Azərbaycanda neçə nəfər insult keçirir? – AÇIQLAMA
Səhiyyə Nazirliyinin statistikasına əsasən, Azərbaycanda il ərzində 100 min əhali arasında 200-300-ə yaxın insultla xəstələnmə qeydə alınır.Trend-in məlumatına görə, bunu Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev bildirib.
Onun sözlərinə görə, insult keçirən xəstələrin 30 faizi ilk ay ərzində dünyasını dəyişir, digər 30 faiz əlil olur, başqasının yardımına ehtiyacı olur. Qalan xəstələr əmək fəaliyyətini bərpa edə bilir.
R.Əliyev deyib ki, gənclər arasında insultla xəstələnmə göstəricisi aşağıdır: “Rusiyada aparılan sorğuya əsasən, gənclər arasında insultla xəstələnmə göstəricisi hər 100 min nəfər arasında 30 nəfər təşkil edir. Proqnozlara görə, 20 il ərzində dünyada insult riski 30-35 faiz azalacaq. Amma eyni zamanda, əhalinin yaşlanması ilə insultla xəstələnmə riski 11 faiz artacaq”.
R.Əliyev qeyd edib ki, ürək əməliyyatları edən insanlar arasında da insulta rast gəlinmə faizi çox olur: “Eyni zamanda, əhali yaşlaşdıqca, insanların ömrü uzandıqca da insult riski çoxalır. Müxtəlif yaş qruplarında insultun risk faktorları müxtəlif olur. Anadangəlmə ürək qüsurları, bədxassəli, irsi arteraial hipertensiya, təzyiqin cavan yaşda yüksək olması, qan xəstəlikləri, narkotiklərdən istifadə cavan yaşda insulta səbəb olur. Yaşlılarda isə şəkərli diabet, arteraial hipertensiya və s. insulta səbəb olur. Qadınlarda rast gəlinən insultun isə özünəməxsus xüsusiyyətləri var. Hamiləlik, abort, zahılıq dövrü, kontraseptivlərdən, narkotiklərdən istifadə, zərərli vərdişlər, o cümlədən siqaretdən istifadə qadınlarda insult riskini artırır”.
R.Əliyevin sözlərinə görə, insult daha çox kişilər arasında rast gəlinir: “İnsult keçirən qadın və kişilərdən hansının insultdan sonra daha çox yaşaya biləcəyi isə onlarda risk amillərinin çox, yaxud az olmasından asılıdır. Kişilərdə risk amillərinin çox olması, zərərli vərdişlər, gərgin iş insultdan sonra onların reabilitasiyasına mənfi təsir göstərir. Beyin infaktı keçirən xəstələrin beyin qansızması olan, yəni insult keçirən xəstələrə nisbətən yaşama riski yüksəkdir. Amma beyin infaktı keçirən xəstə ilə müqayisədə, qansızma keçirən və bundan sonra sağ qalan xəstədə əlillik daha az olur”.
R.Əliyev deyib ki, insult xəstələnmə, əlillik və ölümün baş verməsinə səbəb olan xəstəliklər arasında bütün dünyada III yerdədir: “İnkişaf etməkdə olan ölkələrə insibətən inkişaf etmiş ölkələrdə insulta rast gəlinir. Bunun səbəbi inkişaf etmiş ölkələrdə xəstəliyin qarşısının tez alınmasıdır”.