Prezident və birinci xanımın Şamaxıya səfərlərinin VİDEOXÜLASƏSİ
Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda səfərdə olmaları ilə bağlı xəbər verilmişdi.
Qeyd edək ki, bu il fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində İsmayıllı və Ağsu rayonları ilə yanaşı, Şamaxı rayonunda da fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ziyan dəyib. İndiyədək Şamaxıda 4893 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244 ev kəskin qəzalıdır. Onlardan da 96-sı şəhər, 35-i qəsəbələr, 113-ü isə kəndlər üzrədir. Hazırda şəhər üzrə kəskin qəzalı hesab edilmiş evlərdən 6-sı inşa olunur. Rayonda, ümumilikdə, 1111 evin bərpasına və gücləndirməsinə ehtiyac var ki, onlardan da 561-i şəhərdə, 87-si qəsəbələrdə, 463-ü isə kəndlərdədir. Şamaxıda təbii fəlakətlə bağlı şəhər üzrə 866, qəsəbələr üzrə 123, kəndlər üzrə isə 811 olmaqla, ümumilikdə, 1800 evin təmirə ehtiyacı var.
Təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən görülən tədbirlər nəticəsində artıq zəlzələnin fəsadları aradan qaldırılır. Bu məsələdə dövlət başçısının imzaladığı müvafiq Sərəncam və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait xüsusi əhəmiyyətə malikdir.
Onu da qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri də zəlzələdən dərhal sonra təbii fəlakətdən zərərçəkmiş ərazilərdə olub, yeraltı təkanların vurduğu fəsadları araşdıraraq sakinlərin müraciətlərini qeydə alıblar. Toplanmış məlumatlar Fondun rəhbərliyinə məruzə edilib.
Aktor.Az dövlət başçısının Şamaxı rayonuna səfəri və keçirdiyi görüşləri əks etdirən Videoxülasəni təqdim edir: