Cavab üçün hər kəs ətrafına baxsın
“Əli Həsənov Əli Kərimlinin səfsəfələrinə sadəcə rəqəmlər və faktlarla cavab verib”
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun Əli Kərimlinin bekarçılıqdan hər gün sosial media üzərindən yayımladığı bir sıra boş iddialarına verdiyi cavabı oxudum. Faktlar və rəqəmlərlə zəngin bir cavabdır. Yəni elə bir cavabdır ki, hər bir cümləsi iki vur iki qədər dəqiq və təkzibedilməzdir. Üstəlik, Əli Kərimlinin lider olaraq hansı durumda olduğu da olduqca aydın şəkildə nəzərə çarpdırılır.
Doğrudan da, hər ötən il ərzində ən yaxınındakı silahdaşlarını dəstə-dəstə itirən, illər uzunu çiyindaşı olmuş şəxsləri özünün xırda iddialarına rahatca qurban verən Əli Kərimli bu gün suyu süzülmüş dəyirmana bənzər bir quruma başçılıq edir. İndi onun yanında siyasi mübarizənin ən çətin anlarında da bir addım belə geri atmayan, öz prinsipiallığıyla seçilən heç bir siyasi fəal gözə dəymir. Bu adamın ətrafındakılar ya hakimiyyətin etimadını doğrultmadığı üçün özündən uzaqlaşdırdığı şəxslərdir, ya da hələlik siyasi prosesləri yetərincə təhlil edə bilməyən sütül gənclər. Hə, bir də müxalifətçilik oynamağı sevən bir neçə avantürist var ki, onlar da Əli Kərimlinin yanındadır. Belə bir adam öz monolit və dayanıqlı komandası, siyasi gücü ilə nəinki ölkə içində, ölkədən kənarda da seçilən İlham Əliyev hakimiyyətinə “meydan” oxuyur…
İndi bir anlığa təsəvvür edək ki, bu intriqan, öz silahdaşlarını yarı yolda buraxan, hətta onların üzərindən belə siyasi alver edən şəxs hakimiyyət başındadır. Ölkəmizin nə günə düşəcəyini təsəvvür etmək belə insanda vahimə yaradır. Bu adam necə ki, hazırda pərən-pərən düşmüş o boyda Xalq Cəbhəsinin qalıqlarını öz şəxsi hesablarından hərəkətlə idarə edir, dövləti də elə idarə edəcəkdi. Ona görə də istər-istəməz düşünməli oluruq: nə yaxşı ki, Azərbaycana Əli Kərimli tipində şəxsi hesablardan hərəkət edən birisi deyil, yalnız dövlətin mənafelərini düşünən, hətta öz şəxsinə qarşı olanların belə dövlətə faydalı olduğunu görüncə irəli çəkən dövlət adamı İlham Əliyev başçılıq edir.
Qeyd etdiyimiz kimi, Əli Həsənov Əli Kərimlinin səfsəfələrinə sadəcə rəqəmlər və faktlarla cavab verib. Biz də bəzi mətləbləri anlatmaq istərdik. Özü də bir dövlət rəsmisinin üslubunda deyil, sadə bir vətəndaş olaraq.
2005-ci il xatırladılır. Mən də xatırlayıram. Həm də yaxşı. Yaşadığım 9 qatlı, 8 bloklu, 160 mənzilli binanın həyəti yadıma düşür. Bütün günü həyət adamla dolu olurdu. Çünki insanların bir xeylisi işsiz idi. Ona görə də günlərini həyətdə bir-birilərilə söhbət edərək keçirirdilər. Bunun yanında binamızın həyətinda tək-tük maşınlar gözə dəyərdi. İstənilən saatda həyətə daxil olub maşınımızı üəryimiz istəyən yerdə saxlaya bilirdik.
