Komitə xaricdə yaşayan azərbaycanlılara təşəkkür edir
Xocalı soyqırımının 27-ci ildönümü bu il demək olar ki, dünyanın hər yerində geniş formada qeyd olunub. Xaricdə yaşayan azərbaycanlılar və Azərbaycanın diaspor təşkilatları 50-dən çox ölkədə 200-ə yaxın müxtəlif formatlı anım mərasimi təşkil edib. İlk dəfə 20-dən çox diaspor təşkilatı birləşərək Brüsseldə izdihamlı Ümumavropa Qarabağ mitinqi təşkil edib və Azərbaycanın haqq səsini dünyaya çatdırıblar.
Əziz soydaşlar, Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının 27-ci ildönümündə göstərdiyiniz həssaslıq, həmrəylik hər birimizə qürur verir. Bir daha sübut olundu ki, xalqımız milli önəm kəsb edən məsələlərdə toparlanmağı, iradəsini ortaya qoymağı bacarır. Xocalı soyqırımı qurbanlarının anımı üçün müxtəlif ölkələrdə keçirilən kütləvi aksiyalar, tədbirlər dünya ictimaiyyətinin diqqətini bir daha xalqımıza qarşı törədilmiş qanlı cinayətə yönəltmək, bu cinayəti törədənlərin ifşa olunması baxımından olduqca əhəmiyyətlidir.
Diasporla İş üzrə Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrində keçirilən anım tədbirlərinin təşkilatçıları və iştirakçılarına, bu prosesdə dəstəyini əsirgəməyən şəxslərə və təşkilatlara dərin təşəkkürünü bildirir.
İnanırıq ki, Azərbaycanı həqiqətlərinin dünyada daha ucadan səslənməsi üçün birgə səylərimiz bundan sonra da davam edəcək.