaqoji fikrimizin yayılması, təbliği üçün bir müstəvi olmuşdur. Jurnalda Azərbaycan dilindən əlavə rus və ingilis dillərində də məqalələr dərc olunur. Jurnalın “Советская педагогика”, “Народное образование” (Belorus), “Учителская газета”, “Народная асвета” (Белорус), “Елагатуу” (Qırğızıstan), “Sovet maktabi” (Özbəkistan), “Sovet məktəbо” (Tatarıstan), “Скола да тсховреба” (Gürcüstan), “Раденская школа” (Ukrayna) “The Journal of Academic Social Science” (Türkiyə) və b. qəzet, jurnallarla sıx əlaqəsi olmuşdur. “Azərbaycan məktəbi” bu gün də öz ənənələrini davam etdirir.