GündəmManşetMedia

Qəzetlər üçün çıxış yolu

Bu gün gəlməliydi, gəldi. Qəzetlərin maliyyələşməsinin dayandırılmasını deyirəm.

İllərdir şəxsən özüm hələ də kağız üzərində informasiya yayımıyla – qəzetçiliklə məşğul olan həmkarlarıma deyirəm ki, yavaş-yavaş, mərhələ-mərhələ yeni informasiya daşıyıcı-ötürücülərinə keçmək lazımdır. Düzdür, bu gün üzdə olan qəzetlərin hamısı yeni texnologiyalardan istifadə edir. Lakin hamının bu imkandan yüksək səviyyədə istifadə etdiyini deyə bilmərik.

Belə bir durumda KİV DF-nin ənənəvi olaraq maliyyələşdirdiyi bir sıra qəzetləri bundan sonra dəstəkləməməklə bağlı qərarı bir çoxları üçün qəfil – gözlənilməz oldu.

Maraqlıdır ki, KİV DF-nin qərarına cəmiyyət anlayışla yanaşdı. Elə maliyyələşməsi dayandırılan qəzetlərin də çoxu anlayışlı davrandı. Lakin bəziləri bunu elə də rahat həzm edə bilmədi. Halbuki bu qərara hər zaman hər bir qəzet hazır olmalı idi. Çünki artıq 10 ilə yaxındır ki, dövlət qəzetlərə qarşılıqsız maliyyə yardımı edir və bunu bir şans pəncərəsi kimi dəyərləndirmək lazım idi.

Qəzetlərin bəziləri elə də davranıblar. Onlar, dövlətin verdiyi əlavə dəstəyi yeni texnologiyaların tətbiqinə yönəldib, onlayn müstəvidə əməlli-başlı iş qurub və bu maliyyənin kəsilməsindən ciddi əziyyət çəkməyəcəkləri şübhəsizdir. Lakin bəzi qəzetlər ayrılan vəsaiti gündəlik ehtiyaclara xərcləyib, perspektiv barədə planlar cızmayıb və maliyyənin kəsilməsi onları ruhdan salıb.

Bəs, doğrudanmı KİV DF-nin bu qərarı gözlənilməz idi? Yaxud da doğrudanmı dövlət yardımı bu qəzetlərə əbədi olaraq verilməlidir? Bizcə yox. Məntiqlə də yox. Çünki Azərbaycanda media azad biznes sahəsidir və dövlətin əbədi olaraq o sahəni dəstəkləmək kimi bir öhdəliyi yoxdur. Əgər bu günə kimi o qəzetlərə dəstək verilibsə, bunu dövlətin medianın ayaqda dura bilməsi üçün əlavə dəstəyi kimi qəbul etmək ən ağlabatan düşüncədir.

2009-cu ildən dövlətin qəzetlərə ayırdığı maliyyənin hara və necə xərcləndiyinə baxanda belə anlaşılır ki, bu pullar heç də arzu olunan inkişafı təmin etməyib. Düzdür, qəzetlərdə işləyən insanların sabit əməkhaqqı alması, iş yerlərini yetərincə uzun müddət qoruması işin uğurlu və faydalı tərəfidir. Lakin davamlı maliyyə alan qəzetlərin zamanla ayaqlaşa bilməməsi də nəzərimizdən qaçmır.

Dövlətin hər il milyonlarla manatlıq dəstək ayırdığı qəzetlər öz tərtibatlarıyla yalnız ötən əsrin 90-cı illərinin qəzetlərini xatırladır. Tiraja gəlincə isə, durum daha acınacaqlıdır. Həmin illərdə gündəlik 10 minlərlə tirajı olan qəzetlər indi ən yaxşı halda 2-3 min tirajla çap edilir. Bura onu da əlavə edək ki, indiki informasiya texnologiyalarıyla rəqabət şəraitində qəzetlərin yaşaması sadəcə heç mümkün də görünmür. Düzdür, bunu mümkün etməyi bacaran qəzetçilərimiz də yox deyil. Bununla belə rəqabət çox kəskindir və Azərbaycanda hər gün dərc edilən 100-lərlə qəzetin varlığı şəraitində duruş gətirmək heç də hamıya müyəssər olmur.

Bəs bundan sonra nə etməli? Qəzetlərin kağız üzərində fəaliyyətini dayandırması onların tam olaraq qapanması deməkdirmi? Əlbəttə ki, yox. Dediyimiz kimi, yeni texnologiyaların gücünü vaxtında dərk edənlərin belə bir problemi yoxdur. Yeri gəlmişkən əlavə edək ki, maliyyələşdirilməsi dayandırılan qəzetlərin hamısının onlayn versiyası vardır və onların demək olar ki, hamısı sosial medianın gücündən istifadə edirlər. Ona görə də yaşamağa davam etmələri üçün imkanlar hələ ki, tükənməyib.

