ManşetSosial

Azərbaycanda münaqişəli ailələrin sayı artır

Bu gün biz münaqişəli ailələrin sayının artdığını müşahidə edirik ki, bu da çox zaman boşanma ilə nəticələnir.Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova qeyd edib ki, ailələr çox möhkəm, milli, mənəvi dayaqlar əsasında qurulmalı, ailənin hər bir üzvü bir-biri və cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməlidir. İlk növbədə ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir.

Komitə sədrinin sözlərinə görə, təcrübə göstərir ki, ailələrin dağılmasında əsas səbəblərdən biri valideynlərin vaxtilə öz övladlarını düzgün tərbiyə etməməsidir:

“Ailəyə ciddi münasibət olmalıdır. Lakin sosial və mənəvi məsuliyyət hissi aşağı olan insanlar ailə qurduqda bir çox hallarda boşanma ilə nəticələnir. Hazırda beynəlxalq təşkilatların uşaq məsələləri üzrə qurumlarında, bir sıra ölkələrdə müsbət valideynlik təcrübəsinin formalaşdırılması məsələsi çox aktualdır”.

H.Hüseynova qeyd edib ki, müasir dövrdə informasiya çoxluğu və qlobal proseslər valideyn-övlad münasibətlərinə yeni tendensiyalar gətirir:

“Bizə olan müraciətlərdən də görürük ki, valideynlərin övladları ilə, xüsusilə də uşağın keçid yaş dövrlərində onunla ünsiyyətində bir sıra çətinliklər yaranır. Bu da ağır fəsadlara səbəb olur. Valideynlər eyni zamanda, əlilliyi olan uşaqlarla da münasibətin qurulmasında problemlərlə üzləşirlər. Buna görə də valideynlik təcrübəsi xidmətinin göstərilməsinə ehtiyac var. Məlumat üçün qeyd edim ki, Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində mütəxəssislər tərəfindən valideynlərə belə bir xidmət göstərilir və bu sahədə müsbət nəticələrimiz var. Lakin daha yaxşı olardı ki, belə bir xidmət ölkə üzrə göstərilsin”.

Bir cavab yazın