Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanın son 15 ildə çox uğurla və dinamik inkişaf etdiyini bir daha bəyan etdi
2003-cü ildən keçən on beş il ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayıb, problemlər öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib.
Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm amillərdən biri də enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, bütün sahələrdə davamlı inkişaf strategiyasının uğurla həyata keçirilməsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransdakı proqram xarakterli nitqini şərh edərkən deyib.
O bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair beş il bundan əvvəl qəbul edilmiş üçüncü Dövlət Proqramının artıqlaması ilə yerinə yetirildiyini və icrasının təmin edildiyini diqqətə çatdıraraq vurğuladı ki, son beş il ərzində qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunub. Dövlət başçısı üçüncü proqramın çox böyük əhəmiyyət daşıdığını qeyd edərək bildirdi ki, bu proqram regionlarda əvvəlki illərdə aparılan islahatlara, görülən işlərə yeni təkan verdi.
Prezident İlham Əliyev son 15 il ərzində yerinə yetirilmiş işlərə nəzər salaraq dedi ki, bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən, abadlaşan şəhərlərdə özünü göstərir. Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf etdiyini, ümumi daxili məhsulun 3,3 dəfə artdığını diqqətə çatdıran dövlət başçısı sənaye istehsalının 2,6 dəfə, ixracın 4,7 dəfə, valyuta ehtiyatlarının isə 24 dəfə artaraq bu gün 45 milyard dollar təşkil etdiyini bildirərək qeyd etdi ki, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik”.
Azərbaycana 15 il ərzində təxminən 250 milyard dollar sərmayə qoyulduğunu və bu sərmayənin yarısının xarici investisiya olduğunu vurğulayan Prezident qeyd etdi ki, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir və mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir. İlk dəfə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeyd olundu və o vaxt Azərbaycan 98-ci yerdə qərarlaşdı. Aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni, bu, deməyə əsas verir ki, bundan sonra da həm daxili, həm xarici investorlar Azərbaycana böyük həcmdə sərmayə qoyacaqlar. Bu sərmayə bundan sonra da iş yerlərinin, yeni müəssisələrin yaradılmasına və ölkəmizin inamla inkişaf etməsinə imkan verəcək. Azərbaycanın çox uğurla, inamla inkişaf etdiyini bildirən dövlət başçısı qeyd etdi ki, son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb, 3200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, eləcə də 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb.
Bununla yanaşı, məcburi köçkünlərin problemlərinin həmişə diqqət mərkəzində olduğunu bildirən Prezident son illər ərzində yüzdən çox köçkün şəhərciyi tikildiyini və köçkünlərə təqdim edildiyini söyləyib: “Şəhid ailələri, müharibə veteranları, müharibə əlilləri üçün 6650 mənzil təqdim edilib və bu proses davam etdirilir. Bu kateqoriyadan olan vətəndaşlar evlərlə təmin olunacaqlar. Yəni, Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərən ölkədir. Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”.
Azərbaycan Prezidenti son 15 il ərzində dünyada müxtəlif proseslərin getdiyini və dünyanın çox dəyişdiyini vurğulayaraq on beş il əvvəl vəziyyətin tam fərqli olduğunu, bu gün isə risklərin, təhdidlərin, münaqişə, müharibə ocaqlarının artdığını və bu meylin əfsuslar olsun ki, gücləndiyini diqqətə çatdırdı: “Bizim bölgəmizdə, Yaxın Şərqdə, MDB məkanında, yaşadığımız regionda çox təhlükəli proseslər gedirdi və bu gün də gedir. Bu proseslər böyük fəlakətlərə gətirib çıxarıb. Milyonlarla insan müharibələrdən əziyyət çəkir. Milyonlarla insan həlak olub, yaralanıb, itkin düşüb, qaçqın-köçkün vəziyyətinə düşüb. Bəzi ölkələrin əksər hissələri tamamilə dağıdılıb. Bu, böyük humanitar fəlakətdir. Biz demək olar ki, hər gün kütləvi informasiya vasitələrində bunu izləyirik və bu meyil əfsuslar olsun ki, davam edir. Bütün bu mənfi mənzərə fonunda bizim hökumət öz inamlı dinamik inkişaf strategiyasını icra edərək ölkəmizi irəliyə aparır”.