Bizi düşündürən sonra nə olacağıdır. Necə edək ki, dövlətin maliyyəsindən məhrum olan qəzetlər bu prosesdən az zərərlə çıxsınlar? Bu sualın da cavabını illər öncə vermişdik. Bu gün təkrarlamaqda yarar olduğunu düşünüb yenə də diqqətə çatdırırıq.

Xatırlayıram ki, illər öncə az tirajla çıxan qəzetlərin birləşdirilməsini təklif etmişdim. Hətta təklif etmişdim ki, o qəzetlər öz adlarını da saxlamaqla bir qəzetin tərkibində birləşsin. Onların tirajları vahid ad altında çıxacaq qəzetin tirajına əlavə edilsin. Örnək üçün, 10 ayrı qəzet ən çox tirajı olan qəzetə birləşir. Onların adları da həmin vahid qəzetdə bölmələr şəklində saxlanır. Eyni zamanda o qəzetdə böyük bir redaktor korpusu formalaşdırılır. Beləliklə də cəmi 2 min tirajla çıxan qəzet bu mərhələdən sonra gündəlik 30-40 min tiraj qazanmış olur. Tirajın artması isə qəzet(lər)in nüfuzunu daha da artırardı. Bu da ardınca reklam imkanlarını genişləndirər və s.

Biz bu təklifi illər öncə gerçəkləşdirmək üçün ara-sıra təklif verirdik. Lakin qəzet sahibləri yaxın buraxmırdılar. Düşünürəm ki, indi də bu üsuldan istifadə etmək olar. Yüzlərlə zəif, ictimai rəyə elə də ciddi təsir etməyən qəzetdənsə, ölkədə bir neçə samballı, adı dillərdə gəzəcək, oxucuların hər gün almaq üçün köşklər qarşısında növbəsini çəkəcək qəzetlərin olması çıxış yoludur.

Digər çıxış yolu isə ümumiyyətlə kağızdan imtina edib imkanları onlayn müstəvidə birləşdirməkdir. Burda isə rəqabət daha kəskin olacaq. Çünki meydana girən sadəcə qəzetlərin onlayn versiyası olan deyil. Onlar bu meydanda həm də artıq illərdir mövqelərini möhkəmləndirmiş media qurumlarıyla üz-üzə qalacaqlar. Çətin olacaq yəni. O baxımdan birləşmək, durumu bu yolla xilas etmək olar. Nəzərə almaq lazımdır ki, bu qəzetlərin tirajı aşağı olsa da onların demək olar ki, hamısında peşəkar jurnalistlər var və həmin peşəkarlar ordusu vahid platformada birləşərsə, rəqabətdə önə çıxmaq şansı da yaranar.

Hə, bir də dövlətin maliyyə yardımlarını artıq ümumiyyətlə onlayn mediaya yönəltməyin vaxtı çatıb. Əgər əldə olan imkanlardan səmərəli istifadə etmək istəyiriksə, üstəlik də Prezident İlham Əliyevin həyata keçirməkdə olduğu islahatlarla ayaqlaşmaq fikrimiz varsa, belə etməliyik.

Yeri gəlmişkən, onlayn media da texnologiya əsrində son nailiyyət deyil. Bizi çox yaxın zamanda nələrin gözlədiyini proqnozlaşdırmaq çətin görünsə də artıq onlayn medianın da tarix ola biləcəyi haqqında danışa bilərik. Ona görə də heç olmasa indiki mərhələdə onlayn mediadan səmərəli və tam gücüylə istifadə üçün dəstək verilməsi zəruridir.

Sözardı: Təəssüflə qeyd etmək istərdim ki, Azərbaycanda qəzetçilik müstəqillik dönəmində dünya ilə ayaqlaşa bilmədi. Hətta ən yaxın qonşularımızın bəzilərindən belə geri qaldıq. Örnək üçün, qardaş Qazaxıstanda bu sahədə daha ciddi irəliləyişlərin olduğunu müşahidə edirik. Bizdə isə, təəssüf ki, qəzetlər 25 il öncə necə ağ-qara idisə, elə indi də o cürdür. Təbii ki, az saylı istisnaları çıxmaq şərtilə.

 

Azər HƏSRƏT, azer@azerhasret.com

Bir cavab yazın