“Əli İnsanov boş-boş danışmasın, prezidentə minnətdarlığını bildirsin” – DEPUTAT
Millət vəkili İlham Məmmədov prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam və keçmiş səhiyyə naziri Əli İnsanovun verdiyi bəynatla bağlı Aktor.Az-a açıqlama verib.
O, prezidentin bu istiqamətdə atdığı addımları və həyata keçirdiyi siyasəti təqdir edib:
“Ölkənin inkişafında sabitlik və əmin-amanlıq çox mühüm bir amildir.Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasəti görürük və bunu Azərbaycan xalqı yüksək qiymətləndirir. Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən keçən 15 il ərzində biz bunun dəfələrlə şahidi olmuşuq.Prezident İlham Əliyev Azərbaycanın modern dünyanın yeni çağırışlarına uyğunlaşdırılması üçün kompleks proqramlar həyata keçirir. Bu islahatlar imkan verəcək ki, Azərbaycan regionun lider dövləti statusunu qorumaqla yanaşı, yeni nailiyyətlər qazansın, dünyanın modern, inkişaf etmiş ölkələri sırasında öz yerini möhkəmləndirsin.Həyata keçirilən islahatlar proqramı sosial, iqtisadi, siyasi, hüquqi, humanitar sahələri kompleks şəkildə əhatə etməklə paralel şəkildə aparılır. Proses elə yönləndirilir ki, onun təsiri hər bir evdə, ailədə hiss olunur, hər bir vətəndaş bu prosesin nəticəsini öz şəxsində görə bilir. Bu baxımdan məhbus həyatı yaşayan şəxslərin də nəzərdən qaçırılmaması təbii qarşılanmalıdır. Prezidentin humanitar aksiyaları onun fəaliyyəti dövründə həmişə olub, sistemli xarakter daşıyıb”.
Millət vəkili bildirib ki, prezidentin fərqli fikir daşıyıcılarına qarşı humanist davranışları onun gücünün, qüdrətinin, xalq tərəfindən yetərli dəstək almasının bariz nümunəsi kimi şərh olunur:
“Təsadüfi deyil ki, sonuncu əfv sərəncamı həm ölkə içindəki müxalifət partiyaları, həm də beynəlxalq təşkilatlar tərəfindən pozitiv bəyanatlarla qarşılandı. Hesab edirik ki, prezidentin bu addımı ölkədə həmrəyliyin daha da artmasına, xalqın prezidentin ətrafında daha sıx birləşməsinə təkan vermiş olacaq.Hər il prezidentin humanistliyi nəticəsində cəzaya məhkum olunmuş insanların əfv olunmasının və ya aministiya aktı ilə bağışlanmasının şahidi oluruq. Biz bunu bir daha 2019-cu ilin Novruz bayramı ərəfəsində gördük. Ölkə başçısı yüzlərlə ailəyə sevinc bəxş etdi, xeyli sayda məhkum olunmuş insanı əfv etdi. Bilirsiniz, əfv elə bir hüquqi kateqoriyadır ki, o yalnız müstəsna olaraq ölkə prezidentinin səlahiyyətlərinə aiddir. İnsanlar müxtəlif səbəbdən qanunu pozub, bilərərkdən, bilməyərəkdən cinayət törədib və məhkum olunub. Bir qədər öncə qeyd etdiyim kimi, burada onların siyasi baxışına, mövqeyinə, şəxsiyyətinə, dünya görüşünə heç bir fərq qoymadan prezident 400-dən çox insanı əfv etdi. Əvf olunan vətəndaşlarımız da televiziya, mətbuat vasitəsi ilə ailələri adından və öz adından ölkə başçısına bu humanist addımına görə təşəkkürlərini bildirdilər”.
