Xəbər xətti

20 Yanvar faciəsi qurbanlarının xatirəsi AzMİU-da anılıb

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı korpusunda  torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş universitetin tələbə, məzun və əməkdaşlarının xatirəsinə həsr olunmuş memorial xatirə kompleksi – “Şəhidlərin xatirə guşəsi”nin önündə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş mitinq keçirilib. Rektorluğun, professor-müəllim heyətinin, tələbələrin qatıldığı tədbirdə 20 Yanvar faciəsində həyatlarını itirmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  

Aktor.Az xəbər verir ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənləri yada salıb, Sovet Ordusunun paytaxtda, eyni zamanda bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb. Rektor qeyd edib ki, sovet ordusunun hərbi birləşmələri keçmiş sovetlər birliyinin rəhbəri Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə, o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz olaraq ayağa qalxmış xalqa divan tutdu, böyük itkilər verdik, günahsız insanlarımız şəhid oldu. O vurğulayıb ki, həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

Gülçöhrə Məmmədova 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini xatırladıb, xalqımızın tarixində baş vermiş bütün faciələrin, eyni zamanda 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb, tələbələrə bu işdə fəal olmağı tövsiyə edib.

Rektorun çıxışından sonra İctimai fənlər kafedrasının  müəllimi Gülarə Abbasova bildirib ki, Azərbaycanın öz suverenliyi uğrunda ilk şəhidlərini verdiyi Qanlı Yanvar faciəsindən 29 il ötür. “1990-cı ilin Qanlı Yanvarı tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Hər il yanvar ayının 20-si ölkəmizdə Ümumxalq Hüzn günü kimi qeyd edilir. 29 il ötməsinə baxmayaraq, biz hər il böyük ehtiram və hüznlə şəhidlərimizin xatirəsini yad edirik.

Tədbirdə iştirak edən tələbələrdən Nəqliyyat fakültəsinin 1-ci kurs tələbəsi Məhbubə Nağızadə, MİT fakültəsinin 3-cü kurs tələbəsi Əmrah İsmayılov yaxın keçmişimizin qanlı səhifəsi olan 20 Yanvar faciəsi barədə fikirlərini paylaşıblar, bildiriblər ki, Azərbaycan tarixinin ən şərəfli və həm də ən faciəli anlarından olan 20 yanvar milli azadlıq hərəkatının başlanğıcı, müstəqilliyə doğru irəliləyişimizin əsası olub. Onlar  ölkəmizin müstəqilliyi, azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsini unutmayacaqlarına söz veriblər.

Mitinqdən sonra tədbir iştirakçıları “Şəhidlərin xatirə guşəsi”nin önünə tər qərənfil dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla anıblar.

  • 20 Yanvar faciəsi qurbanlarının xatirəsi  AzMİU-da anılıb
  • 20 Yanvar faciəsi qurbanlarının xatirəsi  AzMİU-da anılıb
  • 20 Yanvar faciəsi qurbanlarının xatirəsi  AzMİU-da anılıb