İrəvan Dram Teatrının açılışı anşlaqla keçdi
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 136-cı mövsüm açılışı anşlaqla keçib. Belə ki, 600 nəfər tamaşaçı yer olmadığından geri qayıtmaq məcburiyyətində qalıb.
Teatrın mətbuat katibi Teymur Bayramov Aktor.Az-a məlumat verib ki, açılış mərasimində ölkənin tanınmış mədəniyyət və sənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər.
Tədbiri açıq elan edən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev ötən mövsümdə qazanılan uğurlar, qarşıdakı hədəflər və yeni tamaşalar haqqında danışıb. Sonra söz teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyevə verilib. O da öz çıxışında teatr sevərləri salamlayaraq, kollektivə yaradıcılıq uğurları arzu edib.
Daha sonra əfqan yazıçısı Xalid Hüseyninin dünyaca məşhur romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dramı tamaşaçılara təqdim olunub. Açılış mərasimi və tamaşa izləyicilər tərəfindən böyük rəğbət, sevgi, alqışlarla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluçşu rəssamı Məhsəti Eldarova, bəstəkarı isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.
Rolları Əməkdar artist Vaqif Kərimov, Əməkdar artist Rəşid Səməndər, aktyorlar Nigar Həsənzadə, Səmayə Nəbiyeva, Şəbnəm Cəbrayılova, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Natiq Həziyev, Ceyhun Əliyev, Sevinc Hüseynova və başqaları ifa ediblər.
Əsərdə hadisələr Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdankənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla.
Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir – rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər.
Tamaşa “YARAT” Müasir İncəsənət Mərkəzinin səhnəsində təqdim olunub.