Ağsudan olan çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola düşüblər
Ağsu rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi “Vətənin müdafiəsinə hazıram!” devizi altında keçirilib.
Aktor.Az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ağsu rayon icra hakimiyyətinin, ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, valideynlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Çağırışçılar Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin həyat yolu, siyasi və dövlətçilik irsini əhatə edən zəngin guşələr və sərgilərə baxıblar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, qalib əsgər kimi doğmalarının yanına qayıtmağı arzulayıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, polkovnik Niyaz Məmmədov son illər ölkəmizdə hərb quruculuğunda qazanılan uğurlardan, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, çağırışaqədərki hazırlığın keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Xidmətin Ağsu rayon şöbəsinin rəisi, polkovnik-leytenant Nizami Heybətov bu gün hərbi xidmətə yola salınan gənclərin ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlarına inamını ifadə edib.
Azərbaycan Gənclər Fondunun nümayəndəsi Ramil Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən söhbət açıb. Çağırışçıları həqiqi hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı, müharibə veteranları və valideynlər gənclərə Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər.
Çağırışçılar Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını deyərək, ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış edib. Ağsu şəhər məktəblilərinin ifasında kompozisiya təqdim olunub.
Sonra gənclər Azərbaycan bayrağının altından keçərək, onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.