AzMİU-da Aprel zəfərinin 3-cü ildönümü qeyd olunub – FOTO
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilib. Universitetdən Aktor.Az-a verilən məlumata görə, AzMİU-nun rektoru, professor-müəllim heyəti,tələbələri və qazilərin iştirakı ilə baş tutan tədbir Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ölkə prezidenti, ali baş komandan İlham Əliyevin Aprel döyüşləri ilə bağlı tarixi çıxışını və
Ordumuzun qüdrətini əks etdirən videoçarxın nümayişindən sonra tədbirdə iştirak edən Aprel
döyüşlərinin iştirakçısı, baş leytenant Əhliyyət Mehdiyev 2016-cı ilin aprel ayında cəbhə
xəttində baş vermiş hadisələri təhlil edib, Aprel zəfərini Azərbaycan əsgərinin qəhrəmanlıq
salnaməsi adlandırıb. O vurğulayıb ki, həmin hadisələr əsgərlərimizin döyüş və mənəvi-psixoloji
hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. “Bu döyüşlər dövlətin və ordunun
gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla
barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha
göstərdi”. Ə.Mehdiyev gəncləri vətəni daha çox sevməyə, xalqımızın qəhrəman oğullarından
nümunə götürərək vətən uğrunda canlarından belə keçməyə hazır olmağa çağırıb,
torpaqlarımızın bir qarışının belə ermənilərdə qalmaması üçün döyüş ruhunu qorumağa səsləyib.
Aprel döyüşlərinin iştirakçısı, qazi Hikmət Məmmədov şəhidlərin xatirəsinin daim əziz
tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin
bir nümunə olduğunu diqqətə çatdırıb. O, gənclərə şəhid ailələrinə, onların doğmalarına
həssaslıqla yanaşmağı, daim onlara mənəvi dəstək göstərməyi tövsiyə edib, sosial şəbəkələrdə
fəallıq göstərərək qəhrəmanlarımızı xalqa tanıtmağa, onlar haqqında daha çox paylaşımlar
etməyə çağırıb. Çıxışının sonunda döyüşlərdə yaralanmasına baxmayaraq, yenə də sırada
olduğunu qeyd edən zabit döyüşçü vurğulayıb ki, işğal altında olan torpaqlarımızın azad edilməsi
və bayrağımızın həmin ərazilərdə dalğalandırılması üçün döyüşlərə həmişə hazırdır.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxışında tədbirdə iştirak edən
qazilərə təşəkkürünü bildirib, tədbirin keçirilməsində əsas məqsəqin yeniyetmə və gənclərdə
vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə vermək olduğunu diqqətə çatdırıb. “Azərbaycanın
müasir hərb tarixinin zəfər səhifəsi sayılan aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş
bu tədbir, burda qazilərimizin, tələbələrimizin çıxışları göstərir ki, gənclərimiz Aprel
döyüşlərində qazanılan qələbələrdən çox ruhlanıb, bu döyüşlərdə həlak olmuş əsgərlərimizin
qəhrəmanlığı ilə fəxr edib qürur hissi keçirir”.
Tədbir AzMİU tələbələrinin ifasında maraqlı kompazisiyalar, şeir və musiqi nömrələri ilə
davam edib.