Azərbaycan-Türkiyə əlaqələrinin qurulması və inkişafı
Müasir beynəlxalq koordinatlar sisteminin güc mərkəzi kimi qəbul edilən aktorlarının xarici siyasət strategiyasında regionallıq faktoru xüsusi çəkiyə malikdir. Başqa sözlə, bu və ya digər dövlət öz milli maraqlarının təminatı üçün ayrı-ayrı dövlətləri deyil, onların yerləşdiyi coğrafi arealı bütövlükdə xarici siyasət vektoru olaraq müəyyənləşdirməyə prioritet verir. Heç sübhəsiz. Belə yanaşma tərzi seçilmiş regionun cəlbedicilik əmsalının kəmiyyət və keyfiyyət göstəriciləri ilə tənzimlənir. Məsələyə bu kontekstdə yanaşıldıqda Cənubi Qafqaz regionunun da müasir beynəlxalq siyasətdə xüsusi çəkiyə malik olmasının motivlərini anlamaq mümkündür. Bu, hər şeydən əvvəl, regionun geostrateji parametrləri, xüsusi coğrafi mövqeyi, münaqişəli zona statusu və çoxsaylı güc mərkəzlərinin (həm regiondaxili, həm də regiondankənar) maraq dairəsində olması ilə səciyyələnir. Həmin güc mərkəzləri içərisində Rusiya, Türkiyə, İran (regional güc mərkəzləri), ABŞ, NATO və Avropa İttifaqı (regiondankənar güc mərkəzləri) Cənubi Qafqazda baş verən hadisə və proseslərə xüsusi təsir imkanlarına malikdirlər.
Cənubi Qafqaz regionunda üç dövlət-Azərbaycan, Gürcüstan və Ermənistan beynəlxalq birliyin nisbətən yeni subyektləridirlər. Həmin dövlətlərə münasibətdə region dövlətlərinin hər birinin tarixi ənənə və müasir geosiyasətlə şərtlənən ümumi və xüsusi yanaşma strategiyaları mövcuddur.
Regionda maraqları cəmlənmiş həmin güc mərkəzləri sırasında Türkiyənin xüsusi yeri və rolu vardır. İqtisadi, siyasi, hərbi-təhlükəsizlik, habelə tarixi, mədəni və etnopsixoloji parametrləri baxımından cəlbedicilik rəsmi Ankaranın region siyasətinin səmərəliliyini artıran amillərdəndir. Sivil müsəlman dövləti olan Türkiyənin qərb dəyərləri və texnologiyalarına üstünlük verməsi onu regionun eyni dəyərləri paylaşan dövlətləri üçün kifayət qədər cəlbedici edir. Xüsusilə, ümummilli lider Heydər Əliyevin təbirincə desək, “bir millət, iki dövlət olan” Türkiyə-Azərbaycan strateji əməkdaşlığı rəsmi Ankaranın region siyasətinin səmərəlilik dərəcəsini daha da artırır. Türkiyənin regionda formaıaşmış çoxsaylı maraqları içərisində iqtisadi maraqlar, xüsusilə də neft və qeyri-neft sektoru ilə bağlı maraqlar xüsusi çəkiyə malikdir. Türkiyə regionda formalaşmış yeni geosiyasi şəraitdən istifadə edərək ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq bölgə siyasətini xeyli fəallaşdırmışdır. Onu da qeyd edək ki, Cənubi Qafqaz və Mərkəzi Asiyanın bir çox ölkələri məhz Türkiyənin vasitəsilə Avropaya çıxmağı, Qərb dövlətləri ilə ikitərəfli və çoxtərəfli əlaqələr qurmağa çalışırlar.
Türkiyənin region siyasətində təhlükəsizlik və hərbi-siyasi maraqlar da mühüm rol oynayır. Türkiyə bu baxımdan Qafqazda davamlı sabitlik mühitinin formalaşmasına xüsusi önəm verir.
