GündəmKÖŞƏManşet

Unudulmayan qan yaddaşımız – Xocalı faciəsindən 27 il ötür

Cari ilin 5 fevral tarixində ölkə başçısı İlham Əliyev Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı tədbirlər planının hazırlanması və həyata keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklik və dünya tarixinin ən qanlı faciələrindəndir. Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi heç vaxt unudulmur və unudulmayacaqdır. Bu sərəncamın təmin edilməsi məqsədilə artıq ölkə ərazisində bir sıra dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ilə əlaqədar hazırlıq işlərinə başlanılıb.

 

Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ərəfəsində bu yazımla mən də hörmətli oxucularımızı 1992-ci ilə qaytarmaq və həmin faciə ilə bağlı bəzi xatirələrimi bölüşmək istəyirəm. Belə ki, 1992-ci ildə təhsil aldığım Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində fəaliyyət göstərən “Oğuz” mədəni cəmiyyətinin İdarə heyətinin üzvü idim. Bir qrup tələbə və aspirantın təşəbbüsü ilə 1988-ci ildə yaradılmış cəmiyyətin əsas məqsədi Tatarıstanda yaşayan soydaşlarımızı azərbaycançılıq ideyası ətrafında toplamaq və onların geniş iştirakı ilə milli-dövlət bayramlarının, milli, mədəni dəyərlər üzərində köklənmiş və Azərbaycan adət-ənənələrini özündə ehtiva edən geniş ictimai tədbirlərin keçirilməsi idi.

Fəaliyyətinin ilk çağlarında daha çox mədəniyyət ocağı formatında fəaliyyət göstərən cəmiyyət ötən əsrin 80-ci illərin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatının geniş vüsət aldığı bir dövrdə proqram fəaliyyətində bir sıra dəyişiklik etmişdir. Belə ki, 1990-cı ildən etibarən cəmiyyət əsas diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, o cümlədən Azərbaycana qarşı aparılan işğalçılıq siyasətinin fəsadlarının aradan qaldırılması və ölkənin haqq sözünün dünya ictimaiyyətinə çatdırılması işində diaspora dəstəyinin göstərilməsinə yönəltməyə başlamışdır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalının dinc sakinlərinə qarşı törədilmiş soyqırımı barədə doğru məlumatın Tatarıstanın geniş ictimaiyyətinə çatdırılması diaspora qurumu olan “Oğuz” cəmiyyətinin həmin dövrdə həyata keçirdiyi mühüm, hətta müəyyən səbəblərə görə bir qədər ağır və təhlükəli hesab edilən fəaliyyətlərindən olmuşdur. Çünki düz Rusiyanın tam mərkəzində Xocalı faciəsi barədə məlumatın yayılması üçün ilk əvvəl Sovet imperiyasının bu mövzu ətrafında yaratdığı məlumat blokadasını yarmaq lazım idi ki, cəmiyyətin gənc fəalları da bu şərəfli işin öhdəsindən layiqincə gəldilər…

1992-ci ilin mart ayının ortaları cəlilabadlı Bilal Heydərovun X.Abjalilov küçəsində qaldığı evdə cəmiyyətin İdarə heyətinin növbəti iclası keçirildi və burada biz Xocalı şəhərində baş vermiş qanlı hadisə ilə bağlı ayrı-ayrı rəsmi və qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumatı, bundan irəli gələn atacağımız addımları və işlərimizi müzakirə etdik. Cəmiyyətin sədri əslən gəncəli İbrahim İbrahimov bildirdi ki, Azərbaycanın Moskvada fəaliyyət göstərən Daimi Nümayəndəliyinin əməkdaşlarında Xocalı sakinlərinin qırğınını əks etdirən video-kasetlər var və həmin materialları gizli yolla Kazana gətirmək lazımdır. Qərara gəldik ki, iki adaş – mən və Sumqayıtdan olan Azər Rəhimov Moskvaya ezam olunaq. Tanımadığımız, ancaq balaca bir kağız parçasında yazılmış bir ünvana yollanaq və adlarını xatırlamadığım şəxslərdən həmin kasetləri götürüb Kazana qayıdaq. İlk baxışdan sadə görünən bu tapşırığın görünməyən təhlükəli tərəfləri də var idi və onlar baş verdikdə nəyi necə edəcəyimizi də müəyyən mənada danışmışdıq. Psixoloji cəhətdən hadisələrin bizim əleyhimizə cərəyan edəcəyinə belə hazırıydıq. Nəyin bahasına olursa-olsun, cəmiyyətin tapşırığı yerinə yetirilməli idi. Bu səbəbdən biz digər məsələlər barədə düşünmədən “Ehtiyat igidin yaraşığıdır!” deyib bəzi hazırlıq işlərini yerinə yetirdikdən sonra qatarla Moskvaya yola düşdük…

