Xocalıya nədən gedə bilmədik…
Məhəmmədəli əmim (bibimoğlu olsa da, yaşlı olduğu üçün “əmi” deyirdik) məni çağrıb dedi ki, hazırlaş, sabah səni Dilarə bibingilin həyətindəki gilasları yığmağa aparacam.
Xocalıya gedəcəyimə o qədər sevindim ki, sabahın açılmasını səbirsizliklə gözlədim və səhər açılar-açılmaz qaçdım Məhəmmədəli əmimin yanına: nə vaxt gedirik Xocalıya?
Əmim bildirdi ki, Yusifin uşağı olub, o üzdən Gülüstanı (gəlinlərini) xəstəxanaya aparıblar. Düzü, çox təəssüfləndim, amma nə etmək olardı. Bu xoş sürpriz nəticəsində mənə Xocalını görmək nəsib olmadı.
Xocalıda isə vəziyyət get-gedə pisləşirdi. Xocalıda yaşayan Dilarə bibim (bibimqızı olsa da, yaşına görə “bibi” deyirdik) hərdən kəndə gəlirdi. Oradakı vəziyyətlə maraqlanırdılar, o da ermənilərdən çəkinmədiklərini bildirirdi. Uşaqlıq yaddaşımda mehribanlığı, qayğıkeşliyi ilə iz buraxmış Dilarə bibimin Xocalı faciəsinin qurbanı olacağını heç ağlımıza gətirməzdik.
Nurəliyeva Dilarə Oruc qızı 1930-cu ildə Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olub. Anası Sidiqə Əhməd bəy qızı Vəkilova Şərur-Dərələyəz qəzasının naibi olmuş Həsənalı Sultan Vəkilovun nəvəsidir. Ailəsi ilə birlikdə 1951-ci il tarixdə Stalinin qərarı ilə Şərur-Dərələyəz qəzasından deportasiya edilərək, Bərdə rayonunun İmirli kəndinə köçürülüblər. Bir müddət burada qaldıqdan sonra ailə həyatı ilə bağlı Xocalıya köçüb. 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində şəhid olub.
Nəhayət, o müdhiş soyuq fevral gecəsi Xocalıda kütləvi insan qırğını olduğu barədə xəbərlər gəldi. Lakin Azərbaycanın o vaxtkı səriştəsiz və qorxaq rəhbəri Ayaz Mütəllibov cidd-cəhdlə belə bir qırğının olmadığını sübut etməyə çalışırdı. Fakt isə faktlığında qalırdı, dünyanın gözü qarşısında böyük bir insanlıq dramı yaşanmışdı. Azərbaycan türklərinə qarşı genosid siyasəti həyata keçirilmiş, 366 rus alayının hərbi dəstəyi ilə ermənilər Xocalıda qoca-uşaq demədən, mülki əhalinin qırmışdılar.
Xocalı soyqırımı təkcə orada əzizlərini itirən insanların deyil, Azərbaycan türklərinin faciəsi idi. Lakin bizim ilk ağlımıza gələn Dilarə bibim oldu: görəsən Dilarə bibimin başına nə iş gəlib? Sağdımı, yoxsa şəhid olub?
Bu suallar yaxınlarımızı düşündürürdü. Nəsildə hər kəsin qeyrət mücəssəməsi kimi tanıdığı Məhəmmədəli əmi artıq dünyasını dəyişmişdi. O, bacısı Dilarənin faciəli ölümünü yaxşı ki, görmədi. Çox cəsur və emosianal adam idi, onun ürəyi bu faciəyə çətin tab gətiərərdi. Məhəmmədəli əmimin yoxluğu bu missiyanın onun oğlu Yusifin üzərinə düşməsinə səbəb oldu. Yusif bu missiyanı ləyaqətlə daşıdı. O, 26 fevral tarixindən Dilarə bibimin meyitinin Ağdam məscidinə gətirildiyi günə qədər cəbhə bölgəsində oldu. Hər kəs Yusifin gəlişini gözləyirdi ki, Dilarə bibimdən nə xəbər gətirəcək.
Nəhayət, 22 mart 1992-ci il tarixdə Dilarə bibimin meyiti Ağdam məscidinə gətirildi.
Yusif o günləri belə danışmışdı bizə: “Həmin gün meyitlər gətirildi və mən meyitlərin içində axtara-axtara bibimi tapdım. Bir qadın Dilarə bibimin öldürülməsinin şahidi olmuşdu və orada danışırdı ki, Dilarə xanım hər iki ayağından yaralanmışdı, erməni hərbçisi gəlib çiyinlərindən vurub qışqırırdı ki, qalxın, Dilarə xanım “korsan, görmürsən ayaqlarım yaralıdır” deyib erməninin üzünə tüpürdü və ürəyinin üstündə saxladığı şəkili çıxardıb erməniyə tərəf uzadaraq, “qardaşım sağ olsaydı, sən belə edə bilməzdin” dedi. Erməni isə onu güllələdi.
Məkanı cənnət olsun!