Kimdir etnik bölücüləri körükləndirən?..
Bu gün siyasi mühacirlərin erməni kəşfiyyatı tərəfindən necə cəlb edilməsi, eyni zamanda Azərbaycanda etnik bölücülüyə rəvac verən fəaliyyətlər barədə bir yazı oxudum. Təəccüblü və yeni bir şey deyildi əslində. Çünki illərdir bunu deyirik, ictimailəşdiririk, buna görə təhqirlərə, basqılara məruz qalırıq. Üstəlik, konkret olaraq etnik bölücülüklə məşğul olanlar və onların arxasındakı qüvvələr bizi mümkün olan və olmayan yollarla gözdən salmağa çalışırlar. Bu işdə, təəssüf ki, aldanaraq kampaniyaçılığa aludə olan gənclərimiz də boy göstərir. Lakin məsələ bunda deyil…
Məsələ ondadır ki, yazıda etnik bölücülərin həm islam dinindən sui-istifadə etməsi, həm erməni kəşfiyyatıyla işbirliyi içində olması, həm də qonşu İran dövləti tərəfindən dəstəklənməsinə diqqət çəkilir. Bu üçbucaq Azərbaycanı içdən zəiflətmək üçün daimi səfərbərlik halındadır və bir an belə durmadan fəaliyyət göstərir. Düzdür, ciddi uğura imza atdıqlarını demək olmaz. Amma könül bulandırmağı, bir az bilgisiz insanları başqa adlar altında yerindən oynatmağı bacarırlar deyəsən. Elə olmasaydı o etnik bölücülərə bağlı olan bəzi diplomatlarımız belə öz dövlətinə – Azərbaycana xəyanət etməzdi.
Sual oluna bilər ki, bu adamlar niyə xəyanət yolu tutur? Necə olur ki, insanlar öz dövlətlərinə qarşı çıxmaq üçün hətta erməni kəşfiyyatına belə satılmalı olur? Bunun sxemini bir balaca izah etsək, hər şey aydın olar.
ABŞ dünyanın hər tərəfindən mühacirlərin axışdığı bir ölkədir. Eləcə də Avropa Birliyi ölkələri. Bu Qərb ölkələri özlərinin iqtisadi inkişafı və siyasi azadlıqlarıyla yanaşı qaçqınlara vəd edilən sosial təminat baxımından çox cəlbedicidir. Əslində, bir çox qaçqınlar bu ölkələrə məhz sosial təminat, rahat-müftə yaşayış ardınca qaçır. Bir qayda olaraq bu kateqoriyadan olan insanların çoxu tənbəl, heç bir işə yaramayan ünsürlər olur ki, öz ölkələrində sadəcə dolana bilmirlər. Çıxış yolunu öz dövlətlərinə şər ataraq ölkədən qaçmaqda görürlər. Adətən iddia edirlər ki, onların siyasi hüquqları pozulur, həyatları üçün təhlükə var. Belələrinin arasında etnik azlığa mənsub olduğu üçün sıxışdırıldığını iddia edənlər də az deyil. Hətta çıxış yolu tapmayanda özlərinin cinsi azlığa mənsub olduqlarını da uydururlar…
Bu adamlar Qərb ölkələrində sığınacaq almaq üçün əsaslı səbəblərə sahib olmadıqlarından istənilən şərtlə razılaşmalı olurlar. Onların qarşısına qoyulan ilk şərt xüsusi xidmət orqanlarına və ya şübhəli mərkəzlərə xəbərçilik etmək olur. Eyni zamanda həmin qurumların tapşırıqları əsasında “siyasi müxalifət” fəaliyyəti ilə məşğul olmaq tələbi irəli sürülür. Adamlar da öz qabiliyyətlərini bildiklərindən və geri dönüb vicdanla öz ölkələrində yaşamaq istəmədiklərindən bu qurumlara satılmaq yolunu seçirlər. Həmin qurumlar arasında təbii ki, artıq yüz ildir Qərbdə təşkilatlanmış erməni mərkəzləri də az deyil. Bu yolla kimə gəldi könüllü şəkildə satılanlar sonrakı mərhələdə istənilən tapşırığı yerinə yetirməli olurlar. Çünki hər keçən gün o qədər dərinə batırlar ki, artıq geri dönmək üçün yer qalmır. Özlərini şübhəli aparacaqları, tapşırıqlardan imtina edəcəkləri təqdirdə onları şantaj etməyə yetərincə kompromat toplandığı üçün…
Bir də bu etnik bölücülərə qonşu və “müsəlman qardaş” İranın dəstək verməsi var. İran sadəcə etnik bölücülərə deyil, “islamçılar”a da dəstək verir və Azərbaycanın ümumiyyətlə bir dövlət kimi şübhə altına alınmasına çalışır. Elə olmasaydı illər uzunu Bakının Nardaran kəndi İranın Qum uzantılarının at oynatdığı məkan kimi diqqət çəkməzdi. Yaxud da İranın Qumunda təlim görmüş Taleh Bağırzadə və başının dəstəsi açıq şəkildə öz dövlətinə – Azərbaycana qarşı çıxmazdı. Eyni zamanda İranın uzantıları bir çox məscidlərimizdə kök salıb insanları din adı altında öz dövlətimizə qarşı körükləndirməzdi. Təsadüfi deyil ki, Azərbaycan hakimiyyətinə qarşı etnik və islamçı müxalifətdə dayananlar bir qayda olaraq İranı müqəddəs bir dövlət kimi gözlərinin üstündə tutur, ona qarşı fikir səsləndirən şəxsləri hər cür üsulla gözdən salmağa çalışırlar. Halbuki həmin İran uzantıları ətəyində namaz qıldıqları dövlətin rəsmilərinin ermənilər və Ermənistanla cici-bacı olmasına rahatca göz yumurlar.
Dəfələrlə olub ki, İran rəsmiləri erməniləri qardaş adlandırıb, onlara qucaq açıb. Biz də Azərbaycandakı Qum və Ettelaat uzantılarına xatırlatmışıq ki, İranın bu davranışı islama ziddir. Çünki islam din qardaşına zülm edənlərlə bir sırada olmamağı tələb edir. Bu uzantılarsa əvəzində bizi gözdən salmağa, çamur atmağa üstünlük veriblər…
İndi İranın etnik bölücülərə dəstək verməsi də bizi təəccübləndirmir. Bizi həm də bu işdə İranın Ermənistanla sinxron davranması təəccübləndirmir. Bir də o təəccübləndirmir ki, Qərbdəki müəyyən dairələr bu tandemdən kənarda deyil.
Sözardı: Vahid Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi, bu dövlətin hər kəs kimi tamhüquqlu sahibi, acısını-sevincini hər kəs kimi özününkü bilən talış bacı və qardaşlarımız heç vaxt bölücü ünsürlərin təxribatına aldanmadı, aldanmayacaq da. Çünki talış bacı-qardaşlarımız yaxşı bilir ki, bu ürəkbulandıran tullantılar sadəcə olaraq özlərini realizə etmək üçün hər cür təxribata gedirlər. Onların cavabını elə Azərbaycana daim sədaqətilə seçilən talış bacı-qardaşlarımız verəcəklər. Necə ki, 1993-cü ildə Əlikram Hümbətov adlı bölücü talışların adından istifadə edib Azərbaycanı parçalamaq istərkən ona yerini göstərən də elə talışlar olmuşdu…
AZƏR HƏSRƏT, əməkdar jurnalist