GündəmManşetXəbər xətti

Avropa Parlamentinin qərəz xronikası

“Mən hazırda ətrafa baxanda və bizim Avropa Birliyi cəmiyyətimizi amtisemitizm və islamafobiya kimi bəlaların sardığını görəndə düşünürəm: biz, Avropalılar olaraq xristian, müsəlman, yəhudi və zərdüştilərin harmoniya şəraitində yaşayan Azərbaycan vətəndaşlarını birləşdirən tolerantlıq və açıqlıqdan faydalana bilərik”. Səccad Kərim, Avropa Parlamentinin Güney Qafqazla əlaqələr üzrə nümayəndəliyinin rəhbəri.

Bu sitat normal düşünən, Azərbaycanı doğrudan tanıyan və burdakı prosesləri izləyən istənilən Avropa siyasətçisinin adına yazıla bilər. Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı Səccad Kərim bu fikirlərini 2018-ci ilin dekabrında qələmə aldığı bir yazıda təqdim edib.

Anlaşıldığı kimi, Avropada heç də hamı Azərbaycanı hər fürsətdə yerə vurmağa çalışmır. Sadəcə bizim onlarla işləməyimiz, nəyin nə olduğunu vaxtında izah etməyimiz lazımdır. Bununla belə, Avropa Parlamentinin ümumi siyasəti, xronologiyaya baxanda, bizim əleyhimizə təsadüfən yönəlmir. Ən azından onların gün kimi aydın olan məsələlərdə tutduğu mövqe bunu deməyə əsas verir.

İndi biz Ermənistanın Azərbaycana qarşı açıq təcavüzünün başlandığı 1988-ci ildən üzü bəri Avropa Parlamentinin qəbul etdiyi bəzi qətnamələrə baxınca nəyin nə olduğunu yaxşı anlaya biləcəyik.

Tarix – 7 iyul 1988. “Sovet Ermənistanındakı durumla bağlı qətnamə”dən:

Avropa Parlamenti,

A. Dağlıq Qarabağın Ermənistan Respublikasına birləşdirilməsi tələbilə bu yaxınlarda keçirilmiş kütləvi nümayişləri nəzərə alaraq;

B. Dağlıq Qarabağın Ermənistanın bir parçası olmasıyla bağlı tarixi statusunu və 1923-cü ildə bu ərazinin zorla Azərbaycana birləşdirilməsini, həmçinin ermənilərin 1988-ci ilin fevralında Azərbaycanın Sumqayıt şəhərində kütləvi öldürülməsini nəzərə alaraq;

C. …Azərbaycanda yaşayan ermənilərin həyatına təhlükə olduğunu qeyd edərək,

1. Azərbaycanda erməni nümayişçilərə qarşı tətbiq edilən zorakılığı qınayır;

2. Erməni azlığın Ermənistan Sosialist Respublikasıyla birləşmə tələbini dəstəkləyir;

3. SSRİ Ali Sovetini Moskvadakı Ermənistan nümayəndələrinin Dağlıq Qarabağın müvəqqəti olaraq Moskvadakı mərkəzi hökumət tərəfindən idarə edilməsi, Rusiya Federasiyasına birləşdirilməsi və ya “prezidentin regional idarəetməsi”nə verilməsi təklifini nəzərə almağa çağırır.

Göründüyü kimi, Avropa Parlamenti məsələnin mahiyyətini bir kənara qoyaraq açıq şəkildə Dağlıq Qarabağdakı erməni bölücülüyünə dəstək verir, Ermənistanda Azərbaycanlıların başına gətirilənlər haqqında bir kəlməyə belə yer vermir.

Tarix – 19 yanvar 1989. “Sovet Ermənistanında repressiya ilə bağlı qətnamə”dən:

Avropa Parlamenti,

B. Sovet hakimiyyətinin Qarabağ Komitəsinin bütün liderlərini həbs etdiyini nəzərə alaraq;

C. Bu Komitənin Stalin tərəfindən Azərbaycana verilmiş muxtar bölgə olan Dağlıq Qarabağın yenidən Sovet Ermənistanına birləşdirilmə tələbini nəzərə alaraq,

3. Ümid edir ki, Qarabağ Komitəsi öz fəaliyyətini azad şəkildə davam etdirmək imkanına malik olacaq və Sovet hökumətini bu qurumun tam hüquqlu vasitəçiliyini tanımağa çağırır;

Bölücülərə və bölücülüyə açıq dəstəyin daha bir örnəyidir bu. Bunu da Avropa Parlamenti edib zamanında.

Tarix – 18 yanvar 1990. “Ermənistandakı durumla bağlı qətnamə”dən:

Avropa Parlamenti,

A. Bakıda Azərbaycanlılar tərəfindən ermənilərə qarşı fəaliyyətlərin artmasını nəzərə alaraq;..

C. Dağlıq Qarabağın Azərbaycan tərəfindən sərt şəkildə blokadaya alınmasını qeyd edərək;

F. Münaqişənin Lenin tərəfindən Güney Qafqazda ərazinin bölüşdürülməsinin və özəlliklə də əsasən xristian ermənilər tərəfindən məskunlaşmış Dağlıq Qarabağ Muxtar Vilayətinin 1923-cü ildə müsəlman Azərbaycan respublikasına zorla birləşdirilməsinin nəticəsi olduğunu nəzərə alaraq;

I. Bəzi mənbələrə görə, İrandan Azərbaycanlılara silah yardımı edilməsindən narahatlıq ifadə edərək,

1. Avropa Birliyinin Komissiya və Şurasını Sovet hakimiyyətini aşağıdakıları təmin etməyə çağıran təqdimatla çıxış etməyə çağırır:

– Ermənistan və Dağlıq Qarabağın blokadasını tam olaraq aradan qaldırmaq üçün göstəriş versinlər;

– Azərbaycanda yaşayan ermənilərin gerçək təhlükəsizliyini təmin etmək üçün qüvvə göndərsinlər;

– Ermənistanla Dağlıq Qarabağ arasında gediş-gəlişi, mal mübadiləsi və insanların təhlükəsizliyini təmin etsinlər.