Türkiyə Cənubi Qafqaz dövlətlərindən Azərbaycan və Gürcüstana xüsusi prioritet verir. Bu mövqeni həyata keçirməkdə Türkiyənin əsas məqsədi regionun iqtisadi və siyasi inkişafına kömək etmək, regional (Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars) iqtisadi layihələrin reallaşması üçün əlverişlı mühit formalaşdırmaq və mümkün qədər Azərbaycan və Gürcüstanın avroatlantik məkana iteqrasiyası üçün yardım etməkdən ibarətdir. Heç şübhəsiz, Sovet İttifaqının dağılmasından sonrakı yeni geosiyasi reallıqlar kontekstində Türkiyənin müəyyən etdiyi regional xarici siyasət kursu ilk növbədə onun geosiyasi maraqlarının təminatı mənafeyinə xidmət göstərir.
Məsələyə yuxarıda sadalanan siyasi həqiqətlər kontekstində qiymət versək, Türkiyənin regionda əsas probleminin Ermənistan dövlətinin siyasəti ilə bağlı olduğu qənaətini təsdiqləmiş olarıq. Türkiyənin ərazi bütövlüyünə qarşı qəsdlər hazırlayan, qondarma “erməni soyqırımı” ilə beynəlxalq ictimai fikri çaşdıran və Azərbaycan ərazilərinin 20%-ni işğal edən bir dövlət-Ermənistan, heç şübhəsiz, Türkiyə üçün regionda arzuolunmaz tərəfdir. Ermənistanın bu mövqeyi Türkiyənin Gürcüstan və Azərbaycanla daha sıx münasibətlərdə olmasını şərtləndirən amillər sırasındadır.
Türkiyənin region siyasətinin nüvəsini Azərbaycanla münasibətlər təşkil edir. Bu aksiomadır. Azərbaycan həm də Türkiyəni çoxmilyonlu türk dünyası ilə birləşdirən olduqca mühüm həlqədir. Azərbaycan və Türkiyə hər şeydən əvvəl, etnik, dil, mədəni və dini baxımından ortaq dəyərlərə malik dövlətlərdir.
Türkiyə rəsmi olaraq Azərbaycan Respublikasmm müstəqilliyini 9 noyabr 1991-ci ildə tanıyan ilk dövlət olmuşdur. Rəsmi Ankara 1992-ci il 14 yanvar tarixində Azərbaycanla diplomatik əlaqələri bərpa etmişdir. 1992-ci ilin may ayında Türkiyənin Azərbaycanda səfırliyi açılmışdır. Azərbaycanın isə Türkiyədə səfirliyi 1992-ci ilin avqust ayından fəaliyyət göstərməyə başlamışdır. Ölkəmizin 1993-cü il yanvar ayından etibarən İstanbul şəhərində Baş Konsulluğu işə başlamışdır. Azərbaycanın və Mərkəzi Asiyanın türkdilli respublikalarının BMT-yə qəbulunda da Türkiyənin təşəbbüslə çıxış etməsi qurumda müvafıq müzakirələrə start vermiş və müsbət nəticə ilə yekunlaşmışdır .
Elə müstəqillyin ilk illərində, daha doğrusu, 1992-ci ilin noyabrın 2-də Ankarada, «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq və həmrəylik haqqında» imzalanmış saziş xüsusilə mühüm əhəmiyyətli sənəd idi. Bu sənəddə ikitərəfli əməkdaşlığın geniş spektrinə dair məsələlər öz əksini tapmışdır. Bundan savayı, «Azərbaycan Respublikası Höküməti və Türkiyə Respublikası höküməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında» Saziş, «Azərbaycan Respublikası Höküməti və Türkiyə Respublikası höküməti arasında mütəxəssis kadrların hazırlığı haqqında» Protokol, «Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Türkiyə Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında» Protokol, «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında avtomobil daşımaları haqqında» Saziş, «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mülki, ticarət və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında» Müqavilə, »Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Komitəsi və Türkiyə Respublikası Radio və Televiziya Komitəsi arasında əməkdaşlıq» Protokolu, «Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında kiçik və orta həcmli sənaye müəssisələrini inkişaf etdirmək sahəsində texniki əməkdaşlıq haqqında» Protokol, «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında kredit haqqında» Saziş və digər mühüm sənədlər Ankara-Bakı münasibətlərinin inkişafı üçün lazımi hüquqi-normativ bazanı yaratmış oldu.