İlk dəfədir Rusiyanın paytaxtında olduğundan ünvanın tapılması müəyyən vaxt tələb apardı. Bir təhər soruşa-soruşa Moskvanın sakit bir rayonunda yerləşən ünvana gəldik və orada bizə qalın bir kağıza bükülmüş 7-8 kaseti, bir topa Azərbaycan qəzetlərini verdilər. Axşam saatlarında qatarla Kazana yola düşdü….

Bir müddət kasetlər məndə qaldı və sonra biz Kazan Dövlət Universitetinin Krasnaya Pozisiya küçəsində yerləşən və mənim qaldığım 1 saylı yataqxananın akt zalında cəmiyyətin İdarə heyətinin növbəti iclasını keçirdik. Burada mən Moskvaya etdiyimiz səfər barədə məlumat verdim. Bundan sonra gətirdiyimiz kasetlərə baxmağa başladıq. Gözümüzün önündə çox ağır bir mənzərə canlandı. Həmin videoları çəkən operatorlar Seyidağa Mövsümlünün, Çingiz Mustafayevin dəhşət dolu kadrları sözün əsl mənasında bizi şoka saldı, 2-3 saat ərzində ətraf mühitdən təcrid olunmuş vəziyyətə düşmüşdük və bu zaman kəsiyinin necə keçdiyini belə, bilmədik. Sanki Böyük Vətən Müharibəsi zamanı faşistlərin törətdikləri vəhşilikləri seyr edirdik. Bir tərəfdən boğan qəhər, digər tərəfdən gözümüzdə donmuş yaş bizim necə şok yaşadığımızdan xəbər verirdi. Bir müddət səssiz qaldıq. Özümüzə gəldikdən sonra qərara gəldik ki, bu kasetləri çoxaldaq və Tatarıstanın şəhərlərinə olan diaspora arasında paylaşaq ki, onlar da həmin kasetlərə baxsınlar. Butun bunlarla yanaşı həm də daha ciddi addımların atılması barədə düşünməliydik….

Bir neçə gündən sonra Tatarıstanda həmin dövrdə milli-azadlıq hərəkatının əsas lokomotivi olan Tatar İctimai Mərkəzin (TİM) 18 aprel 1992-ci il tarixində keçiriləcək qurultayına dəvət aldıq. Qurultay barədə məlumatı “Oğuz” Cəmiyyəti ilə TİM arasında əlaqə funksiyasını yerinə yetirən salyanlı Elman Tağıyev çatdırdı. O, həm də bildirdi ki, qurultayda bizə çıxış üçün söz də veriləcək. Təbii ki, bu, bir fürsət idi və biz də maksimum bundan yararlanmalıydıq. İbrahim İbrahimov təklif etdi ki, bu çıxışı içimizdə ən cavan olan və rus dilində səlis danışan birisi etməlidir və yekdil qərarla bu iş mənə həvalə olundu. Tərəddüd etmədən razılığımı verdim. Elə yerindəcə yarı tatar, yarı rus dilində bir çıxış mətninin tezislərini tərtib etdik. İndiyədək yadımdadır, “Hörmətli iptəşlər” ifadəsi ilə başlayan bu çıxışı sırf Xocalı faicəsinə yönəldəcək tərzdə etməli idim. Amma bunu elə etmək lazım idi qurultay iştirakçıları arasında olan təxribatçı qüvvələr bu çıxışımızı əleyhimizə istifadə etməsinlər. Qərara gəldik ki, çıxış zaman mən Xocalı faciəsi barədə danışım və qurultayın sədri Marat Mulyukovdan xahiş edim ki, sübut kimi gətirdiyimiz videoların nümayiş olunması üçün bizə şərait yaratsın. Bilal Heydərova tədbirə video-maqnitofonun gətirilməsi həvalə edildi. Mən və Elman Tağıyev isə artıq səhərdən zalda olmalıydıq və qonaq qismində qeydiyyatdan keçməliydik…

Nəhayət, 18 aprel tarixində Kazan şəhərində Şapov küçəsi, ev 37 ünvanında yerləşən Aktyorlar Evində Tatarıstanın və Rusiyanın digər Federasiyalarından gəlmiş 700-ə yaxın nümayəndənin iştirakı ilə keçirilən Tatar İctimai Mərkəzinin növbəti qurultayı öz işinə başladı. Günün birinci yarısının sonuna yaxın qurultayın sədri Marat Mulyukov elan etdi ki, “tədbirdə azərbaycanlı qardaşlarımız da iştirak edir və onların bizə deyəcəkləri var”. Mən əlimdə bir səhifəlik çıxış mətni ilə tribunaya qalxdım və çıxışa başladım. “Oğuz” cəmiyyətinin xətti ilə gördüyümüz işlər barədə məlumat vefrdikdən sonra Xocalı faciəsi və bu işdə Xankəndində yerləşən 366-cı alayın rolu barədə danışdım və xahiş etdim ki, əgər qurultay iştirakçıları bu faciə barədə yaxından tanış olmaq istəyirlərsə, sübut olaraq onun qanlı səhifələrini əks etdirən videoları nümayiş etdirməyə hazırıq. Zaldan “Qoy göstərsinlər!”, “Nümayiş olunsun!” kimi və müraciətimizə dəstək verən buna bənzər çağırışlar eşidilməyə başladı. Fasilə saatının yaxınlaşdığını bəyan edən qurultay sədri Marat Mulyukov bildirdi ki, “saat 13:00-da başlayacaq videoların nümayişini səmərəli etmək üçün zalın sol qanadı qalsın, sağ qanadı isə nahara çıxsın, yarım saatdan sonra isə sağ qanadı qayıtsın, sol qanadı getsin”. Bayırda öz maşınında bizim siqnalı gözləyən Bilal Heydərova xəbər çatdırdıq ki, “Elektronika” videomaqnitofonunu və səs kolonkalarını təcili zala gətirsinlər. Qurultay sədri tədbir proqramının ikinci hissəsi barədə məlumat verənədək biz tribunanın aşağı hissəsində texniki avadanlığı quraşdırdıq və hazır vəziyyətə gətirdik. Fasilə elan olunan kimi zalın bir hissəsi nahara getdi, digər hissəsi isə videonun nümayişinə başladı. Heç bir montaj olunmadan çəkilmiş və həmin tədbirdə nümayiş olunan videoların ilk kadrları qurultay iştirakçılarını dəhşətə gətirdi və zaldan “Video tərcümə olunsun!” tələbi səslənməyə başladı. Uşaqlar məsləhət gördülər ki, mən videodakı dialoqu sinxron tərcümə edim. İyirmi yaşında olmağıma baxmayaraq mənim üzərimə ağır bir vəzifə qoyuldu və mən baş vermiş faciəni tam dolğunluğu ilə qurultay iştirakçılarına çatdırmalıydım. Mikrofonu əlimə alıb videolardakı söhbətləri rus dilinə tərcümə etməyə başladım. Sinxron tərcümə zamanı bir tərəfdən məni qəhər boğurdu, digər tərəfdən isə həyəcandan bədənim tir-tir əsirdi, sanki çıxışımı 40 dərəcəlik şaxtada ayağın yalın vəziyyətdə edirəm. Amma dayanmaq olmazdı. Başqa belə bir fürsət ələ olmaya bilərdi. Yarım saatdan sonra iştirakçıların bir hissəsi geri qayıtdı və zaldakı sükunəti görüb nəyin baş verdiyini anlaya bilmirdilər. Digər sol qanadı yerindən tərpənmirdi və zalda yalnız mənim və videodakı səslər eşidilirdi. Sol qanadda oturanlar nahardan qayıdanlara səssiz əyləşməyə işarə elədilər və biz fəsilə verilmədən videoların nümayişinə davam etdik. Həmin anlarda keçirdiyim dəhşətli hissləri bu gün belə, sözlə ifadə edə bilmirəm və bu yazını yazarkən həmin hissləri yenidən keçirirəm… Saat üçün yarısı olmasına baxmayaraq, nümayişimizə davam etdirdik. Bu an zalın ayrı-ayrı tərəflərindən “Bu təxribatdır!” ifadələri eşidilməyə başladı və millətçi tatar gənclərinin dərhal buna etdikləri etirazlar nəticəsində təxribatçı qüvvələrin səsləri kəsildi…