2. Avropa Komissiyasını Ermənistan və Dağlıq Qarabağa əsas tələbatlara uyğun təcili yardım göndərməyə çağırırıq…

Diqqət çəkən bir gündə diqqət çəkən bir qətnamə. Məhz bu qətnamədən 2 gün belə keçmədən – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakını xəbərdarlıqsız işğal etdi, insanlarımızı kütləvi şəkildə qətlə yetirdi. Bəhanə kimi ermənilərin və digər xristianların qorunma istəyi elan edildi. Amma bu bəhanə də əvvəlcədən deyil, qırğın törədildikdən sonra elan edildi…

Tarix – 15 mart 1990. “Ermənistandakı durumla bağlı qətnamə”dən:

Avropa Parlamenti,

D. Əhalisinin 75 faizindən çoxunu ermənilərin təşkil etdiyi, əksəriyyətin iradəsinə zidd olaraq Azərbaycan tərəfindən idarə olunan Dağlıq Qarabağda insan haqlarının durumundan və Azərbaycanda davam edən zorakılıqlardan narahat olaraq;

1. …Sovet hökumətini Dağlıq Qarabağ və Azərbaycanın hər yerində ermənilər üçün dinc həll yolları axtarmağa çağırır…

3. Ermənilərin durumu haqqında Avropa Parlamenti və Avropa əhalisinə məlumat hazırlamaq üçün Ermənistana və Azərbaycana kiçik nümayəndə heyəti göndərməyi qərara alır.

Bu qətnamə artıq 20 yanvar 1990-cı il tarixinin ardından qəbul edilib. Avropa Parlamenti açıq şəkildə əvvəl birtərəfli qərar verir, ardınca da durumu öyrənmək üçün bölgəyə nümayəndə heyətinin göndərilməsini vacib elan edir…

Tarix – 14 mart 1991. “Ermənistanın blokadası və orada insan haqlarının durumuyla bağlı qətnamə”də iddia edilir ki, “zəlzələ və Azərbaycandakı kütləvi qırğınlar nəticəsində 500 mindən artıq erməni mənfi 25 dərəcədə soyuqdan əziyyət çəkir” və SSRİ prezidenti Qorbaçov “Ermənistanın və Dağlıq Qarabağın blokadasının aradan qaldırılması”, həmçinin “Dağlıq Qarabağ və digər erməni anklavlarında milli qrupların fəaliyyətinin təmin edilməsi” üçün tədbirlər görməlidir.

Bu qətnamə də bütünlüklə erməni mövqeyindən qəbul edilib. Azərbaycanın haqlı mövqeyilə bağlı bir kəlmə belə yoxdur sənəddə.

Tarix – 16 may 1991. “Etmənistan və Azərbaycandakı durumla bağlı qətnamə”də deyilir ki, Sovet hakimiyyəti “Azərbaycanlıların ermənilərə qarşı zorakılıqlarını dayandırmalı, Dağlıq Qarabağ ermənilərinin evlərinə qayıda bilməsini təmin etməlidir”.

Tarix – 13 fevral 1992. “Dağlıq Qarabağa yardımla bağlı qətnamə”. Avropa Parlamenti qərara alır ki, Azərbaycanın hücumlarından əziyyət çəkən Dağlıq Qarabağ ermənilərinə konkret yardım göstərilsin və durumu dəyərləndirmək üçün bölgəyə nümayəndə heyəti göndərilsin.

Burada isə artıq Dağlıq Qarabağa Azərbaycanın mövqeyi nəzərə alınmadan nümayəndə heyətinin göndərilməsi qərara alınır…

Tarix – 21 yanvar 1993. “Ermənistanla bağlı qətnamə”dən: “Azərbaycan tərəfindən tətbiq edilən amansız blokada beynəlxalq hüququn pozulmasıdır və Azərbaycan hökumətindən onun ləğvini israrla tələb edirik”.

Bunu da şərh edə bilərdik. Amma etmirik. Sadəcə Avropa Parlamentinin qətnamələrini beləcə sıraladıq ki, o qurumu müqəddəs sananlar bir balaca düşünsünlər. Düşünsünlər ki, niyə Avropa Parlamenti hər xırda məsələdə, hətta çox zaman da dəxli olmadan Azərbaycanın üzərinə gəlir? Bu sualın cavabı qətnamələrdən elə burada təqdim etdiyimiz çıxarışlarda açıq şəkildə gözə dəyir. Sadəcə diqqətlə oxumaq yetərlidir…

Sözardı: Avropa Parlamentinin 26 fevral 1992-ci il Xocalı soyqırımı, 20 Yanvar 1990 işğalı, 31 mart 1918-ci il soyqırımıyla bağlı qətnamələrini də əldə etməyə çalışıram. Hələlik tapa bilmirəm. Bəlkə də heç olmayıb. Hər halda araşdırıb gün üzünə çıxaracağıq bunu da. Bilgisi olanlardan xahiş edirəm ki, yardımlarını əsirgəməsinlər.

 

Azər Həsrət, əməkdar jurnalist