Prezident İlham Əliyevin təhsillə bağlı sərəncamlarının çoxluğu bu sahənin prioritet olmasından soraq verir
Ötən ilin ən mühüm əlamətdar hadisəsi ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanması oldu. Azərbaycan xalqı 4-cü dəfə İlham Əliyevə yüksək etimad göstərməklə bir daha sabitliyə, inkişafa səs verdi. Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bu 1 ildə bütün istiqamətlərdə – iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Təhsil işçisi olaraq ölkə başçısının təhsillə bağlı verdiyi sərəncamları, aparılan islahatları, sosialyönümlü tədbirləri xüsusi vurğulamaq istəyirəm. Əvvəla qeyd edim ki, Prezident İlham Əliyevin rəhbərlik fəaliyyətinin hər dönəmində imzaladığı sənədlər sırasında təhsillə bağlı sərəncamların çoxluğu bu sahənin prioritetlər sırasında olmasından soraq verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədova deyib.
G.Məmmədova bildirib ki, bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikanın iqtisadi kapitalının, maddi resurslarının insan kapitalına çevrilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ölkə iqtisadiyyatının dinamik inkişaf səviyyəsi Azərbaycanda təhsilin inkişafına, bu sahədə geniş məzmunlu islahatların həyata keçirilməsinə, müasir infrastruktur bazasının yaradılmasına, təhsil infrastrukturunu yeniləşdirməyə imkan verir. Ölkəmizdə təhsil sahəsinə investisiyaların yönəldilməsinin şahidi oluruq, bu addım dünyanın inkişaf etmiş ölkələri sırasında yer tutmağı qarşısına məqsəd qoyan Azərbaycanın gələcəyinə yönəldilən sərmayələr kimi qiymətləndirilməlidir. Böyük əhəmiyyəti olan dövlət qərarları sırasında bu il təsdiq edilməsindən 5 il ötən Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını da qeyd etmək vacibdir. Strategiyada nəzərdə tutulmuş 5 əsas istiqamət üzrə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi təhsilimizin davamlı inkişafını təmin edir.
Prezidentin ölkəyə rəhbərlik etdiyi illər ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri orta təhsilin inkişafı və yenidən qurulmasıdır. Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təmini, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi orta məktəb təhsilinin inkişafı üçün gözəl təməl yaratdı. Ölkə ərazisində bu günə qədər 3200-dən çox məktəb tikintisinin həyata keçirilməsi, bir çoxunun əsaslı təmir olunması, maddi-texniki bazalarının möhkəmləndirilməsi, müəllim nüfuzunun yüksəldilməsi üçün məqsədyönlü siyasətin aparılması və digər müsbət işlər dövlətin, ölkə Prezidentinin prioritet saydığı strateji əhəmiyyətli təhsil siyasətinin tərkib hissələridir.
“Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini də xüsusi qeyd etməliyəm. Düşünürəm ki, bu proqram tələbələri daha səylə, həvəslə oxumağa, bilik və bacarıqlarını artırmağa ruhlandıracaq. Yeni Dövlət Proqramının məqsədləri kifayət qədər aydındır. Ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiqi sənəddə əsas məqsəd kimi irəli sürülüb. Ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin proqramlarına uyğun olaraq təşkili təmin ediləcək. Beləliklə, aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanları hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olacaq. Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaradacaq, təhsillərini Azərbaycanda davam etdirən gənclərimizə yeni imkanlar açacaq. Nəticədə ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənəcək. Onların dünya reytinqində irəliləməsi təmin olunacaq”, – deyə rektor bildirib.
Professor qeyd edib ki, Dövlət Proqramı Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsinə yönəlmiş fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur. Vətəndaşlarımızın doktorantura səviyyəsi üzrə təhsil almaları məqsədilə ölkə üçün prioritet istiqamətlər müəyyənləşdirilərək yüksək reytinqə malik xarici universitetlərin seçilməsi və gənclərimizin bu universitetlərdə doktorantura təhsilinin maliyyələşdirilməsi proqramda öz əksini tapıb. Bundan başqa, Prezident İlham Əliyevin 2018-ci ildə sosialyönümlü dövlət quruculuğunun təmin olunması istiqamətində apardığı uğurlu siyasət, mühüm islahatlar xüsusi vurğulanmalıdır. Sosial sahəyə xüsusi diqqət həmişə İlham Əliyev siyasətinin aparıcı istiqamətlərindən biri olub. Vətəndaşların yaşayış səviyyəsi, sosial təminatlarının yüksəldilməsinə yönəldilmiş qərarların davamlı şəkildə həyata keçirilməsi Prezidentin uğurlu fəaliyyətinin vacib komponentlərindən biridir.
Rektor vurğulayıb ki, dövlət başçısının təqaüd sisteminin təkmilləşdirilməsi, habelə doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncamları ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılması baxımından çox əhəmiyyətlidir. Həmin sənədlərə əsasən, 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artdı. Sosial humanizmin ən mühüm istiqamətlərindən biri kimi dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, göstəriciləri yaxşı olan bütün tələbələrin təqaüdləri yüksəldi. Tələbə təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması təhsilin əlçatanlığına müsbət təsir göstərəcək və inanırıq ki, elm və təhsilə marağın daha da stimullaşmasına, ölkəmizdə elm və təhsilin inkişafına töhfəsini verəcək. Həmin siyasətə uyğun olaraq ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16 min vahid artırıldı. Bu sosial qayğı sayəsində təqaüd alan tələbələrin sayı növbəti ildə 31 faizdən 45 faizə, 2021-ci ildə 50 faizə çatdırılacaq.
“Ölkə Prezidentinin 1 illik fəaliyyəti Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasi ideologiyanın ardıcıl surətdə, davamlı şəkildə həyata keçirilməsinin daha bir nümunəsi oldu. Biz şübhə etmirik ki, bu siyasət gələcəkdə də davamlı olacaq və ölkəmizin uğurlu inkişafını təmin edəcək”, – deyə G.Məmmədova bildirib.