İndi isə durum tam əksinədir. Artıq qonşular bir-birini illərdir görə bilmir. Hətta, allah gecindən versin, eyni blokda kimsə rəhmətə gedəndə belə dərhal xəbər tutmadığımız günlər olub. Səbəb nədir? Səbəb odur ki, bizim binada artıq işsiz heç bir insan yoxdur! Hər kəs sabah erkəndən işinə gedir, axşama evinə dönür. İşdən gələn insanların həyət-bacaya çıxması çox zaman mümkün olmur. İnsanlar evlərində dincəlirlər. Bunu ona görə yazıram ki, Əli Həsənovun işsizliyin aradan qaldırılması istiqamətində dövlətin gördüyü işlər haqqında təqdim etdiyi fatklarla heç kim manipulyasiya edə bilməsin. Hər kəs mənim kimi öz yaşadığı binadakı durumu gözdən keçirsə, eyni halı görəcək.
Qeyd etdik ki, həyətdə maşınımızı saxlamaq üçün yaxşı yer seçirdik o illərdə. İndi isə, bilirsiniz, nə baş verir? Həyətə bir az gec gəldinsə, maşın üçün yer yoxdur. Təsadüfən bir yer olsa dərhal orda saxlamaq da bir şans məsələsidir. Çünki o illərdə hər 15-20 mənzildən birində şəxsi avtomobil vardısa, indi elə ailələr var ki, bir qapıdan 3 maşın çıxır. Yenə də maşını olmayan var. Lakin onlar yaşlı xanımlar – nənələrdir ki, zatən maşına ehtiyacları yoxdur. Bununla belə onların da evində maşını olan kimsə var.
Bizim binamızdakı sakinlərin işlə təmin edilməsi və az qala hamısının şəxsi avtomobilə sahib olması rifah halının yüksəlməsi demək deyilmi? Hələ mən mənzillərin təmir edilməsini, yaxud da sakinlərin bir qisminin köhnə mənzilini sataraq müasir binalarda mənzil almasını demirəm. Bütün bunlar sadə vətəndaşın heç bir kənar yardım olmadan özünün gördüyü dəyişikliklərdir. Belə olan halda Əli Kərimli necə sual verə bilir ki, bu ötən illərdə Prezident İlham Əliyev nə edib? Əgər Bakının ucqar bir guşəsində bizim binamızda bu qədər müsbət dəyişiklik varsa, mərkəzdəki dəyişiklik bunun iki, bəzən də üç qatı qədərdir axı.
Hələ mən bura doğma Dədəli kəndimə asfalt yolun çəkilməsini, elektrik verilişinin problemsiz hala gətirilməsini, heç vaxt qaz görməyən kəndin təbii qazla təmin edilməsini də əlavə edə bilərəm. Məgər bütün bunlar Prezident İlham Əliyev hakimiyyətinin uğurları sırasında deyilmi? Yaxud kosmosda 3 peykimizin olması, bu da uğur deyil? İndi mən hörmətli Əli Həsənovun yazdıqlarını təkrarlamaq istəmirəm. Amma sadəcə hər kəsi ətrafa baxmağa, müqayisə aparmağa dəvət edirəm. Baxın, 15 il öncəni xatırlayın, müqayisə edin. Onda görəcəksiniz ki, bu uğursuz siyasi karyerist Əli Kərimli öz şəxsi məqsədləri üçün hər kəsi yanıltmaqla məşğuldur. Hər kəs əmin olsun ki, sabah hakimiyyət bu adama hansısa vəzifə versə, parlamentə seçilməsinə yardım etsə, o, bütün prinsiplərini bir kənara tullamağa hazır birisidir.
Siyasətin kirli bir şey olduğunu deyirlər. Düzdür, müəyyən qədər doğrudur. Lakin bu kirliliyin də bir həddi var axı. Görünür, Əli Kərimli o kirlilik həddini aşmaqla nəyisə dəyişib öz məkrli niyyətlərini gerçəkləşdirə biləcəyini sanır. Zatən başqa və daha intellektual mübarizə imkanları da yoxdur bu adamın. Ona görə də, Əli Həsənovun sözüylə desək, Azərbaycana Suriya inqilabı idxal etməklə vəziyyətdən çıxmağa çalışır. Amma yenə də Əli Həsənovun sözüylə desək, dünyaya ASAN xidmət ixracıyla məşğul olan Azərbaycan hakimiyyətinin onun kimilərinin etməyə çalışdığı idxallara bu ölkəni çoxdan qapatdığını unudur. Onun kimilərin faciəsi də elə bundadır…
Azər Həsrət