FotoGündəmManşetSiyasətXəbər xətti

Ədliyyə Nazirliyi və Mətbuat Şurası birgə tədbir keçirdi – FOTO

Bu gün Bakı Biznes Mərkəzində Ədliyyə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Qeydiyyat və notariat fəaliyyəti, İKT və informasiya siyasəti” mövzusunda brifinq keçirilib.

Ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılmasını təmin etmək məqsədi ilə keçirilən tədbirdə nazirliyin aidiyyəti struktur qurumlarının, Mətbuat Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və digər vətəndaş cəmiyyəti, eləcə də çoxsaylı KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova açıq hökumətin təşviqi prinsipindən irəli gələrək əhalinin mütəmadi maarifləndirilməsi işində vətəndaş cəmiyyəti institutları və kütləvi informasiya vasitələrinin mühüm rolunu qeyd edib, tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, fəaliyyətini hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında quran Ədliyyə Nazirliyi media orqanları ilə əməkdaşlığa daim xüsusi önəm verir və nazirliyin bütün fəaliyyət istiqamətləri barədə brifinqlərin keçirilməsi mütəmadi xarakter daşıyır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə qeyd edib ki, Ədliyyə Nazirliyi ilə Mətbuat Şurası ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması məqsədi daşıyan birgə layihələrə start verib. Bildirilib ki, artıq 1 aydan çoxdur Mətbuat Şurası ilə nazirlik bu istiqamətdə fəaliyyət göstərir. Layihə nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə silsilə tədbirlərin, mətbuat konfranslarının və brifinqlər keçirilməsini nəzərdə tutur. Bu baxımdan martın 6-da keçirilən ilk tədbir Ədliyyə Nazirliyinin icra, probasiya, istintaq və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində fəaliyyətinə və yeniliklərə həsr olunub. Martın 12-də isə Ədliyyə Akademiyasında  “Probasiya xidmətlərinin yaradılması, qarşıda duran vəzifələr” mövzusunda seminar keçirilib.

Bugünki tədbirin də əhəmiyyətini qeyd edən Ə.Amaşov birgə əməkdaşlığın müsbət nəticələr verdiyini, artıq Ədliyyə Nazirliyinin fəaliyyəti ilə bağlı yerli mediada xəbər və məlumatların sayında kifayət qədər artım müşahidə olunduğunu diqqətə çatdırıb.

Sonra nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov, İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə və Əhalinin Dövlət Reyestri Xidmətinin baş məsləhətçisi Abbas Teymurzadə bu sahələrdə fəaliyyətin təşkili, həyata keçirilən islahatlar və yeniliklər barədə təqdimatla çıxış ediblər.

Tədbirdə ədliyyə və məhkəmə sahəsində tətbiq olunan innovasiyalarla tanış olan media nümayəndələrinə notariat hərəkətlərinin rəsmiləşdirilməsində tətbiq olunan rəqəmsal texnologiyalar, o cümlədən, notariat ofislərini vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sistemi barədə məlumat verilib. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə ötən ilin noyabrında qəbul etdiyi “Notariat haqqında” qanuna edilən əsaslı dəyişikliklərin daha müasir texnologiyaların və innovasiyaların tətbiqinə geniş imkan yaratdığı qeyd olunub.

Daha sonra məsafədən xidmətlərə tələbatın artması ilə əlaqədar və əhalinin məmnunluğunun təmin edilməsi üçün müasir avadanlıqla təchiz olunan “Elektron notariat” informasiya sisteminə birbaşa çıxışı olan notariusların xüsusi səyyar çantaları, habelə bu yaxınlarda istifadəyə verilmiş elektron ədliyyə köşkü barədə məlumat verilib. Bununla yanaşı, ölkə başçısının rəhbərliyi ilə sahibkarlıq sahəsində həyata keçirilən islahatlar, onların səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, bu sahədə yoxlamaların dayandırılması ilə bağlı qəbul etdiyi fərman və sərəncamlar, qanunvericiliyə edilmiş mütərəqqi dəyişiklikliklərə əsasən iştirakçısı olduqları müqavilələr üzrə öhdəliklərin notariusun icra qeydi əsasında sadələşdirilmiş elektron qaydada həyata keçirilməsi imkanları xüsusilə vurğulanıb.

Həmçinin, vətəndaşların ailə və mülki hüquq münasibətlərindən yaranan sənədlərin toplanmasını və mühafizəsini həyata keçirən Dövlət notariat arxivinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin fəaliyyəti işıqlandırılıb. Bildirilib ki, hazırda vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərinin avtomatlaşdırılmış qaydada aparılması 15 milyona yaxın arxiv sənədlərinin rəqəmsallaşdırılması nəticəsində mümkün olub.

Görülən tədbirlər sırasında ailə-nikah münasibətlərinin qorunub saxlanmasına xidmət edən, vətəndaş cəmiyyəti institutları ilə birgə layihə çərçivəsində qeydiyyat şöbələrində təşkil olunan psixoloqların mediasiya xidmətlərinin sosial əhəmiyyəti barədə danışılıb.

Qeyd olunub ki, ötən ilin sentyabr ayından verilməsinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısındakı məlumatlar “Əhalinin Dövlət Reyestri” informasiya sistemindən əldə edilir, keçən əsrdə müxtəlif əlifba ilə tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktları barədə milyonlarla məlumatların eyniləşdirilməsi həyata keçirilməklə mötəbərliyi təmin edilir.

Tədbirdə, həmçinin, ədliyyə orqanları tərəfindən əhaliyə 30-dan çox elektron xidmətlərin göstərildiyi, onların səmərəliliyinin artırılması və tətbiqinin genişləndirildiyi vurğulanıb. İnnovativ həllərin tətbiqinin məhkəmələrin fəaliyyətində də geniş vüsət aldığı, “Elektron məhkəmə” informasiya sisteminin vətəndaşların məhkəmələrə elektron müraciət imkanlarını yaratdığı, ədalət mühakiməsinin əlçatanlığını asanlaşdırdığı qeyd olunub.

Tədbirdə sual-cavab sessiyası keçirilib, fikir mübadiləsi aparılıb, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.

 

Bir cavab yazın