Türkiyənin müstəqilliyin ilk illərində Ermənistanın blokada vəziyyətində saxladığı Naxçıvana göstərdiyi köməklik xüsusilə misilsiz əhəmiyyətə malik idi. Təsadüfı deyildir ki, 1992-ci ilin martın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Türkiyə Prezidenti Türqut Özalın və Baş Nazir Süleyman Dəmirəlin xüsusi dəvəti ilə Türkiyəyə rəsmi səfər etmiş və rəsmi Ankara tərəfindən Naxçıvana maliyyə, iqtisadi və texniki yardım göstərilməsi haqqında, o cümlədən 100 mln. dollar məbləğində kredit ayrılmasını və hər il 100 nəfər tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə əməkdaşlıq protokolunu imzalamışdır .
Zəmanəmizin dühası Heydər Əliyevin xalqın tələb və xahişi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkələrimiz arasında əməkdaşlığın inkişafında yeni mərhələnin əsası qoyulmuş oldu. Bu bir həqiqətdir ki, müstəqilliyimizin ilk günlərindən başlayaraq, xarici siyasət fəaliyyətində Türkiyəyə xüsusi diqqət verilməsi regionda marağı olan Rusiya və İranı, daha sonra isə, bir sıra Qərb dövlətlərini narahat etməyə başlamışdı. Lakin ulu öndərin məharətlə həyata keçirdiyi balanslı siyasət nəticəsində yaxın qonşularımız olan İran və Rusiya ilə problemlərimiz tədricən aradan qaldırılmış, regionda maraqları toqquşan dövlətlərlə sabit münasibətlər formalaşmış və xüsusilə Türkiyə-Azərbaycan əməldaşlığına yeni prizmadan baxmaq üçün imkanlar yaranmışdır.
Ölkələrimiz arasındakı münasibətlərin bütün istiqamətlər üzrə möhkəmlənməsinin zəruriliyi ilə bağlı fikirlər Heydər Əliyevin 1994-cü il fevralın 8-də Süleyman Dəmirəlin dəvəti ilə qardaş ölkəyə rəsmi səfərə yola düşmədən əvvəl hava limanında jurnalistlərə verdiyi müsahibəsində, habelə Ankarada «Çankaya» köşkündəki rəsmi ziyafətdəki nitqində öz əksinin tapmışdır. Ümummilli lider bildirmişdir ki, “Türkiyəni Azərbaycan üçün ən yaxın qardaş və dost ölkə kimi qiymətləndirir, həm də bu münasibətlərin böyük tarixi vardır. 70 il bir-birindən ayrı düşmüş xalqlarımız qısa müddətdə bir-birinə qovuşmuş, bir-birini qucaqlamışdır, sanki bu 70 ildə ayrılıq heç olmamışdır.” Ulu öndərin Türkiyə Prezidenti Süleyman Dəmirəl və bu ölkənin bir sıra diğər ictimai xadimləri ilə səmimi dostluq münasibətləri saxlaması son nəticədə dövlətlərimiz arasında əməkdaşlıq mühitinin daha da inkişafı mənafeyinə xidmət etmişdir.
Prezident Heydər Əliyevin Türkiyəyə həmin səfəri zamanı imzalanmış “Dostluq və əməkdaşlıq haqqında” müqavilə, həmçinin sərhəd məsələlərinin tənzimlənməsi üzrə qarışıq işçi qrupun yaradılması, investisiyaların qorunması, ikiqat vergidən qaçma, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında sazişlər xüsusi əhəmiyyətə malikdir. (ARDİ VAR)
ELMAN NƏSİROV
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATİ, AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ SİYASİ ARAŞDIRMALAR İNSTİTUTUNUN DİREKTORU, SİYASİ ELMLƏR DOKTORU, PROFESOR