GündəmİqtisadiyyatManşetSiyasət

Prezident İlham ƏLİYEV: Tütünçülükdə çox ciddi irəliləyiş var

Hələ sovetlər dönəmində Azərbaycan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə geridə qalmış respublikadan böyük potensiala malik aqrar-sənaye kompleksinin formalaşdırıldığı, mövcud resursların səmərəli istifadə edildiyi və intensiv mexanizmlərin geniş tətbiq olunduğu dinamik inkişaf edən ölkəyə çevrildi. Müstəqillik bərpa edildikdən sonra ulu öndərin rəhbərliyi ilə tarixi əhəmiyyət kəsb edən aqrar islahatlar uğurla həyata keçirildi və kənd təsərrüfatının dayanıqlı inkişafı üçün möhkəm baza yaradıldı. 1990-1995-ci illərdə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmində kəskin azalma olduğu halda, sonrakı illərdə bu sahədə davamlı artım əldə edildi. Ən əsası isə ümummilli liderin siyasi iradəsi ilə həyata keçirilən aqrar islahatlar sayəsində azad bazar münasibətlərinə və özəl mülkiyyətə əsaslanan yeni sistemə uğurlu keçid təmin olundu.

 

Ötən 15 ildə aparılan böyük həcmli kompleks işlər sayəsində Azərbaycan bu gün müasir inkişaf mərhələsinə daxil olub. Bu inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müstəqilliyimizin, təhlükəsizliyimizin, tərəqqinin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın təmin olunmasında müəyyən edilən siyasi kurs dayanır. Digər sahələr kimi, aqrar sahə də özünün dinamik inkişafı ilə bu çağırışlara cavab verərək, keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlətimizin başçısının qəbul etdiyi siyasi qərarlar kənd təsərrüfatının inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə də geniş tətbiq olunmasına real zəmin yaradıb.

Son illər bu istiqamətdə ölkəmizdə sistemli şəkildə həyata keçirilən islahatlar və göstərilən yüksək dövlət dəstəyi nəticəsində kənd təsərrüfatında istehsal göstəriciləri davamlı olaraq yüksəlib. Bu nəticələr daxili bazarda yerli istehsal hesabına təklifin artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə, fermerlərin gəlir əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaratmaqla bərabər, qeyri-neft ixracının artırılmasına da mühüm töhfə verib.

Prezident İlham Əliyevin artıq ənənəvi hal alan regionlara səfərləri sayəsində bölgələrdə sosial infrastruktur müasirləşib, aqrar sektorun inkişafında yeni mərhələ başlanıb. Rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması geniş vüsət alıb. Ölkədə 40 aqropark kompleksinin yaradılmasının nəzərdə tutulması və uğurlu icrası respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsinə, əhalinin kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatının yaxşılaşmasına və yüksək standartlarla istehsal olunan məhsulların xarici bazarlara göndərilməsinə real zəmin yaradıb.

Respublikada uğurla aparılan aqrar siyasət nəticəsində kənd təsərrüfatında əlverişli bazar şərtləri formalaşıb və biznes fəallığı xeyli yüksəlib. Prezident İlham Əliyevin “kənd təsərrüfatının bütün sahələrinin inkişafı ölkəmiz üçün mühüm önəm daşıması” strateji xəttinə uyğun olaraq aqrar sahənin vergilərdən azad edilməsi, subsidiyaların, güzəştli kreditlərin verilməsi və digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi, kənd təsərrüfatının inkişafında mühüm rol oynayan infrastruktur layihələrinin – Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarlarının, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələrin reallaşdırılması, həyata keçirilən meliorativ tədbirlər bu sahənin inkişafını sürətləndirib.

Ümumiyyətlə, yuxarıda sadalanan genişmiqyaslı islahatlar nəticəsində son illərdə kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə müsbət nəticələr əldə edilib. Azərbaycanın kənd təsərrüfatı müstəqillik dövründə ilk dəfə belə sürətli inkişaf tempi əldə edib.

Dövlətimizin başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda aqrar sektorun  inkişafının daha da sürətlənməsinin zəruriliyi  barədə deyib:  “Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı, təxminən, 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir. Əlbəttə ki, bu torpaqlarda əvvəllər ya iş getmirdi, ya da çox ləng gedirdi”.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, son 15 ildə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 6,3 dəfə, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı 10,4 dəfə artıb.

Ölkə rəhbərinin kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar da bu gün uğurla icra edilir. Hazırda pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq, fındıqçılıq və xurma istehsalının artırılması istiqamətində stimullaşdırıcı tədbirlər həyata keçirilir, adları çəkilən sahələrdə fermerlərə güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.

