Azərbaycanda davamlı insan inkişafı naminə peşə seçiminin əhəmiyyəti mövzusunda müzakirələr aparılıb
Fevralın 19-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında davamlı insan inkişafı naminə peşə seçiminin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.Aktor.Az xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, tələbə və gənclərin iştirak etdikləri tədbirdə Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin sədri, dosent Yusif Ağayev ümummilli lider Heydər Əliyevin gənclərin təhsilinə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.
Davamlı insan inkişafı naminə peşə seçimi barədə danışan Y.Ağayev bildirib ki, davamlı insan inkişafı baxımından peşə seçiminin əhəmiyyəti təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi önəm daşıyır. Son illərdə gedən proseslər onu göstərir ki, dünya sürətlə dəyişməkdədir. Bu dəyişiklik bütün sahələrdə özünü göstərir. Risklər artmaqda, ölkələrarası rəqabət güclənməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməkdədir. Bugünkü reallıqları nəzərə alaraq, demək olar ki, bundan sonra innovativ, inklüziv, bilik üzərində qurulan strategiyalar uğur əldə edə biləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin “qara qızılı insan kapitalına çevirmək” konsepsiyasının bu gün çox uğurla həyata keçirildiyini deyən İctimai Birliyinin sədri qeyd edib ki, ölkəmizdə müəyyən edilən inkişaf strategiyası məhz bu istiqamətdədir. Davamlı inkişaf strategiyasının əhəmiyyəti respublikanın bu gününə, gələcəyinə və dünyanın qorunmasına yönəlməsidir. Yəni, bütün resurslar elə istifadə edilməlidir ki, həm inkişaf davamlı olsun, həm də dünya deqradasiyadan qorunsun. Bu hədəflərə çatmaq və töhfə vermək vətəndaş cəmiyyətinin təmsilçisi olaraq bizi də düşündürür və problemin həllinə töhfə verməyə təşviq edir.
Vurğulanıb ki, müvafiq layihənin ideyası Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərovun “Davamlı inkişafdan ekoloji sivilizasiyaya: ali təhsil və əmək bazarı” adlı məqaləsindən qaynaqlanıb. Məqsəd cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə və orta ixtisas təhsili standartları, əmək bazarının tələbatına uyğun peşələr və ixtisaslar üzrə peşə və orta ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsi, müasir peşə-tədris mərkəz və komplekslərinin yaradılması, qeyri-hökumət təşkilatları ilə və beynəlxalq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsidir.
Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov müasir dünyada təhsilin mühüm rolunu vurğulayıb, ölkəmizdə bu sahəyə xüsusi diqqət göstərildiyini söyləyib.
Dövlət gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edən M.Qədirov Gənclər Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr, tədbirlər barədə məlumat verib. O, düzgün peşə seçiminin önəmli məsələ olduğunu söyləyib.
Dövlət İdarəçilik Akademiyasının analitika və tədrisin informasiya təminatı şöbəsinin müdiri, siyasi elmlər doktoru, professor Ziyafət Həbibova bildirib ki, dünyanın postindustrial fazaya, bilik iqtisadiyyatına keçidi dönəmində dünya təcrübəsində sosial və iqtisadi inkişafda insan amilinin dominantlığı faktı hamı tərəfindən qəbul edilir. Bu fakt milli iqtisadiyyatların inkişafı və səviyyəsi baxımından həlledici rol oynayır. Bu gün Azərbaycan Respublikasında da böyük uğurlar və sürətlə innovativ iqtisadiyyatın formalaşdırılmasına yönələn addımlar atılır. Yaranmış şəraitdə uzunmüddətli və keyfiyyətli insan potensialının yaradılması məsələsi olduqca önəmlidir. Belə ki, innovativ modernləşmə və insan potensialının davamlı inkişafı arasında sıx əlaqə ölkəni zamanın çağırışlarına uyğun yeni inkişaf səviyyəsinə çıxarmağa imkan verəcək. Z.Həbibova Azərbaycanda innovativ inkişafın təmin olunması məqsədilə planlaşdırılan innovativ insan inkişafı ssenarisinin reallaşdırılmasının müəyyən şərtlərlə bağlı olduğunu deyib.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə ölkəmizdə peşə təhsilinin inkişafı istiqamətində reallaşdırılan layihələr və onun nəticələri haqqında məlumat verib.
Dövlət İdarəçilik Akademiyasının davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının dosenti, fəlsəfə doktoru Elşan Əhmədov, inzibati idarəetmə fakültəsinin dekanı, professor Xatirə Hüseynova, davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının dosenti, fəlsəfə doktoru Miraqil Seyidzadə, Ombudsman Aparatının şöbə müdiri, insan hüquqları sahəsi üzrə milli ekspert Rəşid Rumzadə, Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini, miqrasiya xidməti müşaviri Kəyan Hacıyev, peşə təhsili və informasiya kommunikasiya texnologiyaları üzrə ekspert Əliyar Musayev, Aktor.Az saytının təsisçisi Telman İsa (Məmmədov) AQRO Konsultasiya Mərkəzinin rəhbəri Cavidan Ağazadə, DİA-nın davamlı inkişafın idarə edilməsi ixtisası üzrə təhsil alan tələbələri, layihənin könüllüləri olan gənclər çıxış edərək cəmiyyət həyatı üçün peşə təhsilinin əhəmiyyəti və inkişafı konsepsiyasının tədrisi layihəsi çərçivəsində peşə təhsilinin əhəmiyyəti konsepsiyası və prinsiplərinə təşviq edilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edilib ki, hər kəs öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyin işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatıdır. Bu, eyni zamanda, cəmiyyətdə məşğulluq probleminin həll edilməsi baxımından zəruridir.
Sonra suallar cavablandırılıb, könüllülərə sertifikatlar təqdim edilib.