Prezidentin əfv fərmanı vətəndaş həmrəyliyinə hesablanıb – Umud Mirzəyev
BAMF prezidenti və Mətbuat Şurasının sədr muavini Umud Mirzəyev prezidentin əfv fərmanı və bu fərmana yanaşmalar mövzusunda Eurasia Diary-ə ekskluziv açıqlamalar verib.
U. Mirzəyev qeyd edib ki, Prezident İlham Əliyevin sonuncu əfv fərmanı yüzlərlə ailəni, o cümlədən bizi sevindirdi. Bu fərman ölkə başçısının sosial, iqtisadi, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatların məntiqi davamıdır. Bu həm də cəmiyyətimizin bütövləşməsinin, barışın ifadəsidir.
Belə hesab edirəm ki, Azərbaycan xalqının heç vaxt indiki qədər vətəndaş həmrəyliyinə ehtiyacı olmayıb. Biz bir xalq olaraq bu gün vətənimizin, Azərbaycanımızın bütövləşməsi ərəfəsindəyik. İşğal edilmiş ərazilərimizin qaytarılması və bərpası ərəfəsindəyik.
Son dövrlərdə iqtisadi sabitliyə nail olmamız və ordu quruculuğu prosesini tamamlamamız qısa bir zamanda bizim regionda lider dövlət olmağımıza səbəb oldu. Bu gün Azərbaycan öz milli maraqları əsasında siyasət yürüdən və hər şeydən öncə vətəndaşlarının rifahını və məmnuniyyətini düşünən bir sosial dövlətə çevrilmişdir.
Qeyd etmək istərdim ki, bu gün ölkədə gedən islahatlar da vətəndaş həmrəyliyinə hesablanıb. Xüsusən əfv fərmanı Azərbaycan xalqının birliyi və həmrəyliyi üçün xüsusi önəm kəsb edir. Çünki Prezident İlham Əliyev bu humanist addımla bir daha göstərdi ki, O, yalnız bəlli bir kəsimin deyil, siyasi görüşündən, həyat səviyyəsindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan xalqının prezidentidir.
Ancaq çox təəssüflər olsun ki, bu fərmanı kölgədə qoymağa, onu müxtəlif beynəlxalq güclərin təzyiqlərinin nəticəsi kimi göstərməyə çalışanlar var. Bu istiqamətdə bəyanatlar verən şəxslərin hər biri, başda Əli İnsanov olmaqla Azərbaycanda vətəndaş həmrəyliyini və siyasi sabitliyi pozmağa çalışan qüvvələrə xidmət edir.
Əli İnsanov qeyd edib ki, beynəlxalq güclərin hesabına azad olub, lakin o unudur ki, onu Əli İnsanov edən hazırda tənqid etdiyi, xəyanət etdiyi iqtidardır. Onun açıqlamasında verdiyi mesajların ən təhlükəli tərəfi isə bu bəyanatların ölkəmizdə bölücülük dəyirmanına su tökməsidir. Biz bu cür çağırışları qəti şəkildə pisləyirik.
Ə. İnsanovun kimliyi, həm deputat, həm də nazir kimi fəaliyyəti Azərbaycan ictiamiyyətinə məlumdur. Onun kimi korrupsioner, tabeliyindəki insanlara, o cümlədən jurnalistlərə qarşı kobud və sərt rəftarı olan birinin demokratiyadan, insan haqlarından və hüquqdan dən vurması gülüncdür. Açığı heç qərbin də Əli İnsanov sancısı yox idi. Bu adam törətdiyi əməllərə görə, dövlət əmlakını mənimsəmək və korrupsiyaya görə həbs edilmişdi. Məmurlarımızın bir çoxu bu tarixi gerçəklikdən nəticə çıxarmalıdırlar. Xalqla bir yerdə olmaq, xalqın yanında olmaq, xalqa xidmət etmək vaxtı çoxdan çatıb. Onun adından hoqqabazlıq edənləri isə yaxşı tanıyırıq.