Respublikamızda hazırda inkişafına xüsusi diqqət göstərilən ənənəvi sahələrdən biri olan tütünçülükdə son illərədək tənəzzül hökm sürürdü. Dövlətimizin başçısı son çıxışlarının birində bu barədə deyib:  “Uzun illər diqqətdən kənarda qalan tütünçülük çox gəlirli sahədir və hökumət bu sahənin inkişaf etdirilməsi üçün ciddi tədbirlər görür. Biz tütünçülüyü bərpa edəcəyik. Ənənəvi bölgələrdə tütünçülüklə məşğul olanlar da buna hazır olsunlar. Dövlət öz dəstəyini verir, verəcək. Eyni zamanda, tütünün alınması üçün dövlət öz dəstəyini göstərməlidir və göstərəcəkdir”.
Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində atılan addımlardan, həyata keçirilən tədbirlərdən söhbət açarkən, ölkə başçısı İlham Əliyevin ötən il noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışı mərasimindəki nitqindən bir məqamı da xatırlatmaq yerinə düşərdi. Möhtərəm Prezident bildirdi ki, “Sumqayıt Kimya Sənaye Parkında, əlbəttə ki, sənaye müəssisələri fəaliyyət göstərir, ancaq onların bəziləri kənd təsərrüfatına sıx bağlı olan müəssisələrdir, o cümlədən siqaret fabriki. Mən əminəm ki, bu fabrikin fəaliyyəti nəticəsində Azərbaycanda tütünçülüyün inkişafı daha yüksək templərlə gedəcək. Biz tütünçülüyü bərpa edirik, əgər 2017-ci ildə 3 min ton quru tütün yığılmışdısa, bu gün artıq 4500 ton yığılıb və 5 min tonu keçəcək. Əlbəttə ki, gələcəkdə bu fabrikdə bizim yerli tütündən daha da böyük həcmdə istifadə olunacaq. Yəni, bu, kənd təsərrüfatına böyük təkan verir”.

Yeri gəlmişkən, sözügedən müəssisə 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkında rezident kimi qeydiyyata alınıb. Burada 3 formatda olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal edilməsi nəzərdə tutulub. Fabrik məhsullarını “Made in Azerbaijan” brendi altında istehlakçılara təqdim etməyi qarşıya əsas vəzifə kimi qoyub. Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 11 milyard ədəd 3 növdə filtrli siqaretlər istehsal edilməsi planlaşdırılıb. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizinin ödənilməsi deməkdir.   Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur.

Burada “Tabaterra”nın hər biri 6 çeşiddə “Senate”, “Kingston”, “Argo” adları altında məhsulu istehsal ediləcək. Bundan başqa, “British American Tobacco”, “Japan Tobacco International”, “Imperial Tobacco” şirkətlərinin məhsulları da lisenziya əsasında müəssisədə istehsal olunacaq. Bu şirkətlərin siqaretləri indiyədək ölkəmizə idxal edilirdi. Beləliklə, bu layihə Azərbaycanda yerli istehsalın inkişafına xüsusi təkan verməklə yanaşı, xaricdən idxalın, eyni zamanda, tütün məhsullarının alınması üçün sərf olunan valyuta axınının azalmasına imkan yaradacaq.
Fabrik beynəlxalq standartlara uyğun istehsal olunacaq məhsullarını müxtəlif formatlarda və qiymət seqmentlərində istehlakçılara təqdim edəcək. Burada istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına tam uyğun olaraq aparılacaq. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb.

Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabrikinin fəaliyyətə başlaması onu göstərir ki, tütünçülükdə illərlə hökm sürən tənəzzül artıq aradan qaldırılır. Halbuki ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin birinci dönəmində bu sahədə böyük uğurlar əldə edilib. Bəli, respublikamızda tütünçülüyün elmi əsaslarla inkişafı və bu sahə üzrə yüksək sənaye potensialının yaradılması məhz o dövrə, başqa sözlə, ötən əsrin 70-ci illərinin başlanğıcına təsadüf edir. Həmin illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində Azərbaycanda tütünçülüyün çox sürətlə inkişaf etməsi, bu sahənin böyük sənaye potensialının yaradılması, tütünçülüyün elmi bazasının gücləndirilməsi hesabına 1970-1980-ci illərdə tütünün əkin sahəsi 17 min hektar, istehsalının həcmi isə 60 min tondan çox olub. Lakin son 10 ildə bəzi ənənəvi kənd təsərrüfatı sahələrində, o cümlədən tütünçülükdə də tənəzzül nəzərə çarpıb. Belə ki, 2016-cı ildə tütünün əkin sahəsi 2,4 min hektar, istehsal həcmi isə 3,6 min ton təşkil edib ki, bu da sahənin potensial imkanlarından xeyli aşağıdır.

