GündəmManşetSiyasət

Elçin Əhmədov: Azərbaycan dünya miqyaslı forumların keçirildiyi və qlobal məsələlərin müzakirə edildiyi məkana çevrilib

Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində, eləcə də coğrafi baxımdan Avropa ilə Asiya arasında yerləşir. Bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynayır. Əsrlərboyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və təhlükəsizlik şəraitində bir ailə kimi yaşayıblar. Son vaxtlar təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər baş qaldırıb ki, onlar artıq müasir dövrdə sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.

Bu fikirləri Aktor.Az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib.

E.Əhmədov bildirib ki, Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib. Belə ki, Bakıda keçirilən dünya miqyaslı müxtəlif tədbirlər Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb. Belə mötəbər tədbirlərdən biri də aktual xarakterli qlobal məsələlərin müzakirə edildiyi, martın 14-16-da keçirilən VII Qlobal Bakı Forumudur. Forumun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak edib. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Forumda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər iştirak edib. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə olunub. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu mövzular arasında “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digərləri mühüm aktuallıq kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VII Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir.

Prezident İlham Əliyev Forumun açılışında dərin məzmunlu çıxışında bildirdi ki, əvvəlki forumların mövzuları qlobal məsələlərin bugünkü gündəliyini əks etdirir: “Qlobal gündəlikdə çox sayda beynəlxalq tədbir, konfrans var. Lakin keyfiyyət iştirakçıların siyahısına, onların təcrübəsinə və intellektual potensialına görə ölçülür. Bu səbəbdən, mən düşünürəm ki, Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var. Əminəm ki, qarşıdakı günlərdə müzakirə olunacaq məsələlər beynəlxalq münasibətlərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar verənlərin diqqətini cəlb edəcək”.

Dövlətimizin başçısı Azərbaycanın xarici siyasəti barədə danışarkən qeyd etdi ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir, eləcə də milli maraqlarımıza əsaslanır. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir: “Düşünürəm ki, biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq. Əlbəttə ki, istənilən ölkə, o cümlədən Azərbaycan üçün qonşularla münasibətlərin qurulması əsas prioritetdir. Bu mənada, sonuncu Forumdan bəri bizim əlaqələrimiz güclənib. Biz qonşularımızla qarşılıqlı maraqlara, qarşılıqlı hörmətə əsaslanan çox məhsuldar işçi münasibətlər qurmuşuq. Bu, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində daha çox körpü qurmağa kömək edir. Bu səbəbdən, bizim qonşu ölkələrlə ənənəvi əlaqələrimiz regional təhlükəsizliyi təmin edir”.

Regional təhlükəsizlikdən danışan dövlətimizin başçısı xüsusi vurğuladı ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edir və bu işğal nəticəsində Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ və ölkəmizin digər 7 rayonu işğal altındadır, bir milyondan çox qaçqın və məcburi köçkün işğaldan əziyyət çəkir, eləcə də xalqımız etnik təmizləməyə məruz qalıb. Azərbaycan Prezidenti dedi ki, işğal olunmuş ərazilərdəki bütün tarixi abidələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb və bu, işğal olunmuş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərmiş ATƏT-in hesabatında öz əksini tapıb. Azərbaycan torpaqlarının işğalını beynəlxalq hüququn, əsas beynəlxalq təşkilatların müvafiq qətnamələrinin və qərarlarının kobud şəkildə pozulduğunu diqqətə çatdıran dövlət başçısı qeyd etdi ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmiş və onlar Ermənistan tərəfindən yerinə yetirilmir: “BMT Baş Assambleyası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Qoşulmama Hərəkatı və digər təşkilatlar oxşar qətnamə və qərarlar qəbul ediblər. Onlar beynəlxalq hüquqa, ədalətə əsaslanır və münaqişənin sülh yolu ilə həlli üçün hüquqi baza yaradır. Status-kvo qəbuledilməzdir. Danışıqları təşkil etmək üçün mandata sahib olan ATƏT-in Minsk qrupu ölkələrinin prezidentləri dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və biz bunu tam dəstəkləyirik. Status-kvo dəyişməlidir və bunu etmək üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağa başlamalı, qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa imkan yaratmalıdır. Ermənistan hökuməti danışıqların formatını dəyişmək üçün cəhdlər edib və biz hələ də bu cəhdləri görürük. Bu, tamamilə qəbuledilməz və qeyri-effektivdir. Biz bunu danışıqlar prosesini əngəlləmək cəhdi hesab edirik”.