İlham Məmmədov sabiq səhiyyə naziri Əli İnsanovun verdiyi bəyanatlara da mövqeyini bildirib:
“Əlbəttə, biz insanların etdikləri əməllərə görə məhkum olunmalarına dair hüquqi qiymətdən danışa bilmərik. Bu, məhkəmənin səlahiyyətindədir. Keçmiş səhiyyə naziri Əli İnsanov da prezidentin bu humanist addımından yararlanıb və adı əfv olunanlarının siyahısına daxil olunub, azadlığa buraxılıb. Ancaq çox təəsüf edirəm ki, Əli İnsanov azadlığa çıxan kimi məsləkinə uyğun jurnalistlər qarşısında bildirdi ki, onun azad olunması üçün güya Qərb və Amerika konqresi səy göstərib, onun azad edilməsinə rəvac veriblər. Birincisi, Əli İnsanov bilməlidir ki, prezident İlham Əliyevlə heç kim diktə və güc vasitəsilə danışa bilməz. Əli İnsanov yaşının ixtiyar çağı nəzərə alınaraq prezident tərəfindən əfv olunub. İnsani baxımdan, əxlaqi baxımdan o, bu humanist aksiyaya minnətdarlıqla cavab verməliydi. Ancaq, təəssüf ki, uzun müddət həbs həyatı keçirməsinə, qapalı vəziyyətdə olmasına baxmayaraq, Əli İnsanov azad olunan kimi fəxrlə bəyan etdi ki, bu illər ərzində oğru qanunlarına necə lazımdı əməl edib. Ailəsi, övladları ilə bir dəfə də olsun nə görüşməyib, nə də telefonla danışmayıb. İndi təsəvvür edin ki, belə bir insanın vücudunda, yəqin ki, döyünən ürək yox, qəddarlığı, qəzəbi, kini, küdurəti, pisliyi özündə cəmləmiş bir daş parçası var. Hesab edirəm ki, belə bir insandan hansısa bir insani keyfiyyətləri gözləmək də düzgün olmaz. Ancaq, heç olmasa Əli İnsanov keçmiş yaddaşına nəzər salsa görər ki, vaxtı ilə malik olduğu imtiyazları, yüksək məqamları, akademiklik titulunu ona məhz Ulu öndərimiz Heydər Əliyev vermişdir. Bəs o nə etdi? Onu bu məqamlara qaldıran Ulu öndərimiz Heydər Əliyevə, onun qurub yaratmış olduğu müstəqil Azərbaycanımızın gələcək inkişafını təmin edəcək və Heydər Əliyevin özü qədər inandığı davamçısı İlham Əliyevə xəyanət etdi”.
Parlament üzvü Əli İnsanova məsləhət də verib:
“Bu günlərdə mətbuatda Əli İnsanovun hələ 2005-ci ildə bağışlanması üçün cənab prezidentə ünvanladığı müraciəti dərc olunmuşdu. Müraciətdən görünür ki, o, xəyanət yolu seçib, haram yola əl atıb. Odur ki, Heydər Əliyevin ona yaxşılıqları burnundan gəldi, haramı oldu-budu qısası. Mən başa düşə bilmirəm, Əli İnsanov özündə hansı bir qeyri-adiliyi xalqın xilaskarı olması ideyasını düşünür? Yəqin ki, bu, onun xəstə və qəddar təxəyyülünün, Don Kixotluğunun təzahürüdür. Heydər Əliyev bu xalqın xilaskarı kimi doğulub. Azərbaycanın parçalanmaq, məhv olmaq ərəfəsində xalqın təkidli tələbi ilə qayıtdı və xalqı xilas etdi, müstəqil Azərbaycan dövlətini qurdu, dünyada söz sahibi etdi. Bu gün dünyanın dörd bir tərəfinə səpələnmiş azərbaycanlılar Azərbaycanımızı öz evləri hesab edir və qürur duyurlar. Yoxsa ki, boş-boşuna Əli İnsanovun danışması – Qərb demokratiyası burdan gəldi, Amerika konqresi ordan getdi.Amerika Konqresinin işi-gücü qurtarıb gecə-gündüz fikirləşir ki, Əli İnsanov demokratiya-demokratiya oynayır, ona bir az oyuncaq yollayar. Doğurdan da bu çox gülüncdür və qəbuledilməzdir. Bir də ki, görəsən, Əli İnsanov hansı haqla özünü Qərbi Azərbaycandan olan vətəndaşlarımızın ağsaqqalı hesab edir, kim ona verib bu hüququ. Azərbaycanın qərbi də, şimalı da, cənubu da, şərqi də bizimdi və coğrafi məkanların hər birinin çox saylı ləyaqətli övladları, alimləri, akademikləri, el ağsaqqalları, ağbirçəkləri, nüfuzlu kişiləri, qeyrətli qadınları var. Sadəcə Əli İnsanov və onun bir qrup tərəfdarları xalqı bir-biri ilə üz-üzə qoymaq istəyir. Yaxşısı budur ki, Əli İnsanov ömrünün ahıl yaşında keçdiyi yola bir nəzər salsın, boş vaxtını yaxınları ilə istirahətə həsr etsin, tibb sahəsində elmi işlərini davam etdirsin. Yəqin ki, o zaman xalqına daha çox xeyir vermiş olar”.