Ölkənin dağlıq və dağətəyi rayonlarının torpaq-iqlim şəraiti tütün sənayesinin tələbatına uyğun, beynəlxalq standartlara cavab verən keyfiyyətli tütün yetişdirilməsinə və ildə 50-60 min ton tütün istehsal olunmasına imkan verir.

Tütünçülüyün hüquqi, təşkilati və iqtisadi əsaslarının müəyyən edilməsi, tütün və tütün məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətlərin tənzimlənməsi məqsədilə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının 2001-ci il 8 iyun tarixli Qanunu qəbul edilib.

Son illər kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən güzəşt və subsidiyalar, həmçinin bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin 2019-cu ilədək torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilməsi ölkədə tütünçülüyün inkişafına təkan verib.

Bununla yanaşı, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” respublika ­Prezidentinin 2016-cı il 5 oktyabr tarixli   sərəncamına əsasən, tütün emalı ilə məşğul olan hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilən quru tütünün hər kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya müəyyən edilib.

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” ölkədə sözügedən istiqamətdə aparılan işlərin daha da sürətləndirilməsinə təkan verəcək. Belə ki, adıçəkilən dövlət proqramının məqsədi də tütün və tütün məmulatına olan tələbatın ödənilməsi, tütün emalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, xammal təminatının yaxşılaşdırılması, tütünçülük məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə tütünçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir.

Azərbaycanda tütünçülüyün inkişafına diqqətin artırılması təsadüfi deyil. Əvvəla, bu, respublikamızda qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərlə bağlıdır. Digər tərəfdən, ölkəmizin əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və ixrac potensialının olması aqrar sektorda sözügedən sahənin daha da inkişafına əlverişli imkan yaradır. Eyni zamanda, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması qarşıya mühüm vəzifə kimi qoyulub.

Buna nail olmaq üçün tütünün istehsalı, ilkin emalı və son məhsulun istehsalının genişləndirilməsi, tütün əkini sahələrinin artırılması, habelə məhsuldarlığın yüksəldilməsi, yeni məhsuldar, keyfiyyətli və xəstəliyə davamlı tütün sortlarının yaradılması, tütün toxumçuluğu təsərrüfatlarının təşkilinin dəstəklənməsi, bu sahənin infrastruktur təminatının yaxşılaşdırılması qarşıya mühüm vəzifə kimi qoyulub. Bütün bunlarla yanaşı, tütünçülüyün elmi təminatının və kadr potensialının daha da gücləndirilməsi, tütün istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi, istehsal və emalı sahələrinə yerli və xarici investisiyaların cəlbinin təşviqi də nəzərdə tutulub.

Dövlət proqramında 2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla, əkin sahələrinin 6 min  hektara, tütün istehsalının 12 min tona çatdırılması əsas hədəf kimi götürülüb. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nda tütünçülüyün inkişafı sahəsində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün müvafiq tədbirlərin reallaşdırılması da nəzərdə tutulur. Həmin tədbirlər sırasında tütünçülük sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, elmi təminatın və kadr potensialının daha da gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, marketinq fəaliyyətin nizamlanması, habelə ixracın təşviqi məsələləri diqqət çəkir.

Yeri gəlmişkən, bir məqamı da xatırlatmaq yerinə düşər. Prezident İlham Əliyev bu il yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxış edərək deyib: “Tütünçülükdə də çox ciddi irəliləyiş var. Tütün 2015-ci ildə cəmi üç rayonda əkilirdi. Tütünçülük demək olar ki, artıq sıradan çıxırdı. Cəmi üç rayonda 3400 ton, keçən il artıq 13 rayonda 6200 ton tütün yığılıb. Bu sahəyə də dövlət dəstək göstərir. Qurutma kameraları, tədarüklə bağlı texnika – bütün bunları dövlət təmin edir. Cəmi 3 il ərzində tütünçülükdə 9500 nəfər işlə təmin olunub. Yenə də deyirəm, əgər dövlət öz dəstəyini göstərməsəydi, real yardım etməsəydi, bu sahələr bu qədər inkişaf edə bilməzdi. Mənim sədrliyimlə tütünçülüklə bağlı xüsusi müşavirə keçirildi. Bütün tapşırıqlar o müşavirədə verilmişdir və onlar icra edilir”.
Dövlət başçısının bu sözləri Azərbaycanda tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin tütün emalı müəssisələrinin xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinə, habelə tütün və tütün məmulatı üzrə idxaldan asılılığın azaldılmasına, ixracının inkişafına mühüm töhfə verəcəyi əminliyi yaradır.

 

Bəxtiyar SƏLİMOV,
“Tabaterra” QSC-nin mətbuat xidmətinin rəhbəri

 

Bir cavab yazın