Azərbaycan Prezidenti İlham Əliyev vurğuladı ki, danışıqlar formatı uzun illər ərzində işlənib hazırlanmış və onu dəyişmək üçün birtərəfli qaydada edilən istənilən cəhd danışıqlar prosesini əngəlləmək cəhdi kimi qiymətləndirilir və bütün məsuliyyət bunu etməyə çalışan tərəfin üzərinə düşür: “Bu səbəbdən, birincisi, danışıqlar formatı dəyişdirilə bilməz və ikincisi, danışıqlar nəticəyönümlü olmalıdır, sadəcə, danışıqlar xatirinə olmamalıdır. Azərbaycan bu prosesi davam etdirməyə hazırdır və danışıqların nəticəsi olaraq bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Ona görə də, münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın xarici siyasət prioritetləri, həmçinin beynəlxalq təşkilatlarla əlaqələri əhatə edir və ölkəmiz beynəlxalq təşkilatlar arasında körpülər yaradan müxtəlif təşəbbüslərdə fəal şəkildə iştirak edir. Bu baxımdan, Prezident İlham Əliyev qeyd etdi ki, İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan az sayda ölkələrdən biri olaraq biz bu iki təşkilat arasında daha çox tərəfdaşlıq qurmaq üçün bu imkandan istifadə edirik və Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında İslam həmrəyliyinin gücləndirilməsi, bəzi üzv ölkələr arasında gərginliyin azaldılmasında mühüm rol oynayır.

Bununla yanaşı, dövlətimizin başçısı Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıqla bağlı bəyannamələr və razılaşmalar imzaladığımızı və qəbul etdiyimizi diqqətə çatdıraraq bildirdi ki, bu, üzv ölkələrin üçdəbiridir və həmçinin bizim Avropa ölkələri ilə fəal əməkdaşlığımızı nümayiş etdirir: “Biz ötən il Avropa İttifaqı ilə əməkdaşlığımızın bütün əsas sahələrini əhatə edən, tərəfdaşlıq prioritetləri adlanan çox mühüm bir sənədi parafladıq. Bu sənəddə, xüsusilə, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli ilə bağlı məqam aydın əksini tapıb. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına tam dəstək ifadə olunur. Ona görə də, Ermənistanla münaqişəyə gəlincə, bir daha deməliyəm ki, bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin həllini bu prinsiplər əsasında görür. Münaqişənin həllinin yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır”.

Bununla yanaşı, Prezident İlham Əliyev vurğuladı ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir və ölkəmiz dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzimlənməsi bu gün dünya üçün artıq bir nümunədir. Bu baxımdan Azərbaycanın nümunələri öyrənilməklə bir sıra addımlar atılıb, mədəniyyətlərarası və dinlərarası dialoqla əlaqədar son illər Azərbaycanda bir sıra mühüm əhəmiyyətli tədbirlər keçirilib, beynəlxalq elmi konfranslar, genişmiqyaslı forumlar – mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edilib. Məhz 2008-ci ildə də “Bakı Prosesi” ölkəmizin təşəbbüsü ilə başlayıb və bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı Prosesi”nə daxildir.

Prezident İlham Əliyev diqqətə çatdırdı ki, qlobal təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən daha bir sahə enerji sektorudur və Azərbaycan enerji təhlükəsizliyinə çox investisiya yatırır, eləcə də aparıcı enerji şirkətləri ilə bizim birgə layihələrimiz həm xalqımıza, ölkəmizə fayda verir, həm də Azərbaycanda, qonşu ölkələrdə on minlərlə iş yeri yaradır ki, bu da beynəlxalq tərəfdaşlığa gətirib çıxarır.

Ümumiyyətlə, ölkəmizdə keçirilən belə mühüm əhəmiyyət kəsb edən tədbirlərin məqsədi xalqlar, dövlətlər və sivilizasiyalar arasında dialoq imkanlarını genişləndirmək, cəmiyyətdə sülh, əmin-amanlıq və müasir dünyamızda müzakirə olunan ən aktual məsələlər ətrafında fikir mübadiləsi aparmaq, milli özünəməxsusluğu saxlamaqla bəşəri-mədəni dəyərləri mənimsəməkdən ibarətdir.

Bir cavab yazın