Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıda toplaşdılar – VİDEO/FOTO
Bakıda Yanvarın 26-da Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu keçirildi. Foruma dövlət qurumları və özəl şirkətlərin mətbuat katibləri, yerli və türkdilli ölkələrin PR mütəxəssisləri, o cümlədən, Beynəlxalq PR Assosiasiyasının (İPRA) prezidenti Svetlana Stavreva, Türkiyə Halkla İlişkiler Dərnəyinin rəhbəri Gonca Karakaş, media və ictimaiyyət nümayəndələri qatılmışdılar.
Forum Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri, “Baku School of PR” şirkətinin direktoru İlham Məmmədzadə Forumun ölkədə PR mütəxəssislərinin hazırlanmasında ciddi rol oynayacağını bildirdi. O qeyd etdi ki, bu Forumun keçirilməsində məqsəd türkdilli dövlətlərin PR mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün yeni bir platforma yaratmaq, habelə bu ölkələrdə ictimaiyyətlə əlaqələr sektorunun inkişafına töhfələr verməkdir. İ.Məmmədzadə vurğuladı ki, ilk forumunun Bakıda keçirilməsi ölkəmizin türkdilli dövlətlərin inteqrasiya mərkəzinə çevrilməsinin bariz nümunəsidir: “Türkdilli Dövlətlərin PR (ictimaiyyətlə əlaqələr) Mütəxəssislərinin Birinci Bakı Forumu türkdilli dövlətlərin inteqrasiyasına yönəlmiş fəaliyyətinə dəstək olan, bu dövlətlərin PR mütəxəssislərini ilk dəfə olaraq bir araya yığan və onların əməkdaşlığı üçün platforma və şəbəkə yaratmaq, əməkdaşlıq yolları barədə müzakirələr aparmaq, müasir demokratik cəmiyyətlərin mühüm idarəetmə elementlərindən biri olan PR-ın bu ölkələrdə inkişafına yardım etmək və s. bu kimi məqsədlər üçün təşkil olunan beynəlxalq konqresdir. Forum Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanın dövlət və özəl sektorlarda çalışan PR mütəxəssislərini bir araya gətirib”.
Bakı Forumunun birinci sessiyasında “Müasir kommunikasiya texnologiyalarının inkişaf trendləri” müzakirə edildi.
Spikerlər – Beynəlxalq PR Assosiasiyasının prezidenti Svetlana Stavreva “Rəqəmsal transformasiya və süni zəka dövründə hekayəmizi necə danışmalı?”, Türkiyə Halkla İlişkiler Dərnəyinin rəhbəri Gonca Karakaş “İctimaiyyətlə əlaqələrdə gələcəyin trendləri”, “KeepFace” (Azərbaycan) şirkətinin həmtəsisçisi Emin Vəliyev “Müasir kommunikasiya kanalları və influenserlər”, biznes məsləhətçi, “Afandi Consultancy Azərbaycan” şirkətinin rəhbəri İlham Əfəndiyev “Effektiv Dijital PR” mövzusunda çıxışlar etdilər.
İkinci sessiyada (“Ölkə brendi və PR”) spikerlər Ceyda Aydede (PR Mütəxəssisi, IPRA-nın keçmiş prezidenti – Türkiyə) “Ölkənin marketinqi və PR-ı necə edilir?”, Vəli Əlibəyov (Avropa Ekspertlər Şurasının üzvü – Azərbaycan) “Ölkə brend ola bilərmi?”, Gülnurə Toraliyeva (Bishkek School of PR – Qırğızıstan) “PR-da strateji yanaşmalar və böhranəleyhinə kommunikasiyalar”, Asif Usubəliyev (Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru – Azərbaycan) “Türk mədəniyyətinin təbliği işində PR texnologiyaların imkanları” mövzularında danışdılar.
Üçüncü sessiyada (Türkdilli ölkələrdə PR-ın vəziyyəti: problemlər və perspektivlər) Kamran Əliyev (APRA-nın xarici əlaqələr koordinatoru – Azərbaycan) “Azərbaycanda ictimaiyyətlə əlaqələr: pərakəndə PR yoxsa kampaniya əsaslı PR?”, Tariel Cəlallı (Action Global Communications, Qazaxstan Ofisinin Rəhbəri) “Qazaxıstanda PR bazarı və trendlər”, Afət Yaqubova (Laboratoriya PR Agentliyinin direktoru – Azərbaycan) “Medianın pullu olduğu dövrdə PR PR-dırmı?”, Jaloliddin Usmanov (Beynəlxalq Press Klub, sədr müavini – Özbəkistan) “Özbəkistanda PR” mövzularında çıxış etdilər.
Çıxışlardan sonra iştirakçılar və spikerlər arasında interaktiv debatlar aparıldı.
Foruma qatılan “Yeni Müsavat” qəzetinin redaktoru, “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli PR-dakı çatışmazlıqlar, dövlət qurumları və şirkətlərin media, ictimaiyyətlə əlaqələrinin inkişafı, qarşılıqlı əməkdaşlıqlarla bağlı fikirlərini bölüşdü, spikerlərlə debat apardı.
Tədbirin sonunda mükafatlandırma mərasimi oldu. Daha sonra Forum iştirakçıları “Qala gecəsi”ində bir araya gəldilər./Musavat.com