Eyni zamanda, dövlət başçısı Azərbaycanın sabitlik, təhlükəsizlik məkanı olduğunu bildirərək dedi: “Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur”.
Azərbaycanda aparılan iqtisadi, siyasi islahatların, ölkəmizin güclənməsinin bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdığını diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, xarici siyasətimizin əsas məqsədi xaricdən gələn mümkün risklərin idarə olunmasına, azaldılmasına, aradan qaldırılmasına imkan verməkdən ibarətdir. Bununla yanaşı, iqtisadiyyatımızın əsas sahəsinin neft-qaz sektoru olduğunu bildirən dövlət başçısı qeyd etdi ki, eyni zamanda, qeyri-neft sektorunu sürətlə inkişaf etdirməyə çalışırıq və buna nail oluruq: “Ancaq hansı ictimai-siyasi formasiyada yaşamasına baxmayaraq, Azərbaycanda ilk neft tapılan dövrdən bu günə qədər bu, əsas iqtisadi potensial olub. Biz bu təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik”.
Şübhəsiz ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP və digər layihələr Azərbaycanın qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir. Bu baxımdan, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsini çox böyük tarixi hadisə kimi qiymətləndirən Prezident İlham Əliyev vurğuladı ki, əgər bu layihələr icra edilməsə idi, biz bu qədər vəsait əldə edə bilməzdik: “Çünki bizim ixrac imkanlarımız məhduddur, açıq dənizlərə çıxışımız yoxdur və bizə mütləq neft-qaz kəmərləri lazımdır. Bu kəmərlərin tikintisi həm maliyyə, həm siyasi, həm beynəlxalq əməkdaşlıq baxımından çox mürəkkəb və çətin bir layihələr idi. Biz bunu da bacardıq. Bu gün bu iki kəmər vasitəsilə resurslarımız dünya bazarlarına göndərilir”.
Hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisinin sürətlə getdiyini vurğulayan dövlət başçısı bildirdi ki, dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir, onlardan üçü istifadəyə verilib və 2018-ci ildə il TANAP və Cənub Qaz Dəhlizinin açılışı tarixi hadisədir. Neft və qazdan əldə edilmiş gəlirləri nəqliyyat sektoruna yönəltdiyimizi bildirən dövlət başçısı qeyd etdi ki, artıq Azərbaycan nəinki bu bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsinin tarixi hadisə olduğunu söyləyən dövlət başçısı vurğuladı ki, bu, bizə Azərbaycan ərazisindən böyük həcmdə yüklərin Şərqdən-Qərbə, Qərbdən-Şərqə göndərilməsinə imkan verir və bunun sayəsində həm bizim geosiyasi əhəmiyyətimiz artacaq, həm də biz bundan daim valyuta qazanacağıq.
Şübhəsiz ki, bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasının da böyük önəm daşıdığını qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, bu istiqamətdə də böyük işlər görülür: “Əlbəttə ki, bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan bu sahədə də təşəbbüskar kimi öz müsbət rolunu oynayıb. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq. Amma hər iki layihədə iştirak edən ölkə tək Azərbaycandır. Ona görə biz Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilirik. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, bizim yol infrastrukturlarımız, müasir və müasirləşən infrastruktur, bütün bunlar son illər ərzində yaradılıb. Əgər biz infrastruktur layihələrinə diqqət yetirməsəydik, bu gün heç bir inkişafdan söhbət gedə bilməzdi”.
Beləliklə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu son 15 ildə Prezident İlham Əliyevin dinamik şəkildə və novatorcasına inkişaf etdirməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Bütün bu uğurlar bu gün dövlətimiz və xalqımız üçün çox vacib olan problem – işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə və ərazi bütövlüyünün bərpa olunacağına olan ümidləri daha da artıraraq perspektivdə Azərbaycanın ən qüdrətli dövlətlər sırasında duracağını şərtləndirir.