“Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda müzakirələr aparılıb
Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Qlobal çağırışlar: ekstremizmə qarşı diasporun rolu” mövzusunda tədbir keçirilib.
Diasporla iş üzrə Dövlət Komitəsindən Aktor.Az-a verilən məlumata görə, tədbir Şahin Şıxlinskinin rəhbərlik etdiyi “Azərbaycan Mədəniyyət Mərkəzi” Sverdlovsk Regional İctimai Təşkilatı tərəfindən təşkil edilib.
Görüşdə Sverdlovsk, Çelyabinsk, Tümen, Perm, Xantı-Mansiysk, Yamalo-Nenets və digər regionlarda fəaliyyət göstərən 25 Azərbaycan diaspor təşkilatının sədr və nümayəndələri bir araya gəliblər.
Müzakirələrə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin I ərazi şöbəsinin müdiri Ruslan Quliyev və ekspert-analitik Teymur Atayev də dəvət olunub. Ruslan Quliyev qonaqları Komitə sədri Fuad Muradovun adından salamlayıb, Ural Federal Dairəsi üzrə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının işini hər zaman yüksək qiymətləndirdiklərini nəzərə çatdırıb.
Tədbirdə gənc nəslin maraq dairəsində olan məsələlər xüsusi müzakirə olunub, onları sağlam həyat tərzinə və yüksək təhsilə təşviq edən bir çox layihələrin həyata keçirilməsinin vacibliyindən danışılıb.
Teymur Atayev Rusiyada yaşayan azərbaycanlı gənclərin intellektual potensialının yüksək olduğunu qeyd edib, onların hər iki ölkənin mədəniyyətini özlərində cəmləşdirmələri ilə bərabər, daim milli kimliklərinə sahib çıxmaları barədə fikirlərini bölüşüb. Şahin Şıxlinski həm gənclərin inkişafına yönələn layihələrdən danışıb, həm də bu gün dünyamızda etnik və dini münaqişələrin qarşısının alınması üçün bütün cəmiyyətin səfərbər olmasının əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda diaspor nümayəndələri millətlərarası münasibətlərin inkişafı və möhkəmləndirilməsi sahəsində göstərdikləri fəallığa, ümumiyyətlə diaspor siyasətinin həyata keçirilməsindəki xidmətlərinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi adından fəxri diplomlarla təltif olunublar