Mehman azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək – Azay Quliyev
Mehman Hüseynovun azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək.Bunu Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, M.Hüseynova qarşı aparılan istintaqın Prezident İlham Əliyev tərəfindən nəzarətə götürülməsi Azərbaycan əleyhinə yaxından və uzaqdan idarə olunan bəzi oyunların və ssenarilərin qarşısını almış oldu:
“Yəqin ki, Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək”.
Qeyd edək ki, bundan əvvəl bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.
Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Baş prokurora tövsiyə edib.
Azərbaycan Prezidentinin tövsiyələrinə uyğun olaraq, Baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib. İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.
M.Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.