Millət vəkili Prezident İlham Əliyevə təşəkkür etdi
Məlum olduğu kimi, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.Məsələ ilə bağlı tanınmış ziyalılar, millət vəkilləri, QHT nümayəndələri öz fikir və istəklərini bildiriblər.
Millət vəkili İlham Məmmədov Aktor.Az-a açıqlamasında bildirib ki, prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamı Novruz bayramı ərəfəsində xalqa böyük hədiyyədir:
“İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq sənədlərin iştirakçısı olan Azərbaycanda həyata keçirilən demokratik hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının qorunması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanizm və ədalət prinsiplərinə əsaslanan dövlət siyasəti nəticəsində qəbul olunan amnistiya aktları, imzalanan əfv sərəncamları məhz insan azadlığına verilən dəyərin göstəricisidir.Bildiyiniz kimi, bu əfv sərəncamı xeyli sayda insanı əhatə edir və ölkə həyatında çox mühüm hadisədir. Bu addımın əsas mənası ondan ibarətdir ki, ölkə Prezidenti Azərbaycanda vətəndaş həmrəyliyini, humanizmi, insana diqqət və qayğını diqqətdə saxlayır. Bu sərəncamın bir tərbiyəvi əhəmiyyəti də var ki, kim öz cinayət əməlini dərk edirsə, peşmançılıq hissi keçirirsə, bağışlanır. Hesab edirəm ki, imzalanmış əfv sərəncamı Novruz bayramı ərəfəsində xalqa böyük hədiyyədir”.
Millət vəkili bu məsələlərdə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini təqdir edərək, birinci xanıma da təşəkkürünü bildirib.
Qeyd edək ki, ölkəmizdə qısa müddətdə ümumilikdə 11 amnistiya aktı qəbul olunub, 65 əfv fərman və sərəncamı imzalanıb, bunun nəticəsində minlərlə insan cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşub.