AzMİU-da karyera sərgisi təşkil olunub – FOTO
Fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədi ilə ilk dəfə olaraq tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olunub.
Aktor.Az xəbər verir ki, sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr eləcə də universitetimizlə uğurlu əməkdaşlıq edən ölkənin qabaqcıl şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tələbələrinin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün də köməklik göstərən universitet rəhbərliyinin təşəbbüsü ilə 70-ə yaxın dövlət qurumu, özəl şirkətlər, müəssisələr tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 600-dən çox iş yerləri təklif edib.
Sərgidə ölkənin aparıcı şirkətlərindən Dövlət Məşğulluq Xidməti, SOCAR, Azərişıq, Metropoliteni, Azərsu ASC, Zaferoğlu İnşaat MMC, Embawood MMC, Holcim, Mətanət-A şirkəti, Azərsun Holdinq, Kapital Bank, Bank of Baku, Beynəlxalq Bank, Metak şirkəti, Təmiz Şəhər ASC, Gilan Holding, Akkord, Azercell, eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılıb.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Karyera sərgisini açıq elan edərək sərginin əhəmiyyətinə toxunub. Rektor bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunub.
1500-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Xüsusilə iş axtarışında olan 4-cü kurs tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, iş yeri tapmaq probleminin həllinə yardım edəcəyini vurğulayıblar. Sərginin gedişində iş axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yarada biliblər. Şirkət nümayəndələrinə yaxınlaşıb, özlərinə uyğun vakansiyalara CV-lərini təqdim ediblər.