“Avropa Şurasının 70 illiyinə həsr olunmuş İnşa Yazı Müsabiqəsi” elan edildi
Gənclər Fondu “Avropa Şurasının 70 illiyinə həsr olunmuş İnşa Yazı Müsabiqəsi” elan edir.Aktor.Az xəbər verir ki, Gənclər Fondu məlumat yayıb.
İnşa yazı müsabiqəsi haqqında: 2019-cu il ərzində Avropa Şurasının yaranmasının 70 illik yubileyi ilə əlaqədar olaraq Avropa Şurasına üzv dövlətlərdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İnşa yazı müsabiqəsi Avropa Şurasının 70 illik yubileyi ilə əlaqədar olaraq ölkəmizdə həyata keçiriləcək bu qəbildən olan tədbirlərdən biri olaraq icrası Gənclər Fonduna həvalə edilib.
Müraciət tarixi: 5- 24 mart 2019-cu il
İnşanın göndəriləcəyi elektron ünvan:info@ayf.az
Mövzu: “Gələcəyin Avropalısını təsəvvür edərkən”
Müsabiqənin əsas məqsədi Avropa Şurasına üzv olan 47 ölkədə yaşayan 840 milyon insanı birləşdirən ümumi dəyərlər və mədəniyyəti əks etdirən gənc nəslin gələcəyin Avropalısını necə təsəvvür etdiyinə dair fikirlərin bölüşməsidir.
Mövzu çərçivəsində Avropa Şurasının əsas missiyalarından olan insan hüquqları, demokratiya və hüququn aliliyi mövzularına da toxunulması mümkündür.
İnşanın həcmi: maksimum 1000 söz.
Dil: inşa Azərbaycan, ingilis və ya rus dillərində yazıla bilər.
İştirakçılar: 14-18 yaş arası Azərbaycan vətəndaşları.
Mükafat: İnşa müsabiqəsinin qalibi 2019-cu ilin payızında Fransanın Strasburq şəhərində Avropa Şurasının 70 illik yubileyinə həsr ediləcək mərasimə dəvət olunaraq xüsusi diplomla təltif olunacaqdır. Qalibin səfər xərcləri (yol və yaşayış) Avropa Şurası tərəfindən qarşılanacaqdır. İkinci və üçüncü yerin qalibləri isə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən mükafatlandırılacaqdır.
Qeyd: İştirakçıların inşaların özləri tərəfindən yazıldığına dair təsdiq məktubu yazaraq Gənclər Fondunun rəsmi elektron ünvanına inşa ilə birlikdə göndərmələri zəruridir.
Yazı qaydaları:
- İlk səhifədə inşanın adı, inşanı yazan şəxsin adı, soyadı, oxuduğu müəssisənin adı və inşadakı söz sayı qeyd olunmalıdır;
- Bütün inşalar elektron qaydada (Microsoft Word formatında) Fondun qeyd olunmuş elektron ünvanına (info@ayf.az) göndərilməlidir. Elektron məktubun mövzu hissəsində İnşanın adı qeyd olunmalıdır;
- Təkrar yazılmasında şübhəli olan bütün inşalar müsabiqədən dərhal kənarlaşdırılacaqdır;
- Münsiflər heyətinin qərarı yekundur və apellyasiyaya məruz qala bilməz;
- İstinadlar olduğu halda son səhifədə qeyd olunmalıdır.