Artıq hiss olunurdu ki, zal getdikcə aqressiv vəziyyətə gəlir. Bu gedişatla proseslərin nəzarətdən çıxacağını təxmin edən qurultay sədri Marat Mulyukov nümayişi dayandırmağı və qurultay işinin davam etdirilməsini təklif elədi. Həqiqətən zaldakı emosiyalar partlayış həddinə çatmışdı. Qurultay sədrinin bu təklifini nə qədər çətin olsa da, qəbul etməliydik, çünki burada biz yalnız qonağıydıq. Elə bu an mənim yanıma çoxsaylı jurnalistlər yaxınlaşdı, Xocalı faciəsi və bütövlükdə Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağda separatçı qüvvələrin fəaliyyətləri barədə müxtəlif suallar verməyə başladılar. Qurultay sədri tövsiyə etdi ki, foyeyə çıxaq və mətbuat konfransı formatında jurnalistlərin verdikləri sualları elə oradaca cavablandıraq. Foyeyə çıxdıq və çox sayda jurnalist məni əhatəsinə aldı və sual “yağdırmağa” başladıalar. Sual verənlər arasında BBC-nin Kazan üzrə müxbiri Viktor Smirnov, “Tatarstan Xəbərləri” İnformasiya Agentliyinin jurnalisti Zülfiyyə Tuqanova, “Alman dalğasının”, “Azadlıq radiosu”nun və indi xatırlamadığım xəbər agentliklərinin müxbirləri var idi. Onlar sual versələr belə, yenə də inana bilmirdilər ki, Ermənistanın hərbi birləşmələri Xocalının dinc sakinlərinə qarşı belə bir hərbi cinayətə yol versinlər. Amma videolardakı kadrlar onların bu şübhələrini darmadağın etmişdi. Elə həmin gün bir çox radio və xəbər agentliklərində Xocalı soyqırımı ilə bağlı verilən materiallar hətta qurultayla bağlı belə, xəbərləri arxada qoymuşdu…

Həmin dövrdə məlumat blokadasında olan Azərbaycanın haqq sözünün dünya ictimaiyyətinə çatdırılması üçün diaspora təşkilatları ciddi işlər görürdülər. Kazanda fəaliyyət göstərən “Oğuz” Cəmiyyətinin tatar qurultayında Xocalı soyqırımı barədə məlumatı dünya xəbər agentliklərinə ötürməsi bu müstəvidə həyata keçirilən və xüsusilə, məlumat blokadasının yarılması kimi strateji hədəflərə çatmaq üçün edilən mühüm taktiki gedişlərdən idi. Təbii ki, cəmiyyətimizin bu kimi fəaliyyətləri ona qarşı edilən təhdidlərsiz, onun fəallarına – bizə qarşı edilən təzyiqlərsiz ötüşmədi. Bu, nə zamansa yazılması üçün qərar verəcəyim digər bir yazının mövzusudur. Amma o zamanlar bu yazıda adları gedən və getməyən həmvətənlərimizin nə qorxusu var idi, nə də böyük gözləntiləri. Bizim tək bir sVƏTƏN sevgimiz və bundan irəli gələn onun həqiqətlərini dünyaya çatdırmaq istəyimiz var idi. Bu niyyətimizi həyatımız bahasına olsa belə, gercəkləşdirməyə hazır idik, təki “VƏTƏN sağ olsun!”.

Azər Allahverənov

Fəlsəfə üzrə fəlsəfə doktoru

 

 

 

Bir cavab yazın