ManşetSiyasət

Deputat Boltonun Azərbaycan prezidenti ilə telefon danışığını şərh edib

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi bir daha göstərir ki, Azərbaycan regionun lider dövləti olaraq dünyanın fövqəldövlətinin diqqət mərkəzindədir və Birləşmiş Ştatlar Azərbaycanla münasibətlərin inkişafına maraq göstərir. Bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, ötən ilin oktyabr ayında C.Boltonun Bakıya səfəri də bu deyilənləri təsdiq etdi:

“Con Bolton Bakıya səfəri zamanı xüsusilə də Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində atdığı addımlar haqqında öz müsbət mövqeyini açıqlamışdı. Budəfəki telefon zəngində də ABŞ- Prezidentinin müşaviri dövlətimizin başçısı ilə ilk növbədə ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıb, eyni zamanda, əsas diqqət mərkəzində saxlanılan məsələ təhlükəsizliklə bağlı olub, Azərbaycanın bu gün beynəlxalq enerji təhlükəsizliyində oynadığı rol yüksək qiymətləndirilib”.

Politoloq vurğulayıb ki, C.Boltonun dövlət başçımıza telefon zəngi zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ətrafında da fikir mübadiləsi aparılıb:

“Con Bolton hələ oktyabr səfəri zamanı qeyd etmişdi ki, münaqişənin həlli nəticə etibarilə regionda təhlükəsizlik mühitinin formalaşmasına xidmət edir. O, eyni zamanda, Ermənistanda səfərdə olarkən ölkə rəhbərliyinin diqqətinə çatdırmışdı ki, Ermənistanın gələcəyi və inkişafı bu münaqişənin həllindən asılıdır. Yəni faktiki olaraq Con Bolton Ermənistan rəhbərliyinə başa salmışdı ki, münaqişəni tezliklə həll etmək lazımdır, əks təqdirdə Ermənistanın gələcəyindən, inkişaf perspektivindən söhbət gedə bilməz. Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp da Nikol Paşinyanın Ermənistanın baş nazir seçilməsi ilə bağlı göndərdiyi məktubunda eyni yanaşmanı ortaya qoydu: yəni Ermənistanın gələcəyi, taleyi münaqişənin həllindən keçir”.

E.Nəsirovun fikrincə, bütün bunlar, həmçinin Con Boltonun Azərbaycan Prezidenti ilə telefon danışığı bir daha göstərir ki, ABŞ üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi çox böyük maraq kəsb edir, Birləşmiş Ştatlar regional təhlükəsizlik kontekstində bu münaqişənin həllində maraqlı tərəf kimi çıxış edir və öz töhfəsini vermək niyyətindədir: “Hesab edirəm ki, Con Boltonun Azərbaycan Prezidenti ilə apardığı məhsuldar telefon danışığı bir daha həm ikitərəfli formatda, həm də bütövlükdə regionda təhlükəsizlik mənafeyinə xidmət göstərən bir addımdır”.

Bir cavab yazın