Hesablama Palatası Vergilər Nazirliyində nöqsanlar aşkarladı
Hesablama Palatası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində (Sumqayıt şəhəri, Abşeron, Xızı və Siyəzən rayonları daxil olan) 2017-ci il və 2018-ci ilin I rübü üzrə vergi qanunvericiliyinə riayət edilməsi və inzibatçılığın vəziyyətinə dair auditin nəticələrini açıqlayıb.
Hesablama Palatasından Aktor.Az-a verilən məlumata görə, Departamentin hesabatlarına əsasən vergi ödəyiciləri tərəfindən könüllü bəyan edilən vergi məbləğinin hesablanmalı olan ümumi vergi məbləğinin tərkibində xüsusi çəkisi 2017-ci il üzrə 43,4%, 2018-ci ilin I rübü üzrə 61,3% olub ki, bu da könüllü bəyanetmənin hələ də aşağı səviyyədə olmasının göstəricisidir.
Auditlə Departament üzrə proqnozun və yığımın tərkibində mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərinin payının artması, bəzi proqnozların real mənbələrə əsaslanmadan təsdiq edilməsi və dövlət büdcəsinə daxil olan vəsaitlərin real təyinatlar üzrə uçota alınmaması, potensial mövcud olan proqnozların isə ayrı-ayrı tədiyyə növləri və regionlar səviyyəsində kəsirlərlə yığılması, eyni zamanda proqnozların icrasına yerli mənbələrə aid edilməyən ödənişlərin də aid edilməsi halları aşkar olunub.
Proqnozların və yığım göstəcirilərinin fiziki şəxslərin gəlir vergisi, torpaq vergisi, əlavə dəyər vergisi, hüquqi şəxslərin mənfəət və əmlak vergiləri, eləcə də sadələşdirilmiş vergi üzrə real potensiala uyğun artırılması üçün vergi öhdəliklərinin müəyyənləşdirilməsinə mənfi təsir göstərən amillər əsasən vergi inzibatçılığındakı çatışmazlıqlarla əlaqədar olmuş, auditin gedişatında vergi orqanının elektron informasiya bazalarındakı məlumatlar üzrə əhəmiyyətli risk meyarları tətbiq olunmaqla vəziyyəti aktiv olan vergi ödəyicilərinin təxminən 20,0%-də vergi inzibatçılığı çərçivəsində vaxtında müvafiq tədbirlər görülməyən vergidən yayınma, vergi uçotunun pozulması, əsassız artıq ödəmə məbləğləri və ya faktiki mövcud olan əmlakların vaxtında vergi uçotuna alınmadığından borcların bağlanması üçün siyahıya alınmasının mümkün olmaması kimi müxtəlif məzmunlu uyğunsuzluqlar müəyyən edilib.
Audit tapıntıları qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərdən tam istifadə etməməklə hesablaşmaların nağdsız qaydada aparılması, aksizli malların istehsalı, vergi bəyannamələrinə əlavələrin tərtib edilməsi, eyni zamanda idxal-ixrac əməliyyatlarının və sahibkarlıq məqsədilə alınmış kreditlərin vergi uçotunda əks etdirilməsi üzərində də vergi inzibatçılığının zəif təşkil olunmasını göstərib.
Səyyar vergi yoxlamalarının, operativ vergi nəzarəti tədbirlərinin, o cümlədən xronometraj metodu ilə müşahidələrin rəsmiləşdirilməsi prosesində vergi ödəyicilərinin real gəlirlərinin müəyyənləşdirilməsinə mənfi təsir edən kənarlaşma hallarına yol verilməsi isə həmin yoxlamaların səmərəliliyinə əsaslı şübhələr yaradıb.